USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Pambiq əkinlərində yeni zərərverici aşkar edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şümlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkar olunub.

Pambıq sahəsindən götürülmüş nümunələrin üzərində aşkar edilmiş zərərvericinin  sarımtıl birəcik - Aphthona lutescens Gyll. (böcəklər dəstəsi-Coleoptera, yarpaqyeyən böcəklər fəsiləsi-Chrysomelidae) olması Respublika Karantin Ekspertiza Mərkəzində təsdiq edilib. Bədən uzunluğu 2 – 2,5 mm olan böcəyin qanadüstlüyü açıq sarımtıl rənglidir.  Pambıq bitkisinin səciyyəvi zərərvericisi olmayan bu böcək alaq otlarının (əsasən söyüdyarpaq ağlarotu bitkisinin) yarpaqları ilə qidalanır. Qeyd olunan ərazidə alaq otları üzərində artıb çoxalan birəciklər yaxınlıqda olan pambıq tarlalarına keçib və çüçərtiləri zədələməyə başlayıblar. 

 Birəciklər yetkin halda müxtəlif yerlərdə, o cümlədən torpağın üst qatında, bitki qalıqlarının altında və digər sığınacaqlarda qışlayırlar. Aprel ayının axırları və may ayının əvvəllərində qışlama yerindən çıxan böcəklər yabanı bitkilərlə qidalanırlar. Tarlalarda mədəni bitkilərin cücərtiləri əmələ gəldiyi zaman böcəklər onların üzərinə keçib , sürətlə qidalanırlar. Qidalanma nəticəsində yarpaqlarda kiçik çökəkliklər əmələ gəlir, zərif yarpaqlarda çökəkciklər tezliklə deşilir. İntensiv yeyilmə nəticəsində iri deşikli zədələr müşahidə olunur. Belə zədələnmə nəticəsində cücərtilər məhv ola bilir, nisbətən iri bitkilər isə böyümə və inkişafdan qalır.

İsti və quru havalar onların zərərli fəaliyyəti üçün daha əlverişlidir. Birəcik yumurtalarıni tarlada torpaq üzərinə qoyur. Yumurtadan çıxan sürfə bitki köklərinin telləri ilə qidalanır və kök ətrafında pup halına keçir. İyunun axırı və iyulun əvvəllərindən etibarən puplardan yetkin birəciklər çıxmağa başlayırlar. Böcəklər alaq otları və mədəni bitkilərlə qidalanır və payızda qışlamaya gedirlər.

Mübarizə tədbirləri: 

Birəciklərin kütləvi çoxalmalarının qarşısını almaq üçün bütün vegetasiya ərzində onların sığınacağı və qida mənbəyi olan alaq otları məhv edilməlidir.

Pambıq bitkisinin sürətlə böyüməsinə və inkişafına şərait yaradan aqrotexniki tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir.

Sahələrdə erkən və dərin dondurma şumu aparılmalıdır.

Vegetasiyanın başlanğıcında pambıq cücərtiləri acetamiprid, karbosulfan, indoxacarb və s. tərkibli insektisidlərin biri ilə dərmanlanmalıdır. Birəcik əleyhinə asetamiprid tərkibli Mosetam (0,2 kq/ha), Aseti Super 20% WP (0,2 kq/ha), Paskal SP (0,2 kq/ha), eləcə də karbosulfan tərkiblı Garant 28% EK (1,5 lt/ha) insektisidləri çox səmərəlidirlər.  Qeyd etmək lazımdır ki, bu preparatlar pambıq bitkisinin mənənə, trips, hörümcək gənəciyi və pambıq sovkası kimi təhlükəli zərərvericilərinin miqdarca tənzimlənməsində də  təsirli mühafizə vasitələridirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio