26/09/2017 07:29

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0209 0.0292 0.4853


Gündəm

“Uşaqlar orbitdən çıxandan sonra onları yığıb, toparlamaq olmur” – Rövnəq Abdullayev


05.09.2017   09:07


AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan – San Marino matçından sonra jurnalistlərə müsahibə verib. ASAN Radio Federasiya rəsmisinin müsahibəsini apasport.az saytına istinadən təqdim edir.

- Oyun haqqında fikirlərinizi bölüşün zəhmət olmasa...

- Normal oyun oldu. Uşaqlar yaxşı hazırlaşmışdılar və yaxşı da nəticə qazandılar. Norveçlə oyundan sonra azarkeşləri sevindirə bildilər.

- 5 qol sizin üçün gözlənilməz olmadı?

- Norveçə məğlubiyyətdən sonra demişdim ki, San Marinoya üç qoldan az vursanız, ölkəyə gəlməyin (gülür). 5 qol məncə ilk idi millinin tarixində, 10 xal da yenilikdi. Düzdü, şansı əldən verdik, ancaq ən azından qrup sonuncusu olmayacağıq.

- Qazonun bərbad vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Bərbad deyildi. Yaydı, istidə adam da yanır. Bir az sərinlik olsun, düzələcək.

- Artıq qrup oyunları sona yaxınlaşır. Millinin çıxışı ürəyinizcə oldumu?

- Hamı istəyir ki, qabağa getsin. “Qarabağ” ÇL-də qrupa düşdü, hamımız sevindik. Biz də çalışırıq ki, həm milliyə, həm də klublara uğurlar qazanması üçün köməklik göstərək.

- Buraxılan bir qol ən böyükhesablı qələbəyə mane oldu. Buna üzülmədiz?

- Gəlin, yerə enək, ayağımızı yerə qoyaq.

- Cüdo millisi haqqında nə düşünürsüz?

- Məncə, uğurlu çıxış etdilər. Medal sayına görə üçüncü sırada olduq. Bəzi şübhəli məqamlar da oldu. Nəticəni yaxşı saymaq olar. Nəzərə alsaq ki, keçən mundial medal qazanmamışdıq, budəfəkini əla saymaq olar.

- Bu komanda həm gənc, həm də yerli idmançılardan təşkil olunub. Elxanı çıxmaq şərti ilə hamısı növbəti olimpiadada medala əsas ümidlərdən olacaqlar...

- Elxan əla mübarizə apardı. Bizim tariximizdi o. Hətta az qaldı bu dünya çempionatında da medal alsın, son anda alınmadı.

- Olimpiadada medala ümid var?

- Ümid olmasa, gərək ümumiyyətlə işləməyək.

- Qayıdaq futbola. 10 xal millinin tarixində rekord göstəricidir...

- Gəlin, bu rekord söhbətini yığışdıraq. Uşaqlar orbitdən çıxandan sonra onları yığıb, toparlamaq olmur. Qarşıda hələ Çexiya ilə oyun var. Gərək o oyundan nəticə alsınlar. Çox arxayın idik ki, Norveçdən xal ala bilərik, alınmadı. Gəlin, gözləyək, tsikl bitsin, sonra təhlil edərik. Qarşıda hələ AÇ-2020 durur, ona hazırlaşmalıyıq. Çalışırıq ki, öz ölkəmizdə biz də oynayaq.










ASAN Radio telefonunuzda
Facebook