12/12/2017 08:29

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


Mədəniyyət

Bu gündən Stokholmda “Nobel həftəsi” başlanır


06.12.2017   18:15


Bu gündən Stokholmda “Nobel həftəsi” başlanır. Həftə çərçivəsində laureatların mühazirələri təşkil olunacaq, dekabrın 10-da isə mükafatlar təqdim ediləcək.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, 2017-ci ildə Nobel mükafatı nominantları arasında 11 şəxs və bir təşkilat var.

“Nobel həftəsi” çərçivəsində keçiriləcək tədbirlərin planına görə, dekabrın 7-də fiziologiya və təbabət üzrə Nobel mühazirəsi oxunacaq. Bu il həmin mükafatın laureatları Amerika alimləri Ceffri Holl, Maykl Yanq və Maykl Rosbaşdır. Elə həmin gün ədəbiyyat üzrə laureat, ingilis yazıçısı Kadzuo İsiquro mühazirə ilə çıxış edəcək.

Dekabrın 8-də kimya Nobel mükafatı laureatları – Jak Düboşe (İsveçrə), İokim Frank (ABŞ) və Riçard Hendersonun (Böyük Britaniya), habelə fizika üzrə Nobel mükafatı laureatları - Amerika fizikləri Rayner Vayss, Kip Torn və Barri Berişin Nobel mühazirələri dinlənəcək.

İqtisad elmləri sahəsində Nobel mükafatı laureatı Riçard Talerin (ABŞ) mühazirəsi də dekabrın 8-ə təyin olunub.

Dekabrın 9-da Nobel həftəsi çərçivəsində “Həqiqətin gələcəyi” adlı dialoq planlaşdırılıb.

Bu il Nobel Sülh Mükafatı nüvə silahının məhv edilməsi uğrunda beynəlxalq şirkətə (İCAN) təqdim edilib. Bu mükafatın laureatları dekabrın 10-da mühazirə ilə çıxış edəcəklər.

Xatırladaq ki, Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi 10 dekabr tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholmda və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Oslo şəhər ratuşasında təşkil olunur. Cari ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronuna (təqribən 1,1 milyon ABŞ dollarına) bərabərdir.




Xəbər lenti

12 Dekabr
11 Dekabr











ASAN Radio telefonunuzda
Facebook