USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət rejiminin tətbiqi elan olunmadan Bakıya və Azərbaycanın digər regionlarına sovet silahlı qüvvələri yeridildi. Dinc əhaliyə tutulan amansız divan nəticəsində yüzlərlə insan öldürüldü, yaralandı və itkin düşdü.

AZƏRTAC xəbər verir ki, bu barədə “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut nüfuzlu “The Jerusalem Post” qəzetində dərc edilmiş “Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu” sərlövhəli məqaləsində yazıb (http://www.jpost.com/Blogs/).

Arye Qut vurğulayır ki, azərbaycanlılar sovet tankları və qoşunlarının Bakı küçələrini zəbt etdiyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş bu kütləvi qırğını “Qara Yanvar” adlandırdılar. İsrail eksperti məqaləsində yazır: “Zərbə” əməliyyatının əsas məqsədi milli-azadlıq hərəkatını boğmaq olub. Rəsmi statistikaya görə, bu cəza əməliyyatı nəticəsində 131 nəfər həlak olub. Lakin qeyri-rəsmi rəqəmlər azı 300-ə çatır və bəlkə də onu ötür. Bu qorxunc gündən 28 il keçsə də, əsl həqiqət qaranlıq qalır – sovet imperiyasının süqutu tam aydın olsa da, məxfi sənədlərlə dolu 200-dən çox qutu sovet ordusu tərəfindən müsadirə edilərək Moskvaya aparılıb”.

Məqalə müəllifi qeyd edir ki, əsgərlər adamları yerindəcə güllələyib, minik avtomobillərinin üstünə tank və BTR-lər sürüb, xəstəxanaları gülləyə tutub, yaralılara kömək edən tibb-sanitar heyətinə maneçilik törədiblər. “Qoşunların şəxsi heyəti yaralıları süngü ilə qətlə yetirirdi. “Kalaşnikov” avtomatında ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrdən istifadə edilməsi insanın əzablarını qat-qat artırır və ölümü qaçılmaz edirdi. Yanvarın 20-də səhər açılarkən Bakıda dəhşətli mənzərə vardı: şəhərin qana boyanmış küçə və meydanları, eybəcər hala salınmış cəsədlər, əzik-üzük maşınlar, atəşə tutulmuş evlər, tank tırtıllarının dağıtdığı asfalt. Bu məşum gecədə Azərbaycanın, xüsusilə Bakının dinc əhalisi qorxunc faciə şokunu yaşadı. Mənim 15 yaşım vardı, biz Bakıda yaşayırdıq, xatırlayıram ki, valideynlərim və bacımla bütün gecəni oyaq qaldıq, gözümüzə yuxu getmədi. Biz başımıza nə gələcəyini bilmirdik... Bakının digər dinc sakinləri kimi, biz də həyatımızda ilk dəfə atəş səsləri və tank tırtıllarının uğultusunu eşitdik. Bu qorxunc yanvar gecəsi sanki bitib-tükənmirdi. Onu da xatırlayıram ki, səma ulduzla dolu idi. Adama elə gəlirdi ki, onlar da baş verənlərdən çox qorxmuşdular. Sovet qoşunlarının xarici təcavüzə qarşı deyil, öz xalqına qarşı istifadə edildiyi bu qanlı qırğın totalitar sovet rejiminin qeyri-insani və qana susamış mahiyyətini bir daha sübut etdi. Eyni zamanda, “Qara Yanvar” DTK-nın əvvəlcədən planlaşdırdığı əməliyyatın nəticəsi idi. Bu əməliyyata tanınmış general Bobkov başçılıq etdi. Siyasi Büronun üzvləri Yevgeni Primakov, Andrey Girenko bütün yanvar ayını Bakıda oldular. SSRİ müdafiə naziri Dmitri Yazov və daxili işlər naziri Vadim Bakatin bu cəza əməliyyatına rəhbərlik etmək üçün Bakıya gəlmişdilər”, - deyə Arye Qut yazır.

“Başda Qorbaçov olmaqla SSRİ rəhbərliyi çox gözəl başa düşürdü ki, ölkədə dezinteqrasiya prosesləri başlanıb və dövlətin dağılmasının qarşısını almaq çətindir. M.Qorbaçov Bakıda planlaşdırılmış faşist aksiyasının törədilməsi üçün sanksiya verdi ki, digər respublikalara da dərs olsun. Bakıda konstitusiyaya zidd fövqəladə vəziyyətin elan edilməsi, sovet qoşunlarının müdaxiləsi, ağır texnika və öldürücü silahlardan istifadə edilməklə dinc sakinlərə məqsədli divan tutulması insanlığa qarşı cinayət idi”, - deyə Arye Qut qeyd edir.

Müəllif vurğulayır ki, onun dostu və fotoqraf, bu gün İsrail vətəndaşı olan Boris Dobin “Qanlı Yanvar”ı xatırlayaraq deyib: “Bu günü unutmaq olmaz. 1990-cı ilin yanvar hadisələri mənim üçün ağrısı heç vaxt kəsilməyəcək sağalmaz yaradır. Bəzən bu ağrı azalır, bəzən çoxalır, lakin hər zaman mənimlədir. Mən həmin günləri təfsilatı ilə xatırlayıram. Onilliklərboyu Bakıda müxtəlif millətlərdən olan insanlar dinc yanaşı yaşayıblar. Mən yəhudiyəm və azərbaycanlıların arasında böyümüşəm, Azərbaycan dilində sərbəst danışıram və Azərbaycan xalqının dərdi mənim dərdimdir.

O zaman mən iki yerdə - Musiqi Sənəti Tarixi Muzeyində və yol polisi bölməsində fotoqraf işləyirdim. Yanvarın 20-də səhər tezdən şöbə rəisi zəng edib dedi ki, şəhər infrastrukturuna vurulmuş zərəri aydınlaşdırmaq üçün biz küçələri gəzməliyik. Tanklar Bakıda qarşılarına çıxan hər şeyi dağıtmışdı; onlar dayanmış avtomobillərin üstünə qəsdən sürülmüşdü. Küçələrdəki mənzərə dəhşətli idi. Hər yerdə cəsədlər vardı. Aydın oldu ki, sovet ordusu silahsız, müqavimət göstərmək imkanı olmayan və buna cəhd etməyən insanlara atəş açmışdı. Mən bənzər hadisələri nasizm haqqında kitablardan oxumuşam. Yanvarın 19-20-də ordunun Bakıda törətdikləri əsl faşizm idi. Bakı sakinlərinin həmin gün duyduqları ağrı və çaşqınlığı unutmaq olmaz. Mən növbəti gün şəhidlərin dəfni təşkil ediləndə də işləməyi və fotoşəkil çəkməyi davam etdirdim”.

Britaniyalı jurnalist Tomas de Vaal “Qara bağ” kitabında “Qara Yanvar” haqqında yazıb: “Tanklar barrikadaların üstündən aşır, qarşılarına çıxan avtomobilləri və hətta təcili yardım maşınlarını əzib keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamlara atəş açır, yaralıları öldürürdülər. İçərisində dinc sakinlər olan avtobusun atəşə tutulması nəticəsində sərnişinlərin çoxu, o cümlədən 14 yaşlı qızcığaz həlak olmuşdu. Hərbi maşınlar yolları üstündəki bütün avtomobilləri, içərisində kimin olmasına məhəl qoymadan əzmişdilər”.

Qut vurğulayır ki, şahidlərin çoxsaylı ifadəsinə əsasən, hərbçilər zirehli texnika ilə tanınmaz hala salınmış, əzilmiş cəsədləri və insan bədəninin parçalarını özləri ilə aparmaqla törətdikləri cinayətin izlərini itirməyə çalışırdılar. Kinorejissor Stanislav Qovoruxin qoşunların Bakıya yeridilməsi ilə bağlı yazıb: “Yanvarın 19-dan 20-nə keçən gecə qoşunlar şəhərə daxil oldu. Lakin sovet ordusu sovet şəhərinə işğalçı ordu kimi – gecənin qaranlığında, tanklarla və zirehli maşınlarla girdi, özünə odlu və soyuq silahla yol açmağa başladı. Hərbi komendantın məlumatına görə, həmin gecə 60 min patron işlədilmişdi. Sumqayıt yolunun kənarında dayanmış minik maşını tankların keçib getməsini gözləyirdi. Həmin maşında Elmlər Akademiyasının üç alimi - biri qadın olan üç professoru vardı. Qəfildən tanklardan biri dəstədən ayrılaraq həmin avtomobilin üstündən keçdi, oradakı bütün sərnişinlər tankın altında qaldı. Tank dəstəsi dayanmadı, “şəhərdə məskən salmış düşməni” darmadağın etməyə getdi”.

Azərbaycan xalqı öz oğul və qızlarını yanvarın 22-də Bakıda dəfn etdi. Qorbaçov onları “islam fundamentalçıları” adlandırırdı. “Necə ola bilərdi ki, üç ay əvvəl ərə getmiş, ərinin öldüyünü eşidərək intihar etmiş Fərizə, yaxud 15 yaşlı Rəşad və ya Vera Bessantina, Yan Meyeroviç və təcili yardım həkimi Saşa Marxevka “islam fundamentalçıları” olsunlar.

Yanvar faciəsinin kökləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə gedib çıxır. 1988-1990-cı illərdəki hadisələrin təhlili əyani surətdə göstərir ki, Ermənistan mərkəzi hakimiyyətin tam dəstəyi ilə qonşu respublikanın ərazisini özünə zorla birləşdirmək istəyirdi.

Sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıda həyata keçirdiyi cəza əməliyyatı amansızlığı və insan qurbanlarının sayına görə 1989-cu ilin aprelində Tbilisidə, 1991-ci ilin yanvarında Vilnüsdə baş vermiş analoji hadisələri arxada qoydu. Bu, sovet imperiyasının can verməsinin finalı idi. Azərbaycan vətənpərvərlərinin, yəhudi qızın və rus həkimin, qoca tatarın və azərbaycanlı uşağın qardaş qəbiristanlığında dəfn edilməsi - bütün bunlar Azərbaycanın dəhşətli və dözülməz faciəyə məruz qalmasını göstərir”, - deyə Arye Qut “The Jerusalem Post” qəzetində dərc edilən məqaləsində yazır.

Məqalə müəllifi vurğulayır ki, “Memorial” təşkilatı və Helsinki İnsan Hüquqları Qrupunun 1991-ci ilin mayında yaydığı məlumata görə, onların aşkar etdiyi faktlar fövqəladə vəziyyətin tətbiqinin insan azadlıqlarının pozulmasına səbəb olduğunu və sovet qoşunlarının əsaslandırılmamış və qeyri-bərabər qüvvə üsullarından (o cümlədən zirehli texnikadan, süngülərdən istifadə, təcili yardım maşınının atəşə tutulması) istifadə etməsinin çoxsaylı qurbanlara gətirib çıxarmasını təsdiqləyir.

“Sovet qoşunlarının müdaxiləsi və Bakıda fövqəladə vəziyyətin tətbiqi SSRİ Konstitusiyasının (maddə 119), Azərbaycan Konstitusiyasının (maddə 71), “Mülki və siyasi hüquqlar haqqında” beynəlxalq paktın (maddə 1) kobud şəkildə pozulması idi. Artıq sübut edilib ki, fövqəladə vəziyyət tədbirlərini həyata keçirən ayrı-ayrı hərbi qulluqçular antihumanist davranışa yol veriblər, bununla da onlar Beynəlxalq Hərbi Tribunalın fərmanına, müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyasına (1949), Konvensiyanın 1977-ci ildə I və II əlavə protokollarına, Azərbaycan Cinayət Məcəlləsinə görə hərbi cinayətkar hesab edilir. Faktiki olaraq insan hüquqlarına dair bütün qüvvədə olan konvensiyalar, o cümlədən İnsan Hüquqları Ümumi Bəyannaməsi (1948), “Mülki və siyasi hüquqlar haqqında” beynəlxalq pakt (1966), “İqtisadi, sosial və mədəni hüquqlar” beynəlxalq paktı (1966), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktı (1975), ATƏM-in Vyana görüşünün yekun sənədi (1989), “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə” (1974), Uşaq Hüquqları Konvensiyası (1989), müharibəni reqlamentləşdirən konvensiyalar, o cümlədən “Asanlıqla dönə bilən və yastılanan güllələrin istifadə olunmaması haqqında” Haaqa Bəyannaməsi (1980), “Quru müharibəsinin qanun və qaydaları haqqında IV Haaqa Konvensiyası”nın (1967) müddəaları pozulub.

İsrail ekspertinin fikrincə, “Qara yanvar” Azərbaycanda sovet hakimiyyətinin sonu və Sovet İttifaqının dağılmasının başlanğıcı oldu. “Ömrü boyu SSRİ-nin maraqlarına xidmət etmiş kommunist partiyasının üzvləri sovet kommunist sisteminin onlara qarşı çıxmasından sarsılmışdılar. Azərbaycan xalqının ümummilli lideri, vaxtilə SSRİ Siyasi Bürosunun üzvü olmuş Heydər Əliyev Mixail Qorbaçovu bu mənfur cinayətin başında durmaqda ittiham etmişdi. O zaman Moskvada yaşayan Heydər Əliyev, Azərbaycanın daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına başsağlığı verdi. Bəyanatında vurğuladı ki, faciənin təşəbbüskarları SSRİ-nin və Azərbaycanın o vaxtkı siyasi rəhbərliyidir. Onlar xalqı sakitləşdirmək üçün heç nə etmədilər. Heydər Əliyev bu faciəyə Azərbaycan xalqına qarşı törədilmiş cinayət kim baxırdı”, - deyə Arye Qut yazır.

Məqalədə qeyd olunur ki, Bakıdakı qanlı hadisələrə baxmayaraq, 1990-cı ilin 20 Yanvarı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsinə çevrildi. Həmin gün xalq hərbi, mənəvi və siyasi təcavüzə məruz qalmasına baxmayaraq, eyni zamanda, tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlamağı və Vətənin müstəqilliyi və azadlığı naminə kommunist sisteminin çox amansız hücumlarına qarşı dayanmağı bacardı.

1990-cı il 20 yanvar faciəsindən 28 il keçir. Azərbaycan xalqının and yeri olan Şəhidlər xiyabanı hər gün ziyarət edilir, şəhidlərin məzarları üstünə al qərənfillər düzülür, “Əbədi məşəl” memorialında “Odlar yurdu”nun rəmzi olan alov heç vaxt sönmür.

Arye Qut məqaləsini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 20 Yanvar haqqında fikirləri ilə yekunlaşdırır: 20 Yanvar faciəsində həlak olanlar bizim millin qəhrəmanlarımızdır. Onların ölümü bizim üçün, bizim xalqımız üçün böyük itkidir. Eyni zamanda, onların ölümü xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!