Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
ASAN Radionun məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlət başçısına və xanımına məlumat veriblər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib.
Məlumat verilib ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.
Dövlət başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdiriblər.
Sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə salıb.
Bildirilib ki, “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməkxanada yaradılan şəraitlə də tanış olublar. Yeni fabriklərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!