USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT-nin sessiyasında Azərbaycanın təcrübəsi təqdir olunub

İyunun 4-dən 7-dək Vyanada BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin (UNODC) Korrupsiya Əleyhinə Konvensiyanın İcrasına nəzarət üzrə İmplementasiyanın Təftişi Qrupunun (IRG) 9-cu sessiyası və Vəsaitlərin Qaytarılması üzrə Açıq Hökumətlərarası İşçi Qrupunun (WGAR) 12-ci ikinci sessiyası keçirilib.

 

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, sessiyalarda ölkəmizi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Elnur Musayev, Əmir Ocaqverdiyev və Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşı Rövşən Səfərovdan ibarət nümayəndə heyəti təmsil edib.

 

Birinci iclasda BMT Konvensiyasının implementasiyasına nəzarət mexanizminin ötən il başa çatdırılmış birinci dəyərləndirmə mərhələsinin nəticələri təhlil edilib, katiblik tərəfindən hazırlanmış hesabat dinlənilib. Müzakirələr gedişində ən yaxşı təcrübələr müəyyən olunub, müsbət təcrübənin hazırda davam edən “Korrupsiyanın qarşısının alınması və vəsaitlərin qaytarılması” mövzusuna həsr olunmuş ikinci dəyərləndirmə mərhələsində tətbiqi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda, iclasda təftiş mexanizminin maliyyə hesabatları nəzərdən keçirilərək təsdiq olunub. Üzv ölkələrin ehtiyaclarına uyğun olaraq, texniki yardımın göstərilməsinə dair təcrübələr sessiyada diqqət mərkəzində saxlanılıb.

 

İkinci iclasda isə BMT-nin aidiyyəti qurumları tərəfindən vəsaitlərin qaytarılması ilə bağlı görülmüş tədbirlər diqqətə çatdırılıb. Həmçinin bu sahədə əməkdaşlığın təkmilləşdirilməsi, o cümlədən məlumat mübadiləsinin sürətləndirilməsi, sənəd mübadiləsində formallıq tələbinin yumşaldılması kimi məsələlər müzakirə olunub, ölkələr arasında sorğuların ötürülməsi platformalarının qurulmasına dair təkliflər səsləndirilib.

 

Azərbaycan nümayəndə heyəti iclasda fəal iştirak edərək təftiş mexanizminin təkmilləşdirilməsi, vəsaitlərin qaytarılmasının gücləndirilməsinə dair çıxışlar edib. Bundan başqa, Azərbaycan nümayəndələri təlim məşğələlərinin daim yenilənən materiallar əsasında aparılması, qarşılıqlı hüquqi yardım sahəsində çatışmazlıqların təhlil edilərək onun nəticəsində tərtib olunacaq hesabatların üzv ölkələr arasında yayılması təklifini irəli sürüblər.

 

Nümayəndə heyətinin rəhbəri Elnur Musayev texniki yardım mövzusuna aid hissədə panel üzvü qismində “BMT-nin korrupsiya əleyhinə konvensiyası platformasının və dəyərləndirmə prosesinin korrupsiyaya qarşı mübarizə sahəsində dövlət proqramlarının tərtib olunmasında və texniki yardımın göstərilməsində istifadəsi” mövzusunda çıxış edib. Azərbaycanlı mütəxəssislə yanaşı, paneldə tanınmış beynəlxalq ekspertlər, o cümlədən Vəsaitlərin Qaytarılması üzrə Dünya Bankının layihə rəhbəri Şervin Mejlis və Böyük Britaniyanın Beynəlxalq Hüquqi Əməkdaşlıq və Yardım Təşkilatının məsul əməkdaşı Fil Meyson çıxış ediblər.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş uğurlu islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Azərbaycan nümayəndəsi, həmçinin respublikamızın bu sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən hüquqi şəxslərin cinayət məsuliyyətinin təmin olunması və əmlakın müsadirəsinin dünya standartlarına çatdırılması məsələlərindən danışıb. Eyni zamanda, Elnur Musayev vətəndaşlara xidmət sahəsində dünyada Azərbaycan brendi kimi tanınan və 2015-ci ildə BMT tərəfindən təltif olunmuş “ASAN xidmət” barədə ətraflı məlumat verib. Qurumun fəaliyyətinin tarixi-xronoloji təhlili tədbir iştirakçılarının diqqətinə çatdırılıb və “ASAN xidmət”in qısa vaxtda cəmiyyətdə yüksək etimad qazanması, keyfiyyət, dürüstlük və peşəkarlıq etalonuna çevrilməsi qeyd olunub. “ASAN xidmət”in vətəndaşlara göstərilən xidmətlərin nizamlanması, elektron xidmətlər sahəsində eyniləşdirilmiş yanaşmanın qəbul olunması, dövlət qulluqçularının etik davranış və digər sahələrdə təlimləndirilməsi, yeni xidmət növlərinin formalaşdırılması və hökumətin korrupsiyaya mütənasib cavab tədbiri kimi yaradılması və tanıdılması sahəsində dünya ölkələrinə örnək olduğu diqqətə çatdırılıb. Ölkəmizin bu sahədə texniki yardım qaydasında bilik və bacarıqlarını paylaşmağa hazır olduğu bildirilib.

 

İclasın nəticələri üzrə tərtib olunmuş hesabatda nümayəndə heyətinin tədbirə töhfəsi, xüsusilə çıxış vasitəsilə təqdim etdiyi məlumat qeyd olunmaqla, Azərbaycanda görülmüş tədbirlər nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində qazanılmış müsbət nəticələr əksini tapıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!