USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Turizm Şurasının növbəti iclası keçirilib - Fotolar

Oktyabrın 11-də Azərbaycan Respublikası Turizm Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

ASAN Radio xəbər verir ki, nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışdı. 

Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurumun qarşısında qoyulan məsələlərdən söz açan nazir bildirdi ki, Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir. 

Qeyd olundu ki, Şura fəaliyyəti ərzində keçirilən iclaslarda 80-ə yaxın müxtəlif qərarlar qəbul olunub. Bu qərarlardan 49-u tam olaraq icra olunub, 22-sinin icrası davam edir. Doqquz qərar icrası isə müxtəlif səbəblərdən hələ başlamayıb. 

Əbülfəs Qarayev hava nəqliyyatının liberallaşdırılması, aşağı büdcəli reyslərin açılması istiqamətində işlərin həyata keçirildiyini vurğuladı. Bildirildi ki, yay turizmi mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Eyni zamanda Yaponiya və Cənubi Koreyadan ölkəmizə müntəzəm uçuşların təşkil olunması istiqamətində işlər həyata keçirilir. bu il ölkəmizin aşağı büdcəli aviaşirkəti olan “Buta Airways” fəaliyyətə başladı. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək.

Nazir vurğuladı ki, Şuranın ötən dövrdəki fəaliyyəti artıq öz bəhrəsini verməkdədir: “Məlum olduğu kimi, bu il aprelin 10-dan mayın 10-dək ölkəmizdə ilk dəfə Ticarət festivalı keçirildi. Festival öz uğurları ilə yadda qaldı. İkinci festival isə bu günlərdə - oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək. Budəfəki festival birincidən iştirakçı şirkətlərin və əhatə olunan məhsulların çeşidinin çoxluğu ilə fərqlənəcək. Bu dəfə də festivalda paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bir ay müddətində müxtəlif satış-yarmarkaları və müxtəlif şou-proqramlar təşkil ediləcək.

Milli Turizm Təbliğat Bürosunun işindən danışan nazir bildirdi ki, qısa zamanda yaradılmasına baxmayaraq, Büro uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb.

Əbülfəs Qarayev yay turizm mövsümünün nəticələri haqqında da geniş məlumat verdi. Bildirdi ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb: “Bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə elektron kart vasitəsilə 1 milyard 300 milyon manat vəsait xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir.

Nazir ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub: “Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.

Qeyd olundu ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir: “Sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Regional Komissiyasının iclası keçirildi. İclasda Avropa regionundan Azərbaycan, Rumıniya, Rusiya, Yunanıstan və Litva 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçildi. Azərbaycanın növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və şurada səmərəli fəaliyyətinin təsdiqidir”.

İclasda daha sonra Şura üzvlərinin turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirləri səsləndi. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!