USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq

"Əminik ki, İtaliya ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda İtaliya Prezidenti Sercio Mattarella ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Bu səfər İtaliya Prezidentinin Azərbaycana ilk səfəridir. Bu səfər tarixi bir səfərdir. İlk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Mənim dəvətimi qəbul etdiyiniz üçün Sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu keçəcək və İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”.

İlham Əliyev xatırladıb ki, İtaliya hazırda ATƏT-in sədridir: “Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaqdır. Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”.

Dövlət başçısı qeyd edib ki, bir həftə bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlığın prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına bir daha Avropa İttifaqı tərəfindən dəstək göstərilib: “Bir gün ondan sonra NATO Zirvə görüşünün nəticəsində qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dəstəklənib. Yəni, heç kəs üçün sirr deyil ki, Ermənistan bizim tarixi torpaqlarımızı qanunsuz yollarla zəbt edib və bu torpaqlardan çıxmalıdır. Ancaq bundan sonra bölgədə sülh, əməkdaşlıq ola bilər və ancaq bundan sonra Cənubi Qafqazda geniş miqyasda əməkdaşlıq aparıla bilər.

Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri müzakirə etdik. İtaliyanın bu məsələlərlə bağlı çox müsbət rolu və mövqeyi var. Ümid edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş imzalanacaq. Saziş üzərində iş aparılır və biz Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq bəyannamələri imzaladıq, qəbul etdik. Doqquz ölkə ilə, o cümlədən İtaliya ilə belə bəyannamələr qəbul edildi. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir. Bu, çox ciddi siyasi sənəddir, əslində bizim bir-birimizə olan münasibəti və gələcək əməkdaşlıq formatını göstərir və müəyyən edir.

O ki qaldı ikitərəfli əlaqələrə, qeyd etdiyim kimi, biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır.

İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu gün açılacaq polimer zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir. Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən Prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə, biz bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik.

Biz cənab Prezident Sercio Mattarella ilə bu gün mədəniyyət, təhsil sahələrindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq və danışıqların sonunda belə bir qərara gəldik ki, bu gün gündəlikdə olan məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Bütün məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminəm ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik.

Cənab Prezident, Sizi və bütün nümayəndə heyətini Azərbaycanda bir daha salamlayıram, xoş gəlmisiniz”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!