USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib Bazar günü Bakıya yağış, bəzi rayonlara isə qar yağacaq Quş qripi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb Rəşad Sadıqov istefaya göndərildi
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

ASAN Radionun xəbərinə görə, təbrik mətnində deyilir:

Hörmətli həmvətənlər!

Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim” on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm.

Əlamətdar haldır ki, builki Ramazan günləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirmişdir. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir.

Əziz bacı və qardaşlarım!

Könül xoşluğu ilə yola saldığımız Ramazan ayı artıq başa çatır. Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyirəm.

Ramazan bayramınız mübarək olsun!

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio