19/06/2018 18:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0067 0.0272 0.3642


ASAN xəbər

İnam Kərimov: “ASAN xidmət” vətəndaşların rəğbətini qazanıb


16.02.2018   12:40


“Son illər Respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yeni qurum - “ASAN xidmət” təsis edilib”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. Onun sözlərinə görə, “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoyub. 

“ASAN xidmət” qısa müddət ərzində vətəndaşların etimadını və rəğbətini qazandı. Şəffaflıq, rahatlıq və innovasiyaların sinoniminə çevrildi. Yaradıldığı gündən bəri “ASAN xidmət” mərkəzlərində 20 milyona yaxın adama xidmət göstərilib və təsadüfi deyil ki, keçirilən sorğulara əsasən vətəndaşların məmnunluğu 98%-dir. Bu gün “ASAN xidmət”in fəaliyyəti bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Əfqanıstan İslam Respublikasında “ASAN xidmət” (Asan Khedmat) təsis edilib. Bundan başqa İtaliya, Koreya, Fransa, İndoneziya, Monteneqro və İSESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb”.

İ.Kərimov vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı, məşğulluq səviyyəsinin artırılması, rəqabətqabiliyyətli yerli məhsulların istehsalı ölkə başçısı İlham Əliyevin iqtisadi siyasətinin mühüm hissəsini təşkil edir. 

“Ölkəmizdə həyata keçirilən ardıcıl və uğurlu sosial-iqtisadi siyasətin məntiqi davamı olaraq Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü ilə “ABAD” publik hüquqi şəxs yaradılıb. “ABAD” mərkəzlərinin yaradılması Azərbaycan dövlətinin vətəndaşlarımızın həyatını asanlaşdırmağa yönəlmiş növbəti addımlarından biridir. Kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədi ilə icra olunan layihələr arasında “ABAD”-ın xüsusi yeri var. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır və Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir”.

İ.Kərimovun sözlərinə görə, “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. 

““ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir. “ABAD” həmçinin ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, “vahid pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma və məhsulların dizaynı ilə bağlı kömək göstərir, məhsulların satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. “ABAD” publik hüquqi şəxs yarandığı dövrdən bəri ölkənin 20 bölgədən olan 203 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərib. Bu dəstəklər artmaqdadır. Hazırda ABAD regional ofisləri Masallıda, Balakəndə və Quba rayonlarında fəaliyyət göstərir. "ABAD”-çıların məhsulları artıq böyük supermarketlərdə satışdadır. “ABAD” kənd təsərrüfatı məhsullarının və əl işlərinin satışını öz sərgi-satış mərkəzlərində də təşkil edir. Bu mərkəzlər İçərişəhər Tarixi-Memarlıq Qoruğunda, Heydər Əliyev Beynəlxalq Hava Limanının Duty Free zonasında, Bakı Dəmir Yolu Vağzalında, Milli Gimnastika Arenasında, yeni turizm mərkəzlərindən olan Şamaxı rayonunun Dəmirçi kəndində və Qəbələ rayonu “Tufandağ” dağ-xizək kurortunun ərazisində fəaliyyət göstərir”. 

İ.Kərimov vurğulayıb ki, “ABAD” beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu nümunəsidir. 

“2 ay bundan öncə ABAD və BMT-nin İnkişaf Proqramı arasında Avropa İttifaqının maliyyəsi ilə həyata keçiriləcək dəyəri bir milyondan çox olan yeni bir layihənin imzalanma mərasimi baş tutub. Layihə çərçivəsində Balakən regional “ABAD Mərkəz”inə geniş dəstək verməklə dayanaqlı ailə biznes modellərinin formalaşmasına və inkişafına töhfə verəcəkdir. Bununla əlaqədar tərəfdaşımız Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə, BMT-nin İnkişaf Proqramına və TİKA-ya təşəkkürümü bildirir, digər maraqlı tərəfdaşlara bizim bu sosial layihəyə qoşulmağa dəvət edirəm. 2018-ci ildə ABAD həm satış kanallarının genişlənməsinə, həm ABAD-çıların və məhsul çeşidinin artırılmasına, həm də ixrac fəaliyyətlərinə hazırlığa keçidi planlaşdırır. Bu məqsədlə biz bütün beynəlxalq təşkilatlardan, xarici ölkələrin nümayəndəliklərindən, eləcə də bizimlə əməkdaşlıqda maraqlı şirkətlərə müraciət edərək ölkə miqyaslı sosial layihə olan “ABAD”-a dəstək göstərməyə çağırırıq”.
















ASAN Radio telefonunuzda
Facebook