USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan XİN Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

"1993-cü ilin avqustun 23-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib".

Bunu Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O qeyd edib ki, işğal nəticəsində Füzuli sakinlərindən 657 nəfər şəhid, 400 nəfər müharibə əlili olub, 181 nəfər isə əsir və itkin düşüb: "Cəbrayıl rayonundan da 400 nəfərə yaxın şəhid və 177 müharibə əlili olub, 91 nəfər isə əsir və itkin düşüb. Hal-hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxın nəfəri rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalan hissəsi isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır. 79,9 min nəfərlik Cəbrayıl əhalisinin əksər hissəsi hələ ki, Azərbaycanın müxtəlif güşələrində məcburi köçkün olaraq məskunlaşmağa məcburdur.

Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Füzuli və Cəbrayıl rayonlarında da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında Füzuli şəhərinin yaxınlığında e.ə. III minilliyə aid Qaraköpəktəpə arxeoloji abidələri, Aşağı Veysəli kəndindəki XIII-XIV əsrlərə aid Mirəli türbəsi, Qarğabazar kəndindəki XVII əsrə aid məscid, karvansara və sair qeyd oluna bilər. Cəbrayıl rayonu ərazisində isə Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıntılara və talana məruz qalıb.

Ermənistan Respublikası Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan ermənilər daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir. Bəzi fərdi hallar istisna olmaqla, ermənilərin heç zaman icma şəklində yaşamadığı Cəbrayıl rayonu ərazisində kilsənin tikilməsi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək və münaqişəyə dini don geyindirmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Horadiz şəhərinin işğalı kəskin şəkildə pislənilib və Horadiz şəhəri daxil olmaqla, Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Horadiz şəhərindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə əməl edilməyib.

Yalnız Azərbaycan Respublikası Sılahlı Qüvvələrinin 5 yanvar 1994-cü il tarixindən etibarən həyata keçirdiyi əks-həmlə tədbirləri nəticəsində nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.

2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lalətəpə yüksəkliyinin işğaldan azad edilməsi və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraitinin təmin olunmasından sonra Azərbaycan Respublikası hökuməti tərəfindən kəndin minalardan təmizlənməsi, yenidən qurulması və məcburi köçkünlərin şərəfli və ləyaqətli şəkildə kəndə geri qayıtması təmin olunub. Füzuli rayonunun işğaldan azad edilmiş hissələrində, Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikası hökumətinin həyata keçirdiyi quruculuq işləri Azərbaycanın işğal edilmiş ərazilərin azad edilməsi, bərpa edilməsi və məcburi köçkünlərin şərəfli və təhlükəsiz şəraitdə geri qayıtmasının təmin olunması istiqamətində əzminin göstəricisidir.

Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!