USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünya mediasında

Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması beynəlxalq ictimaiyyətin, dünya mediasının diqqət mərkəzindədir. AZƏRTAC-ın xaricdəki müxbir məntəqələrindən verilən məlumatlara görə, dünyanın aparıcı informasiya agentlikləri bu mövzuya geniş yer ayırır, diqqəti imzalanan sənədin tarixi əhəmiyyətinə yönəldirlər.

 

Böyük Britaniyanın “BBC” yayım korporasiyasının Xəzərin hüquqi statusuna dair Konvensiya ilə bağlı yaydığı xəbərdə deyilir ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin sərhədlərinin bölünməsi ilə bağlı razılığa gələrək Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalamaqla Xəzərin ehtiyatlarının bölüşdürülməsinə dair bir düstur yaradıblar.

 

ABŞ-ın “Washington Times” qəzeti yazır ki, beş ölkənin liderləri on illiklər boyu davam edən qeyri-müəyyənlikləri sona çatdırmağa dair Konvensiyanı imzalayıblar. “Nyu-York Times”ın dərc etdiyi məqalədə isə vurğulanır ki, Xəzər hövzəsindəki beş ölkə potensial olaraq geniş neft və qaz ehtiyatlarını bölüşdürmək üçün bir düsturla razılaşıb. İmzalanan Konvensiyada sahilyanı ölkələrin maraqlarının balansının əks olunub.

 

Çinin “Sinxua” agentliyi Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı xəbərində qeyd edir ki, sənəd delimitasiya, naviqasiya və balıqçılıq rejimi məsələlərini aydın şəkildə tənzimləyir, iştirakçı ölkələrin qarşılıqlı hərbi-siyasi fəaliyyət prinsiplərini nizamlayır və Xəzər dənizinin yalnız sülh məqsədləri üçün istifadə olunmasına zəmanət verir.

 

Çinin mərkəzi televiziyası CCTV də konvensiyanın əhəmiyyətini qeyd edərək xəbər verir ki, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində imzalanan sazişlə Xəzərin hüquqi statusunun tənzimlənməsi üçün lazımi baza təmin olunacaq.

 

Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı Almaniya mediasında da günün baş xəbəri kimi təqdim olunub. Spiegel”, “Die Zeit”, “Deutsche Welle”, “ZDF”, “DLF” və digər nüfuzlu KİV-lər dünyada ən böyük daxili su hövzəsi hesab edilən Xəzər dənizinin sahilində yerləşən beş dövlətin uzun sürən danışıqlardan sonra Xəzərin hüquqi statusu barədə razılığa gələrək Konvensiya imzalamasını mühüm hadisə kimi dəyərləndirirlər. Qeyd olunur ki, Konvensiyaya əsasən 15 millik zona Xəzəryanı dövlətlərin ərazi suları hesab edilib. Əlavə olaraq 10 millik zonada sərbəst balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ rəsmiləşdirilir və digər dövlətlərin hərbi gəmilərinin Xəzər dənizinə buraxılmamasına dair də razılıq əldə olunub. Yazılarda Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda Xəzərin bölgüsü məsələsində sərgilədiyi mövqe və maraqlar nəzərdən keçirilib. Həmçinin Türkmənistanın öz qazını Azərbaycan ərazisindən keçməklə Avropa bazarına çıxarmaqda maraqlı olduğu vurğulanıb.

 

“Euronews” telekanalı Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısını geniş işıqlandırıb. Bununla bağlı təqdim olunan süjetdə qeyd edilir ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin Zirvə toplantısı tarixi sənədin – Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb. Bildirilib ki, Konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sənədi Xəzər dənizinin konstitusiyası adlandırıb. Sənədə əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək.

 

Türkiyənin aparıcı media qurumları Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini tarixi hadisə kimi dəyərləndirirlər. Anadolu agentliyi, “ahaber”, “trthaber”, “haberturk” xəbər portalları, “Millət” və “Hüriyyət” qəzetləri və digər KİV-lər mövzu ilə bağlı məlumatlarında Xəzər dənizinin hüququ statusuna dair danışıqların iyirmi ildən çox müddətdə davam etdiyini bildirir, sənədin əhəmiyyətindən ətraflı bəhs edirlər. Türkiyə mediası, həmçinin Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları və tranzit imkanları, eləcə də bu məsələlərin imzalanan beynəlxalq sənəddə əksini tapmasına da diqqət yetirirlər.

 

“Times of İslamabad” agentliyi Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin uzun müddət davam edən danışıqlardan sonra imzaladıqları sənədin Xəzər dənizinin kollektiv istifadəsinə yol açdığını bildirir.

 

Ukraynanın “Ukrinform” və “UNİAN”, Belarusun “BELTA” və “Sputnik” informasiya agentliklərində yayımlanan xəbərlərdə Xəzərin statusunun müəyyənləşdirilməsi tarixi uğur kimi qiymətləndirilir. Vurğulanır ki, Konvensiyaya əsasən, Xəzər dənizindəki böyük neft və qaz ehtiyatlarının bölünməsi prinsipi əksini tapıb. Belə ki, Xəzər dənizinin enerji resursları tərəflər arasında imzalanacaq növbəti müqavilələrə uyğun olaraq bölünəcək. Dövlət başçıları ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq.

 

Qazaxıstanın kütləvi informasiya vasitələrində Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı geniş işıqlandırılıb. “Egemen” qəzeti, “Kazinform” informasiya agentliyi, “Bnews.kz”, “365.kz”, “TengriNews.kz” saytlarında dərc olunana materiallar və reportajlarda Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın dövlət başçısı ilə görüşünə və Konvensiyanın əhəmiyyətinə xüsusi diqqət ayrılıb.

 

Səudiyyə Ərəbistanı Krallığının “Əl-Şərq Əl-Ausat” qəzeti Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanı geniş şərh edib. Qəzetdə dərc olunan məqalədə Konvensiyanın regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracağı, su resurslarından istifadəni tənzimləyəcəyi qeyd edilir. Diqqətə çatdırılır ki, orta xətt prinsipi əsasında hazırlanan Konvensiya Xəzərə həm göl, həm də dəniz yanaşmalarını nəzərə alır. Ona görə də Xəzərə siyasi-hüquqi baxımdan xüsusi obyekt kimi yanaşılacaq.

 

Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısını və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayan BMT-nin baş katibi Antonio Quterreş bunu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. Baş katibin dünya mediasında yayılan bəyanatında qeyd olunur ki, bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.

 

“S and P Global” ticarət korporasiyasının saytında yerləşdirilən yazıda vurğulanır ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regional əməkdaşlığı nümayiş etdirir. Bildirilir ki, sualtı boru kəmərlərinin inşası üçün geniş imkanlar açan bu sənəd qlobal neft layihələrinin reallaşmasına təkan verəcək.

 

Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması sözsüz ki, çox əhəmiyyətli hadisədir və Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır. Bu fikri isə AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa söyləyib. Deputat bildirib ki, bu Konvensiya Xəzəryanı ölkələrin Xəzər dənizində birgə layihələr həyata keçirmələri üçün yeni imkanlar açacaq. “Bununla da Xəzəryanı ölkələr öz milli maraqları ilə yanaşı, təhlükəsizliklərini də təmin edə bilərlər”,- deyə deputat vurğulayıb.

 

Digər nüfuzlu media qurumları da Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında imzalanan sənədləri yüksək dəyərləndirərək qeyd edirlər ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin imzaladığı Konvensiya ilk dəfə olaraq əraziyə çıxışın paylaşdırılması üçün hüquqi baza yaradır. Sənəd Xəzər dənizində bəzi mühüm neft və qaz layihələrinin işlənib-hazırlanmasını asanlaşdıra bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!