USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident nazirləri topladı: `Düşmənə layiqli cavab verilib`

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Prezident İlham Əliyev şəhidlərimizin yaxınlarına səbir, yaralananlara şəfa diləyib.

Dövlət başçısı dedi ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib. “Bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır”, - deyən Prezident İlham Əliyev danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atdığını bildirdi. 

Azərbaycan Prezidenti dedi ki, 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı, nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatdı.

Dövlətimizin başçısı vurğuladı ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. “Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir.

Ölkədəki inkişaf dinamikasının daha da sürətləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev birinci rübdə ümumi daxili məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artımın proqnozlaşdırıldığını bildirdi, bütün maliyyə-iqtisadi sektorun mütərəqqi prinsiplər əsasında inkişaf etməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı dedi ki, birinci rübdə 37 min yeni iş yeri yaradılıb və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq.

Azərbaycan Prezidenti regional inkişaf proqramının icrası, investisiyaların qoyulması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını bildirdi.

Bu ayın sonunda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, Azərbaycanın multikulturalizm və sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynadığını deyən Prezident İlham Əliyev ölkəmizdəki müsbət dinamikanın qarşıdakı dövrdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Sonra energetika naziri Natiq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilin birinci rübündə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.

Prezident İlham Əliyev yekun nitqində ordu quruculuğuna daha böyük diqqətin göstərilməsinin vacibliyini bildirdi, buna nail olmaq üçün iqtisadiyyatın sürətlə inkişaf etməsinin əhəmiyyətinə toxundu. “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”, - deyən dövlətimizin başçısı bildirdi ki, ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğuladı, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırdı.

Dövlətimizin başçısı bildirdi ki, bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçirilməsi, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!