USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: Əlilliyin qiymətləndirilməsinə TSEK-lər daha məsuliyyətlə yanaşmalıdırlar

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.  

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir və şəffaf infrastrukturunun yaradılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahənin inkişafı ilə bağlı islahatlar proqramının əsas komponentlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi prosedurunun Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi əsasında elektronlaşdırılması son illərdə bu sahədə aparılan effektiv islahat tədbiri olub. BMT tərəfindən Cənub-Cənub Əməkdaşlığı çərçivəsində paylaşılması və digər Cənub ölkələrində də tətbiqi məqsədəuyğun olan müasir və səmərəli, şəffaf iş mexanizmləri kimi qəbul edilmiş Nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlər, o cümlədən də Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi qabaqcıl təcrübələr kimi BMT-nin "Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər" adlı portalında yerləşdirilib: “Həmin sistemin qurulması əlilliyin qiymətləndirilməsinin vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən, şəffaf şəkildə həyata keçirilməsinə imkan verib. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən bu elektron sistem əlilliyin azalmasına da imkan yaradıb. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olmuşdur. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azalıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildirilib ki, S.Müslümov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edib. Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb: “Ötən il də 28 488 nəfər şəxsin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb”. 

Nazir bildirib ki, bununla belə, əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarının aparılıb-aparılmamasına münasibətdə TSEK-lər tərəfindən bir sıra hallarda obyektiv yanaşma meyarının gücləndirilməsi vacibdir. Hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsində ilk növbədə müvafiq göndəriş formasında qeyd  olunan xəstəlik məlumatlarının TSEK-lər tərəfindən düzgün təhlil edilməsi, şəxsin müalicə olunmaqla sağlamlığını bərpa etdirmək, əlilliyə məruz qalmamaq potensialının mövcud olub-olmaması daha diqqətlə nəzərdən keçirilməlidir. Bu amil əlilliyin qiymətləndirilməsində daha obyektiv, dəqiq yanaşma üçün mühüm şərtdir və TSEK-lər bu məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar. Çünki onlar şəxsi görmədən, onun barəsində əlavə informasiyaya malik olmadan, yalnız sistem vasitəsilə qəbul etdikləri elektron göndərişdəki məlumata əsaslanaraq əlilliyin qiymətləndirilməsini həyata keçirirlər.

Əlilliyi olan insanların sağlamlıqlarının bərpası, reabilitasiya potensiallarının müəyyən olunaraq reallaşdırılması istiqamətində işlərin ildən-ilə gücləndirildiyini vurğulayan S.Müslümov nazirliyin bərpa mərkəzləri tərəfindən ötən il 39,8 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə bərpa xidmətlərinin göstərildiyini bildirib: “Son bir ildə əlilliyi olan şəxslər 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən tibbi göstərişi olan əlillər 1193 ədəd əlil arabası ilə təmin edilib. Respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi işlərinin davamı kimi, ötən il bu təbəqələrdən olan 1011 nəfər şəxs elə yaşadıqları rayon və ya şəhərdə səyyar qaydada müvafiq xidmətlərlə təmin olunub”. 

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə ölkəmizdə  tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb: “Bu gün nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti, müasir tibbi cihazlar, reabilitasiya avadanlıqları mövcuddur. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi sağlamlıq imkanları məhdud uşaqların  müasir və səmərəli fizioterapevtik müalicə xidmətləri ilə təminatı imkanlarının xeyli genişlənməsinə səbəb olub. Nazirliyin digər bir sıra bərpa mərkəzlərinin müasir tələblərə uyğun qurulması yönündə də işlər aparılır”. Bərpa mərkəzlərinin fəaliyyətində sosial modelə əsaslanan reabilitasiya tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən nazir əlilliyi olan şəxslərin reabilitasiyasının sosial model üzrə həyata keçirilməsinin qabaqcıl dünya təcrübəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. 

S.Müslümov Bakının Zabrat qəsəbəsində yaradılan Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin həmin şəxslərin sosial və peşə-əmək reabilitasiyası işinin müasir standartlara cavab verən səviyyədə həyata keçirilməsinə imkan verəcəyini diqqətə çatdırıb: “BMT-nin “Əlillərin hüquqları haqqında”  Konvensiyasına uyğun şəkildə hazırlanmış və aidyyəti qurumlarla birgə təkmilləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuş, hazırda Azərbaycan Respublikasının Milli Məclisində baxılmaqda olan  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsində də əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası məqsədinə xidmət edən bir sıra önəmli tədbirlər əksini tapıb”.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və digərləri tibbi-sosial ekspertiza, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərlə bağlı fərdi reabilitasiya proqramlarının tərtib olunaraq həyata keçirilməsi, həmin insanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, TSEK əməkdaşlarının bilik və peşəkarlığının artırılması, vətəndaşların müvafiq sahə üzrə müraciətlərinə baxılması və başqa sahələrdə görülən işləri diqqətə çatdırıblar.

2017-ci ildə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin geniş müzakirə olunduğu iclasda qarşıda duran vəzifələrdən də bəhs olunub. Aidiyyəti fəaliyyət sahəsində əldə olunan müsbət nəticələrlə yanaşı, yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən ayrı-ayrı vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!