USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti avqustun 1-də uçot dərəcəsinin 15 faiz səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10 faiz, yuxarı həddi 18 faiz) dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Mərkəzi Bankdan ASAN Radioya bildiriblər ki, makroiqtisadi sabitliyin dərinləşdiyi bir şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirib və iqtisadiyyata pul təklifini artırıb. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də, inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınıb:

İqtisadi aktivlik. Real sektor və iqtisadi aktivlik göstəricilərinin dinamikası bərpa meyillərinin davam etdiyini nümayiş etdirir. Dövlət tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında qeyri-neft sektorunda 1.7 faiz-lik iqtisadi artım qeydə alınıb. İqtisadi artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari sektorda 3.7 faiz, o cümlədən qeyri-neft sənayesində 5.4 faiz, kənd təsərrüfatında 2.2 faiz təşkil edib. Mərkəzi Bank tərəfindən iyun ayında aparılan real sektorun monitorinqinin nəticələrinə görə, emal sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir. Eyni zamanda, ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı inamının son rübdə artdığını göstərir.

Xarici balans və məzənnə. Birinci yarımillikdə neftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edir. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5 faiz, o cümlədən qeyri-neft ixracı 27.9 faiz artıb, idxal isə 15.7 faiz azalıb. Xarici ticarət balansının profisiti 1.9 milyard ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları artıb.

Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyili yaradır.

Monetar şərait. Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6 faizdən çox artıb. Bu ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.

Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilib.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin I yarısında orta illik inflyasiya 13.9 faiz təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18.1 faiz, qeyri-ərzaq qiymətləri 12.4 faiz, xidmətlər isə 9.4 faiz dəyişib.

Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.

2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir.

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə sentyabrın 18-də müzakirə ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!