USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universitetinin müəllim və tələbələri cəbhə bölgəsinə səfər ediblər - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə ADA Universitetinin bir qrup müəllim və tələbəsi cəbhə bölgəsinə səfər edib.

ASAN Radio xəbər verir ki, əcnəbi müəllim və tələbələrin də yer aldığı qrup əvvəlcə 1993-cü ildə bir neçə ay işğal altına düşmüş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinə gələrək ermənilərin törətdikləri vəhşiliklərin şahidi olublar. BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib ki, doğulub boya-başa çatdığı Aşağı Əbdürrəhmanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin yanvarında Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə kəndin ərazisinin böyük hissəsi işğaldan azad olunub.

İşğalda qaldığı bir neçə ay ərzində erməni vandalları tərəfindən kənddəki bütün evlər talan edilərək yandırılıb. Hətta kəndin qəbiristanlığındakı qəbirlər də dağıdılıb, məzar daşları güllələnib. Qəbiristanlıqdakı bütün məzar daşlarında güllə izləri var. Erməni silahlıları tərəfindən kənddə törədilən vəhşiliklər təkcə bizim deyil, hər kəsin faciəsidir”, – deyə U.Rəhimoğlu bildirib.

Münaqişə ilə bağlı həqiqətlərin təbliğində belə səfərlərin böyük əhəmiyyəti olduğunu deyən BAMF sədri sentyabr ayından başlayaraq ADA Universitetinin müəllim və tələbələrinin regiona səfərlərinin davam etdiriləcəyini deyib.

ADA Universitetinin müəllimi Peter Tuner təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumatım var. Hər hansı münaqişə haqqında fikir yürüdərkən, oxumaqla görmək arasında çox böyük fərq var. Bütün bu dağıntılar, qəbiristanlığa qarşı olan təhqirlər qəbuledilməzdir. Bu, insanların hisslərinə toxunur. Məni heyrətləndirən o oldu ki, burada hər kəs, hətta talana məruz qalmış yerli sakinlər də sülhdən danışır. Bu qədər dağıntılara baxmayaraq, yerli sakinlər sülh istəyir”.

Burada gördüklərim məni çox kədərləndirdi. Məzar daşlarını dağıtmaq, atəşə tutmaq vəhşiliyin ən son həddidir. Səfərin təşkilatçılarına minnətdarlığımı bildirirəm ki, bizə bu şəraiti yaratdılar, erməni vəhşiliyini gəlib gözlərimizlə gördük”, - deyə universitetin ikinci kurs tələbəsi Şəbnəm Həsənova vurğulayıb.

ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva bildirib: “Təhsil ocağında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar tələbələrə çatdırılır. Ancaq yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Buradakı dağıntıları görən xarici müəllim və tələbələr çox heyrətləndilər. Çünki dağıntıları, müharibə nəticəsində darmadağın olan insan həyatlarını görən şəxs buna laqeyd qala bilməz. Bu dağıntılar onu göstərir ki, ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlıların izlərini silmək istəyirlər. Ancaq bizim burada olmağımız onu bildirir ki, Azərbaycan işğal altında olan bütün torpaqları geri qaytaracaq”.

Sonra universitetin müəllim və tələbələri Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər. Nümayəndə heyətinə işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, həmçinin kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Məlumat verilib ki, ilkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Bir neçə gün əvvəl Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndinə gələrək, görülən işlərlə tanış olub, sakinlərlə görüşüb. Yaxın günlərdə kənd sakinlərinin 24 ildən sonra doğma yurdlarına qayıdışı başlanacaq.

Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanış olan müəllim və tələbələr 1994-cü ildən burada yaşayan Oqtay Həziyevin evinə baş çəkiblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə jurnalistlərə bildirib ki, səfərin məqsədi tələbələri və xarici müəllimləri münaqişə, onun fəsadları ilə tanış etməkdir: “Onlar dağıntıları, eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlıda tikilən evləri gördülər. Bu, Azərbaycanın dünyaya bir mesajıdır ki, biz Qarabağı bərpa olunmuş vəziyyətdə, yeni həyatda görürük. Biz istəmirik ki, müharibə olsun, bura dağıntılar altında qalsın. Bizim siyasətimiz budur. Biz gələcəyi sülh içində, birgə yaşayışla, o cümlədən yeni evlərlə, məktəblərlə birgə görürük”.

Universitetin müəllim və tələbələri Tərtər şəhərində ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzi ilə də tanış olublar.

BAMF-ın sədri Umud Rəhimoğlu qurumun müharibədən zərər çəkən və işğaldan azad olunan regionlarda həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərərçəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməklə, yeni iş yerləri ilə təmin etməkdir. Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, kənd təsərrüfatı, sahibkarlıq, çörəkbişirmə və sair peşələrə yiyələnir, kompüter, xarici dil biliklərini artırırlar.

Sonra ADA Universitetinin müəllim və tələbələri Tərtər rayonunun Şıxarx qəsəbəsinə gəliblər. Məlumat verilib ki, 1992-cü ildə işğaldan azad edilən bu kənddə də bütün evlər Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində olduğu kimi dağıdılıb. Hazırda kənddə məcburi köçkün ailələri məskunlaşıb. Ötən ilin aprel döyüşləri zamanı Ermənistan silahlı birləşmələrinin artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məskunlaşan məcburi köçkün ailələrinin evlərinə, həmçinin ərazidəki elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu kəndlərdə dağılan evlər yenidən tikilib.

Şıxarx qəsəbəsində olarkən nümayəndə heyəti böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. BAMF sədri Umud Rəhimoğlu bildirib ki, bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.

Nümayəndə heyətinə erməni işğalçılarının həyata keçirdikləri ekoloji terror barədə də məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov bildirib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər. Nəticədə 31 min 500 hektar əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

Nümayəndə heyəti daha sonra təmas xəttində yerləşən Həsənqaya kəndinə gələrək burada məskunlaşan məcburi köçkün ailələri, o cümlədən Ermənistan artilleriyasının top atəşi nəticəsində həlak olan Kəlbəcər rayonundan olan məcburi köçkün 16 yaşlı Turanə Həsənlinin ailəsi ilə görüşüb, məişət şəraiti ilə tanış olublar.

Səfər zamanı ADA Universiteti və BAMF-ın birgə əməkdaşlığı ilə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Şıxarx, Həsənqaya kəndlərində sosial layihələrin həyata keçirilməsi qərara alınıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!