USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatın təqdimatı keçirilib

Dekabrın 11-də Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatının təqdimatı keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə “Kanon-plyus” nəşriyyatında çapdan çıxmış üçcildlikdə bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə maraqlı faktlar, onun müsahibələri və arxiv materialları toplanıb.

ASAN Radio xəbər verir ki, həmin gün tanınmış siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələrin səfirləri Ulu Öndərin xatirəsini yad etmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə gəlmişdilər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, ənənəyə görə Azərbaycan xalqının ümummilli liderinin anım günündə Heydər Əliyevin dostları və məsləkdaşları onun dəfələrlə olduğu bu səfirliyin binasında toplaşırlar. Bu dəfə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günündə yazıçı-publisist, Ulu Öndərin irsinin tədqiqinə illərlə vaxt sərf etmiş Elmira Axundovanın yeni üçcildliyi təqdim olunacaq.

P.Bülbüloğlu deyib: “Elə insanlar var ki, onlar çox şeyi müəyyən edir. Biz deyəndə ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır, - bu həqiqətən belədir. Ona görə ki, SSRİ dağılandan sonra insanlar hədsiz təşviş keçirdiyi, özlərini çıxılmaz vəziyyətdə hiss etdiyi bir vaxtda iş elə gətirdi ki, Azərbaycanda hakimiyyətə gələn insanlar bu hakimiyyətlə necə rəftar etməyi əsla bilmirdilər. Qısa müddətdə ölkə vətəndaş müharibəsi həddinə, uçurum həddinə çatmışdı. Belə bir vaxtda xalqımız Heydər Əliyevə müraciət edərək onun Bakıya qayıtmasını xahiş etdi. Müasir Azərbaycanın təşəkkülü Heydər Əliyevin respublika rəhbərliyinə qayıtdığı andan başlanır”.

Diplomat qeyd edib ki, onun özünün də bir şəxsiyyət və bəstəkar kimi formalaşmasında Ulu Öndər böyük rol oynayıb. P. Bülbüloğlu deyib: “Mən Heydər Əliyevin hökumətində on il mədəniyyət naziri vəzifəsində işləmişəm. Bu, böyük məktəbdir, bu məktəb ömrümün sonuna qədər mənimlə qalacaq. Heydər Əliyevin sayəsində Azərbaycanda mədəniyyət və incəsənət xadimlərinin bütöv bir pleyadası yetişib”.

Kitabın müəllifi Elmira Axundova bu genişmiqyaslı layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərova təşəkkürünü bildirib. O qeyd edib ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinin bu yeni variantı xarici ölkələrdəki oxucular, o cümlədən rusiyalı oxucular üçün nəzərdə tutulub. Kitabda Heydər Əliyev haqqında bu günə qədər məlum olmayan faktlar toplanıb. Roman arxiv sənədləri və rəsmi sənədlər, Azərbaycan xalqının Ümummilli Liderinin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb. Kitabın müəllifi deyib: “1991-ci ilin yanvar ayını xatırlayıram. Naxçıvanda darısqal bir mənzildə əyləşmişdik. O mənə öz keçmişi barədə, Mixail Qorbaçov ilə qarşılıqlı münasibətləri barədə, SSRİ-nin məhvə məhkum olması, Azərbaycanın tezliklə müstəqil olacağı və bunun üçün bizim hamımızın çalışmalı olmağımız barədə danışırdı. Mən Heydər Əliyevə baxır, onun dediklərini tam anlaya bilmirdim. O vaxt bəlkə heç kəs güman edə bilməzdi ki, Azərbaycanın sabiq kommunist lideri, Siyasi Büronun üzvü tezliklə bütün dünyanı heyrətləndirəcək. O, birincilərdən biri olaraq Naxçıvanda Sovet Hakimiyyətini ləğv edəcək, birinci Azərbaycan Xalq Cümhuriyyətinin himnini və bayrağını qaytaracaq, Naxçıvanı soyuqdan, aclıqdan, parçalanmaqdan və işğaldan xilas edəcək. Üç ildən sonra isə o, xalqın iradəsi ilə Azərbaycanda hakimiyyətə qayıdacaq, vətəndaş müharibəsinin qarşısını alacaq, ölkənin parçalanmasını dayandıracaq, döyüş qabiliyyətli ordu yaradacaq, neft kontraktları imzalayacaq və keçmiş İttifaqda birinci olaraq torpaq üzərində xüsusi mülkiyyət elan edəcək.

E. Axundova kitabın qəhrəmanının uğurunun sirri nədədir? - sualına cavab olaraq vurğulayıb ki, Heydər Əliyev tarixi şəraitlə birlikdə dəyişməyi bacarırdı və bunu çox üzvi şəkildə edirdi. O deyir: “Onun üçün başlıca məsələ - ölkənin və xalqın milli maraqları idi. Mənim üçcildliyimin iki qəhrəmanı var – Heydər Əliyev və XX əsr. Mənim qəhrəmanım kimi, bu dövr özü də faciəli, ziddiyyətli, çoxölçülü və parlaqdır. Heydər Əliyevin ömür yolu çox çətin olub. Tale yollarında onu yüksəliş və enişlər, gəncliyində bütün varlığı ilə inandığı idealların iflasa uğramasını görmək, sədaqətlə xidmət etdiyi ölkənin parçalanmasının şahidi olmaq gözləyirdi. O, yeni dövrə qədəm qoymalı və həyatını təzə səhifədən başlamalı oldu. Bir neçə tarixi dövr uzunluğunda bu həyat bütün XX əsri əks etdirirdi. Heydər Əliyeb xoşbəxt insan idi və onun ən böyük xoşbəxtliyi onun zəhmətinin bəhrəsi olan yenilənmiş Azərbaycandır”.

RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski üçcildliyin müəllifi Elmira Axundovaya bu kitabın yaradılması üçün çəkdiyi böyük zəhmətə görə təşəkkürünü bildirib. L. Slutski deyib: “Bu, gözəl kitabdır. Bu zaldakı adamların çoxu yəqin ki, “Görkəmli adamların həyatı” seriyasından olan kitabları oxuyublar. Lakin öz dərinliyi ilə fərqlənən bu kitab müasir Azərbaycanın yaradıcısı olan insanın həyatından bəhs edir. Bu gün firavanlasan, müstəqil, uğurlu Azərbaycanı onun banisi olmuş insandan ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan məhz bu insanın sayəsində müstəqil dövlət kimi formalaşıb. Belə kitabları oxuyanda başa düşürsən ki, bu sətirlərin müəllifi incə qəlbli bir insan, öz qəhrəmanını çox sevən bir qadındır. Bu, çox sanballı əsərdir. Onu vərəqləmək yox, oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır. İndi onun işini Prezident İlham Əliyev uğurla davam etdirir və Azərbaycan məhz Heydər Əliyevin nəzərdə tutduğu kimi böyük sıçrayış edib. Azərbaycan həm iqtisadiyyatda, həm sosial siyasətdə, həm də başqa ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıqda mütəmadi inkişaf yolu ilə inamla irəliləyir”.

L. Slutski əmin olduğunu bildirib ki, Heydər Əliyevə hələ çox maraqlı əsərlər həsr ediləcək. Siyasətçi vurğulayıb: “Lakin Azərbaycanın böyük oğluna həsr edilmiş bu üçcildlik həmişə xüsusi yer tutacaq”. Dövlət Dumasının deputatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna da ikitərəfli münasibətlərin inkişafı naminə uğurlu diplomatik işinə görə təşəkkürünü bildirib.

Təqdimat mərasimində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru, Rusiya Politologiya Cəmiyyətinin prezidenti Oksana Qaman-Qolutvina, Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal, RF-nin Əməkdar Rəssamı Nikas Safronov, Gürcüstan “Mədəniyyətlərin dialoqu-XXI” Assosiasiyasının prezidenti Valeri Asatiani çıxış ediblər.

Qeyd edək ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir. Qazaxıstanın Xalq Yazıçısı Oljas Süleymenov üçcildliyə ön sözdə yazır: “E.Axundovanın bu kitabı məhəbbətdən yaranıb. Belə kitablar lazımdır: onlar rəhbərlərin yeni nəslinin yetişdirilməsinə kömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə qiymətlidir”.

Xatırladaq ki, yazıçı-publisist Elmira Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinə görə Azərbaycan dövlət mükafatına layiq görülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!