USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsi anılıb

Oktyabrın 25-i Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin vəfatı gündür.

ASAN Radio xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev diqqətə çatdırıb ki, “Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq bu il ölkəmizdə silsilə tədbirlər keçirilir. Dünya şöhrətli müğənni və bəstəkarın yaradıcılığı həm sovet dövründə, həm də müstəqil Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin hər zaman diqqətində olub. Onun yaradıcılığı Azərbaycanın ən ali dövlət mükafatlarına, o cümlədən “İstiqlal”, “Şərəf” ordenlərinə layiq görülüb. M.Maqomayevn vəfatından sonra Bakıda yerləşən musiqi məktəblərindən birinə onun adı verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub, Moskvada və Bakıda Fəxri xiyabanda abidəsi ucaldılıb. Oktyabrın 29-də Heydər Əliyev Mərkəzində Müslüm Maqomayevin 75 illiyinə həsr olunan böyük tədbir keçiriləcək.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Müslüm Maqomayevin özünəməxsus ifa tərzindən, zəngin yaradıcılığından və fitri istedadından söz açıb. Diqqətə çatdırıb ki, dahi sənətkar cismən aramızda olmasa da, onun adı, yaradıcılığı nəinki unudulmur, əksinə yaddaşlarda daha da möhkəmlənir.

Kinorejissor, Xalq Artisti Eldar Quliyev Müslüm Maqomayevin yaradıcılığı ilə yanaşı, böyük sənətkarın Bakıya olan sevgisindən danışıb, S.Yeseninin “Əlvida, Bakı” şeirinə yazdığı musiqinin bu sevgidən irəli gəldiyini, bu mahnının onun bir vəsiyyətinə çevrildiyini söyləyib.

Xalq Rəssamı Fərhad Xəlilov qeyd edib ki, adamlar Müslüm Maqomayev haqqında yeni söz deməyə çalışsalar da, ən yeni sözü o, öz yaradıcılığı, Bakıya sonsuz sevgisi ilə deyib. Kim Müslümü sevə bilirsə, deməli, o, bakılıdır. Müslüm Maqomayev Bakısız bir gün belə yaşamayıb. Onun istedadı təkcə ifaçılıqla bitməyib, o, həm də bəstəkar və rəssam idi. Təkcə “Əlvida, Bakı” mahnısı M.Maqomayevin tanınmasına kifayət idi.

Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə sözün əsl mənasında Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edirdi. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

Vurğulanıb ki, Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq Artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Müğənni sovet televiziyasında daim əsas hökumət konsertlərində və bayram proqramlarında iştirak edib. “Bremen musiqiçilərinin izi ilə” (1973-cü il) populyar cizgi filminin qəhrəmanı Trubadur məhəbbət serenadasını Müslüm Maqomayevin səsi ilə oxuyur.

Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qrammofon valı, habelə 15 kompakt-disk, o cümlədən “Sənə minnətdaram” (1995), “Opera və müzikllərdən ariyalar. Neapol mahnıları” (1996), “Sovet estradasının ulduzları. Müslüm Maqomayev.” (2001), “Məhəbbət mənim mahnımdır. Xəyallar ölkəsi” (2011) diskləri və s. daxildir.

Onun xidmətləri sadalamaqla bitmir. Bir sözlə, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!