USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
7 yaşlı Zəhranın gəzmək və məktəbli olmaq arzusu – HƏYAT DRAMI

ASAN Radio jurnalist Ülkər Qasımovanın "Həyat dramı" layihəsini təqdim edir.

APA.TV-nin "Həyat dramı" layihəsinin bu dəfəki qəhrəmanı 7 yaşlı Zəhradır. Zəhra 2010-cu il fevralın 11-də anadan olub. Ailənin yeganə övladıdır. Valideynləri Cəvahir xanımla Fazil bəy illərlə övlad həsrətində olublar. Zəhra ailə qurulduqdan 8 il sonra dünyaya gəlib. Fazil bəy günəmuzd fəhlə işləyir, Cəvahir isə evdar xanımdır. Vaxtından tez - 7 aylıq və ayaq gəlişi ilə doğulub Zəhra. Valideynləri deyirlər ki, həkimlərin etinasızlığı üzündəndir bu gün Zəhranın yaşıdlarından fərqliliyi. Zəhra Maştağa qəsəbəsində yerləşən 7 saylı doğum evində dünyaya gəlib və elə orada da valideynlərə onun sağ qalma ehtimalının olmadığı bildirilib. Atası deyir ki, övladını oradan OMD-yə aparıb: “Ay yarım orda yatdı uşaq. Sonra çıxdıq, şəhərdə bir xəstəxanada iki il yarım bir qadın həkim müalicə elədi onu və gördüm ki, düzgün müalicə etmir. Sonra Talıb həkimi tapdım. Daha sonra “Modern” klinikasında Əfqan həkimə üz tutduq. Əfqan həkim də bir dəfə orda əməliyyat elədi, 2000 manat xərcim çıxdı. İndi də 1500-ə kimi çıxır xərcimiz hər dəfə, aparıb-gətirmək və sairəyə”.

Əməliyyat ərəfəsində Fazil bəy, 4000-ə yaxın borc yığıb üstünə və hazırda o borcu verməyə imkanı yoxdur.

Cəvahir xanım deyir ki, Zəhra hələ onun bətnində olarkən, çoxlu stress keçirib: “7 aylıq hamilə olanda qardaşım qızı 20 yaşında dəm qazından boğuldu. 1 aydan sonra isə qardaşımın özünün meyiti gəldi Moskvadan. 40 mərasimini də yola verib evə gəldim. Dayanmadan yır-yığış elədim evdə. Bir də gördüm ağrıdan dayana bilmirəm. Həkimə zəng elədim, dedi bu doğuşdur. Gəldim xəstəxanaya, Zəhra doğuldu. Çətin oldu doğuş prosesi. Sən demə ayağı ombadan çıxıbmış. Səhəri dedilər OMD-yə getməlisən. Getdim, əlimizdə nə var idi orda xərcləndi”.

Zəhraya həm də nevroloji problemli uşaq diaqnozu qoyulub. Valideynləri hər cür çalışırlar ki, onu sağaltsınlar. Amma atası deyir ki, Zəhra uzun müddət səhv müalicə alıb. Bütün bunların nəticəsi olaraq uşaq hazırda əziyyət çəkir. Zəhranın əsas problemi ikitərəfli omba çıxığıdır. Bu problemə görə, Zəhra sağ tərəfindən iki dəfə əməliyyat olunub.

Eyni zamanda, Zəhra kəllədaxili təzyiqdən müalicə alıb. Cəvahir xanımın dediyinə görə, Zəhra göbəyində yırtıqdan da əziyyət çəkib, amma bu problem aradan qalxıb: “Heç kim də bizə demədi ki, bu uşağın ombası çıxıb. Gəldik 4 yaşında uşaq gəzmir. Qaynanam götürdü Zəhranı, dedi bir Səidə doktor var, o baxsın. 250-300 manat alırdı bizdən hər kursda. Bir ildən çox uşaq orda müalicə aldı. O da bir təsir eləmədi. O boyda uşağı yenə də aldım qucağıma ora-bura apardım”.

Zəhraya müxtəlif vaxtlarda ayağındakı problemlə bağlı müəyyən diaqnozlar qoyulub. Cəvahir xanım danışır ki, bir nəfər həkim hətta uşağın ayağının qıc olduğunu və ailənin bu problemi aradan qaldırmaqda gecikdiyini deyib. Zəhranın bir ayağını əməliyyat edən Əfqan doktor, ikinci əməliyyatdan sonra qızın normal gəzə biləcəyinə zəmanət verib. Amma ailə artıq son imkanını ilk iki əməliyyatda və uzun sürən müalicələrdə xərclədiyi üçün növbəti əməliyyata vəsait tapa bilmir. Fazil bəy deyir ki, həkim ailəyə Zəhranın sol ayağında da eyni əməliyyatın tez bir zamanda aparılmasının zəruri olduğunu bildirib: “Açığı mənim ona da gücüm yoxdur. İki əməliyyat, mütəmadi müalicədən sonra əlimdə-ovcumda heç nə qalmadı. Tez - tez rentgen edilməsi, həkim müayinəsi, ərzaq da xeyli pul aparır.  Hər gün bir banan, bir kivi, bir alma, bir armud yeməlidir Zəhra. Həftəyə bir blok pampers alıram. Günə 17-18 manat tək bu tutur”.

İkinci əməliyyat üçün xəstəxana ailədən 5000 manat istəyir. Zəhranın atası bildirir ki, əgər xəstəxana xərcləri üçün köməklik olunsa, digər məsələləri özü işləyərək həll edəcək.

Fazil bəy və xanımı təhsilsiz olduqları üçün Zəhranın təhsilli olmasını arzu edirlər. Ata deyir ki, nə olur-olsun Zəhranı ayağa qaldıracaq və cəmiyyət üçün təhsilli övlad yetişdirəcək. Onlar ikinci övlad arzusunda deyillər, yalnız Zəhraya uğurlu gələcək bəxş etmək üçün çarpışırlar. Amma Fazil bəy təəssüflə qeyd edir ki, Zəhranın təhsilinin evdə aparılması üçün də onlardan pul alıblar. Halbuki, hər bir xəstə uşağın evdə təhsil alması üçün dövlət tərəfindən təminat verilir. Zəhra 4 il evdə təhsil alacaq. 4 ildən sonra sərbəst gəzməyi bacarsa, yaşıdları kimi məktəbə gedəcək.

Zəhra, çox kiçik yaşlarından xəstəxana otaqlarının daimi sakininə çevrilib. Həyatının şirin anlarında narkoz qəbul edib, üzərində ağır cərrahiyyə əməliyyatları aparılıb. Aylarla ayaqları gipsdə qalıb. İndi valideynlərinə hər gün məktəbə getmək istədiyini deyir: “Əvvəl gəzə bilmirdi, sonra şükür gəzdi. Bir – iki addım atırdı, üzü üstə yıxılırdı. Hər dəfə də deyirdi ki, ana, axı mən də gəzmək istəyirəm. Axı o da yaşıdları kimi olmaq istəyir, çox şey istəmir ki, mənim balam. Zəhra tam sağalsa, elə bilərəm heç dərdim yoxdur. Bircə Zəhra yağa qalxsın, görüm ki, çiynində çanta məktəbə gedir, daha heç nə istəmirəm. Bircə balamı ayaqda görüm”.

Zəhranın yaşıdları kimi çiynində çanta məktəbə getməsi, gələcək arzularını gerçəkləşdirməsi üçün 5000 manata ehtiyac var. Zəhra müəllim olmağı arzusundadır. Amma anası Cəvahir xanım deyir ki, əvvəllər həkim olmaq istəyirmiş. Görünür xəstəxana otaqları, əməliyyatlar və uzun sürən müalicə Zəhranı bu arzudan daşındırıb. Zəhra hər dəfə həkimləri görəndə ağlayır, əməliyyat olunmaq istəmədiyini deyir. Qızcığaz onu televizorda göstərməyimizi istəmədi. Dedi istəmirəm mənim gəzə bilməməyimi hamı görsün. Biz isə, bu balaca balaya verdiyimiz sözün üstündə dura bilmədik, anasının razılığı ilə onu efirdə göstərmək qərarına gəldik bəlkə yardım edən oldu.

Ana hesab edir ki, Zəhranın bu vəziyyətə düşməsinin təqsirkarı onun dünyaya göz açdığı doğum evindəki tibb işçiləridir. Əgər uşaq doğulanda zəruri yoxlanışlar olsaydı, Zəhra bu gün sağlam gəzə bilərdi. Həkimlər Zəhranın ikinci ayağının əməliyyatı üçün dekabr ayına qədər vaxt qoyublar. Vaxt daralır. Maddi vəziyyətin acınacaqlı olması, ailəni efir vasitəsilə imkanlı, xeyirxah insanlara müraciət etmək məcburiyyətində qoyub.

Zəhranın əməliyyatına yardım etmək istəyənlər üçün əlaqə nömrəsi:

Fazil Mövsümov – 051–969–67-29; 070–919-67-29 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!