USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
20 yanvar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq Böyüklər qızılca-məxmərəyə qarşı peyvənd ediləcək Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub Nextsale və Whelp startaplarına investisiyalar verilib Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir

20 Yanvar xalqımızın qan yaddaşının hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı.

ASAN Radio xəbər verir ki, yanvarın 20-də səhər tezdən Şəhidlər xiyabanına insan axını başlayıb. Bakı sakinləri bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Onların arasında paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olur.

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 28 il ötsə də, baş verənlər unudulmayıb və xalqımızın qan yaddaşına əbədi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər.

Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.

Sonradan ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayanda 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımlar atıldı. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi.

Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalan Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi ucaldıldı.

20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri yaradılıb. Dövlət büdcəsi hesabına 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Əlillərə minik avtomobilləri verilib, şəhid ailələrinə Prezident təqaüdü təyin olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio