20/10/2018 23:12

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Birjadasan

TAP-ın İtaliya hissəsinin tikintisi dayandırılıb


14.07.2018   12:44


Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin İtaliya marşrutunun inşası işləri yenidən dayandırılıb.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

Lisa Givert qeyd edib ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir: “TAP yay mövsümündə heç bir tikinti işləri aparmayacağına dair öhdəliyinə uyğun olaraq, mikrotunel sahəsində işləri dayandırıb. Podratçı “Saipem S.p.A” şirkəti mikrotunelin inşası üçün çuxurun qazılması işlərini artıq başa çatdırıb”.

Qeyd edək ki, TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində ötən ilin mart-iyul aylarında mikrotunelin tikiləcəyi ərazidən zeytun ağacları çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (“Masseria del Capitano”) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq və onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi başa çatdıqdan sonra həmin zeytun ağacları öz yerlərinə geri qaytarılacaq. Bundan başqa, TAP-ın dəniz hissəsinin inşasında istifadə olunacaq boruların sonuncu partiyası da keçən il sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb.

TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin tikintisini “Saipem S.p.A” şirkəti həyata keçirir. Boru kəmərinin dəniz hissəsi 2018-2019-cu illərdə inşa ediləcək. TAP-ın Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq.

Layihə qrafikə uyğun irəliləyir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizdən çoxu icra edilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 746 kilometrlik ərazi, yəni bu marşrutun 97 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Yunanıstan və Albaniyada boruların 94 faizi qaynaq edilib, onların ümumilikdə 84 faizi torpağa basdırılıb. Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 68 faizi, 520 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Fierdəki stansiyaya turbo kompressorlar çatdırılıb və quraşdırılıb. Fierdəki kompressor stansiyasının tikintisinin ümumilikdə 40 faizdən çoxu tamamlanıb.

Kipoidəki kompressor stansiyasında isə ümumi tikinti işlərinin təxminən 50 faizdən çoxu görülüb. Üç turbo kompressorun hər biri quraşdırılıb. Binanın üst tikililəri demək olar ki, hazırdır. Hazırda boru, mexaniki və elektrik işlərinə başlanılıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasındakı işlərə keçən ilin birinci rübündə başlanılıb. Hazırda tikinti işlərinin 40 faizi yekunlaşıb.

Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

Xatırladaq ki, bu ay Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) TAP layihəsinə 500 milyon avroyadək kredit ayrılmasını təsdiq edib. Bank TAP-ın Avropa İttifaqı üçün əhəmiyyətli layihə olduğunu vurğulayıb. Fevralın 6-da isə Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirib ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.

TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentidir.

Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna TAP-a 3 milyard avro sərf olunub. Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9,1 milyard dollar vəsaitin isə 0,7 milyard dollardan çoxu TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin dəyərinə dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə həyata keçirib. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Kəmərin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinliyindən keçəcək. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq. TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).




Xəbər lenti

20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook