USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda CAMCA Regional Forumu keçirilib

İyunun 22-də ADA Universitetində CAMCA Regional Forumu işə başlayıb.

ASAN Radio xəbər verir ki, CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumunun tarixi və ADA Universitetində keçirilən bu tədbirdə müzakirə olunacaq mövzular haqqında danışan Azərbaycan üzrə milli əlaqələndirici və idarə heyətinin üzvü, SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı ölkəmizin həyata keçirdiyi uğurlu beynəlxalq layihələr haqqında iştirakçılara ətraflı məlumat verib.

Mərkəzi Asiya-Qafqaz İnstitutunun tədqiqat məsələləri üzrə direktoru Svante Kornell tədbirin əhəmiyyətini qeyd edib.

Ramsfeld Fondunun icraçı direktoru Sarah Tonuçi burada müzakirə edilən məsələlərin vacibliyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star isə bildirib ki, bu gün Azərbaycanın ev sahibliyi etdiyi forumun əhəmiyyəti daha böyükdür. Çünki bu gün forumda aparılan təhlillər gələcəyə bir işıqdır.

ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqları salamlayaraq CAMCA Regional Forumunun bu ali təhsil ocağında keçirilməsindən məmnunluğunu bildirib. Rektor Forumda səmərəli müzakirələrin aparılacağına, iştirakçıların Azərbaycanla yaxından tanış olacaqlarına, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə əminliyini bildirib.

Hafiz Paşayev Forum iştirakçılarına ADA universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verib. O, dünyanın 40 ölkəsindən tələbələrin universitetdə təhsil aldığını bildirib. Hafiz Paşayev fürsətdən istifadə edərək, CAMCA Regional Forumunun iştirakçılarını ADA Universiteti ilə sıx əməkdaşlığa dəvət edib.

Qeyd edilib ki, CAMCA Forumu bölgə dövlətləri ilə yanaşı, 20 müxtəlif ölkənin hökumət qurumlarının, biznes sektorunun və elmi dairələrin yüksək səviyyəli nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi artım və inkişaf məsələlərini işıqlandıran müzakirə platformasıdır.

Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində bölgənin 10 ölkəsindən yerli gənc peşəkarlar, beynəlxalq ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə intellektual töhfə verirlər.

Bildirilib ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yazında və payızında elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Birləşmiş Ştatların hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirirlər. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-yə yaxın CAMCA məzunu iştirak edir.

Rektor CAMCA Regional Forumunun təşkilatçılarına və belə mötəbər şəxsləri bir araya gətirən ABŞ-ın Ramsfeld Fonduna təşəkkürünü bildirib və Forum iştirakçılarına uğurlar arzulayıb.

Forumda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Ramsfeld Fondunun fəaliyyətini təqdir etdiyini söyləyib. Baş nazir deyib ki, bu Fondun məqsədi liderlər yetişdirməkdir. Belə qurumlar dövlətlərarası münasibətlərin formalaşmasında böyük rol oynamalı, tənzimləmə prosesində iştirak etməlidir. Ramsfeld Fondu kimi qurumlar daha fəal olmalıdır. Belə olsaydı yəqin ki, beynəlxalq münasibətlər indiki kimi gərgin olmazdı.

Baş nazir qeyd edib ki, XX əsrin sonlarında Varşava Müqaviləsi Təşkilatı və Sovetlər Birliyi dağılandan sonra çox gözəl münasibətlər yarandı, ancaq bu da çox çəkmədi. Yenidən problemlər ortaya çıxdı, lakin indiki qədər gərginliklər yaşanmamışdı. Gərginliklərin səbəbləri müxtəlif ola bilər. Bir sıra incə məsələlər var ki, beynəlxalq arenada təmsil olunan böyük dövlətlər bunları nəzərə almalıdırlar.

Novruz Məmmədov Azərbaycanın dünyanın ən mürəkkəb, eyni zamanda, mühüm regionda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşdiyini vurğulayıb. Əlavə edib ki, Avrasiyanın mərkəzində yerləşən Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Azərbaycan Qərblə, Avropa ilə sıx əməkdaşlıq yolunu seçib və bu günə qədər mövqeyini dəyişməyib, bu istiqamətdə də böyük layihələr icra edib. Azərbaycan Şərq ilə Qərb arasında böyük İpək Yolunu bərpa etmək üçün 20 ildən artıqdır ki, müxtəlif tərəflərlə çalışır və əməkdaşlıq edir. Əlbəttə, Azərbaycana göstərilən dəstək hər zaman yüksək səviyyədə olmayıb, amma proseslər uğurla gedib. Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün çox mühüm addımlar atır. Ölkəmizin indiyə qədər enerji sahəsində uğurlu layihələr həyata keçirdiyini deyən Novruz Məmmədov bunu həm də sabitliyin, təhlükəsizliyin təminatı adlandırıb. Baş nazir enerji sahəsində nailiyyətlərimizin davam etdiyini vurğulayaraq TANAP və TAP kimi irimiqyaslı layihələri misal göstərib.

Baş nazir diqqətə çatdırıb ki, Azərbaycan ötən illər ərzində həm ölkə daxilində, həm də regionda sülhün, təhlükəsizliyin, sabitliyin təminatı üçün çox böyük addımlar atıb. Ölkəmiz dünyada sivilizasiyalararası dialoq istiqamətində prosesə çevrilmiş beynəlxalq tədbir keçirir. Azərbaycan dinlərarası dialoqda anlaşmaya da öz töhfəsini verir. Biz may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurub, qadınlara səsvermə hüququ verib. XIX əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq təəssüf ki, Azərbaycana münasibətdə bu ədaləti görə bilmirik. Azərbaycana müəyyən dəstək verilib, ancaq bu dəstək yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı bir fundamental yazı görmək olmur. Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər məsələyə dair normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin rəhbərləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Azərbaycan 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe gözləyir. Ədalət olmayanda isə yanaşma da düzgün olmur və dünyada belə vəziyyət yaranır, gərginliklər davam edir.

İşini panel iclaslarla davam etdirən Forum iyunun 23-də yekunlaşacaq.

Xatırladaq ki, bundan əvvəl CAMCA forumları 2014-cü ildə Astanada, 2015-ci ildə Ulan-Batorda, 2016-cı ildə Tbilisidə, 2017-ci ildə isə Düşənbədə təşkil edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!