20/10/2018 00:14

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Mədəniyyət

V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub


10.03.2018   13:18


Martın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq muğam müsabiqəsinin açılışı olub.

ASAN Radio xəbər verir ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər iştirak edirlər.

Açılış mərasimində konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək muğamın qorunması və təbliğində festivalın müstəsna rolunu qeyd edib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir.

Xalq Artisti muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasından danışıb. Bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib: “Qloballaşan müasir dövrdə ənənəvi sənətin, milli dəyərlərin hifz olunması xüsusi önəm daşıyır. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun böyük səyləri nəticəsində milli musiqi sərvətimizin qorunması və inkişafı, dünyaya tanıdılması sayəsində müstəsna işlər görülür. Muğam sənəti ilə bağlı çoxşaxəli layihələr bunun bariz nümunəsidir. Bu zəngin şifahi ənənənin layiqincə yaşaması isə bilavasitə muğam daşıyıcılarından – ustad xanəndə və sazəndələrdən, onların istedadlı şagirdlərindən asılıdır. Artıq ənənəyə çevrilən müsabiqə muğam dünyasına yeni ifaçılar, mahir və istedadlı sənətkarlar bəxş edib. Onların müsabiqədəki qələbələri bu çoxçalarlı sənəti beynəlxalq miqyasda layiqincə təmsil etmək üçün möhkəm zəmin yaradıb. Əminik ki, beşinci dəfə keçirilən Beynəlxalq Muğam müsabiqəsi də yeni istedadları aşkar edəcək, onların yolunu böyük səhnələrə açacaq”.

Sonra instrumental muğam ifaçılığı üzrə püşkatma olub və iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan, Qazaxıstan, Misir, Özbəkistan, İran, Tacikistan, Mərakeş, Suriya, İordaniya, İsraildən olan ifaçılar çıxış ediblər.

İfaçıları Xalq Artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirir. Münsiflər heyətinin tərkibinə Türkiyədən Mehmet Bitmez, Tacikistandan Abduvali Abdurashidov, İrandan Farhad Fakhreddini və Polşadan Piotr Pucylo daxildir.

Fasilədən sonra vokal muğam ifaçılığı üzrə dinləmələr olacaq. Müsabiqədə Azərbaycanla yanaşı, Misir, İran, Özbəkistan, Moldova və Tacikistanı təmsil edən xanəndələr çıxış edəcəklər.

Martın 12-də müsabiqənin ikinci turu baş tutacaq, 13-də isə qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, Bakıda martın 14-dək davam edəcək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilir. Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook