USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə pomidoru Azərbaycandan Rusiyaya təkrar ixrac edilmir

Rusiya Azərbaycan üçün ən böyük və sərfəli ixrac bazarıdır. Bu baxımdan kənd təsərrüfatı məhsulları, xüsusən meyvə-tərəvəz ixracı xüsusi yer tutur. Bununla bağlı ən yüksək səviyyədə müzakirələr aparılıb, tədbirlər görülüb. Lakin son vaxtlar Rusiyada belə bir fikir səslənir ki, guya pomidor Türkiyədən alınıb, təkrar ixrac edilir. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev müsahibəsində Azərbaycan-Rusiya münasibətlərindən, kənd təsərrüfatı məhsulları ixracının artırılması istiqamətində dövlətlərarası səviyyədə görülən tədbirlərdən bəhs edir, pomidorun təkrar ixracı ilə bağlı səslənən fikirlərə aydınlıq gətirir. ASAN Radio nazirin AZƏRTAC-a müsahibəsini təqdim edir:

- Cənab nazir, Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyətini necə səciyyələndirərdiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, bu il 25 illiyini qeyd etdiyimiz Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin başçılarının səyləri və siyasi iradəsi sayəsində bu gün də durmadan inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Rəsmi səfərlər, müxtəlif tədbirlər çərçivəsində keçirilən görüşlərdə dövlətlərimizin başçıları əməkdaşlığı daha da genişləndirməyin zəruriliyini daim vurğulayırlar. Fərəhlə qeyd etmək olar ki, ölkələrimiz arasında ticarət, investisiyalar, sənaye, yanacaq-energetika və aqrar sektorları, nəqliyyat və tranzit daşımaları, turizm, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq hazırda uğurla inkişaf edir.

- Kənd təsərrüfatı məhsulları Azərbaycandan Rusiyaya ixracın ənənəvi və əsas hissəsidir. Bu istiqamətdə ixracın artırılması üçün dövlətlərarası səviyyədə hansı tədbirlər görülür?

-Qeyd etməliyəm ki, kənd təsərrüfatı məhsulları ticarətini genişləndirməyin, o cümlədən Azərbaycandan Rusiyaya tərəvəz satışını artırmağın zəruriliyi prezidentlərin görüşlərində dəfələrlə göstərilib. Bu razılaşmaların həyata keçirilməsi üçün hələ 2014-cü ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya nəzdində Kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsulları tədarükünün həyata keçirilməsi məsələləri üzrə İşçi Qrup yaradılıb. Həmin İşçi Qrupun Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat nazirinin müavini, Rusiya tərəfindən kənd təsərrüfatı nazirinin müavinidir.

İşçi Qrupun görüşlərində Rusiya bazarına meyvə-tərəvəz məhsulları satışının artırılması üçün daha əlverişli şərait yaradılması, hər iki ölkədə verilmiş fitosanitar və baytarlıq sertifikatlarının elektron qaydada mübadiləsi prosesinin sürətləndirilməsi və digər məsələlər müntəzəm surətdə müzakirə olunur. Bundan əlavə, Rusiyanın müvafiq qurumlarının nümayəndələri Azərbaycan müəssisələrinin fəaliyyəti ilə tanış olmaq məqsədilə dəfələrlə ölkəmizə səfər ediblər. Qeyd etmək lazımdır ki, onlar tərəvəz məhsullarının, o cümlədən ən iri istehsalçılardan biri olan "Green Tech" MMC-də də ("Azersun Holding" MMC) olub və burada görülən işləri yüksək qiymətləndiriblər.

2014-cü il sentyabrın 25-də Moskva meri Sergey Sobyaninin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracı məsələləri geniş müzakirə edilib. Müzakirələr nəticəsində Azərbaycanın 16 şirkəti ilə Rusiya Federasiyasının 3 iri ticarət şəbəkəsi və logistik mərkəzləri arasında kənd təsərrüfatı məhsullarının və onların emalı məhsullarının ixracına dair 48 qarşılıqlı anlaşma memorandumu imzalanıb. Hazırda bu memorandumların icrasına dair məqsədyönlü iş aparılır.

Biz öz tərəfimizdən istehsalçıların və fermerlərin Rusiya bazarına çıxmaları üçün yaradılan əlavə imkanlar barədə onları müntəzəm surətdə məlumatlandırır, bu məhsulların istehsalını və ixracını artırmaq üçün müxtəlif stimullaşdırma mexanizmlərini tətbiq edirik.

- Son vaxtlar Rusiyada müxtəlif səviyyələrdə belə fikirlər səslənir ki, Azərbaycandan Rusiyaya pomidor ixracı bu məhsulun Türkiyədən alınıb təkrar ixrac edilməsi hesabına artırılır...

- Yuxarıda göstərilən tədbirlər nəticəsində, habelə artan tələbatı nəzərə alaraq 2014-2016-cı illərdə təkcə örtülü qruntda pomidor istehsalı üçün sahələr 1,6 dəfə artırılıb. Cari ilin 6 ayı ərzində örtülü qruntda pomidor istehsalının həcmi 261,7 min ton olub. 2016-cı ildə pomidor istehsalının ümumi həcmi 502,7 min ton təşkil edib.

Türkiyə pomidorunun Rusiyaya qeyri-qanuni şəkildə təkrar ixrac edilməsi barədə deyilənlərə gəldikdə isə, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının da qoşulduğu 2009-cu il 20 noyabr tarixli “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları”na uyğun olaraq malın mənşəyi haqqında ST-1 formalı sertifikatların verilməsi istehsalçının ərazisində həmin kənd təsərrüfatı işlərinin aparılması üçün torpaqların, istixanaların və ya icarəyə götürülmüş sahələrin olmasının səlahiyyətli orqan tərəfindən ekspertizası əsasında həyata keçirilir. Təqdim edilmiş sənədlər əsasında malın partiyaları, həmçinin onun qablaşdırılması və markalanması yoxlanılır.

İkincisi, məhz istehsalın həcminin artması nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə pomidor idxalına hər kiloqram üçün 0,4 ABŞ dolları məbləğində xüsusi rüsum tətbiq edilib. Nəticədə bu ilin 9 ayı ərzində Türkiyədən pomidor idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 81 faiz, dəyər ifadəsində 76 faiz azalıb. Bu ilin may ayından etibarən ümumiyyətlə Türkiyədən pomidor gətirilməyib.

Həmin rüsum tətbiq ediləndən sonra idxal edilən pomidorun bir kiloqramının orta qiyməti 1,15 ABŞ dolları, Rusiyaya ixrac edilən pomidorun bir kiloqramının orta qiyməti isə 0,97 dollar olub. Bu, Türkiyə pomidorunun Rusiyaya təkrar ixrac edilməsinin səmərəli olmamasına dəlalət edir.

Üçüncüsü, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın Türkiyə ilə ortaq sərhədi yoxdur. Ermənistanın işğalçı siyasəti nəticəsində Naxçıvanın blokada vəziyyətində olması faktını nəzərə alsaq, hər hansı yüklərin daşınması praktiki baxımdan mümkün görünmür.

Beləliklə, bu cür iddialar əsla həqiqətəuyğun deyil.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!