19/09/2018 13:22

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


Rəsmi

Prezident: Bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir


14.09.2018   16:16


Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verib. Sonra dövlət başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşüb. Azərbaycan Prezidenti görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir olsun, mən sizi ürəkdən salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ili ərəfəsində biz Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yeni məktəbin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə verilən məlumata görə, bu yaşayış massivində məktəb yox idi. Ona görə həm uşaqlar, həm valideynlər böyük əziyyət çəkirdilər. Göstəriş verildi və qısa müddət ərzində belə gözəl məktəb tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək üçün bütün şərait yaradılıb. Ərazisi də böyükdür. Böyük idman meydançası var. Yəni, burada işlər ən yüksək səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir.

Əlbəttə, harada ki, məktəbin inşasına ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul oluruq, o cümlədən bu yerdə. Demək istəyirəm ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.

Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir.

Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar.

Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb. İndi baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik.

Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirən valideyn Hacıbala BABAYEV dedi:

-Cənab Prezident, Maştağa sakinləri adından Sizi ürəkdən salamlayır və Sizə “Xoş gəlmisiniz!” deyirik.

Cənab Prezident, bu gün bizim çoxdan arzuladığımız bir gündür. Bu yeni təhsil ocağı övladlarımızın xoş gələcəyini göstərir.

Cənab Prezident, biz bu münasibətlə Sizə Maştağa qəsəbəsinin və yeni yaşayış massivinin sakinləri adından ürəkdən “Çox sağ olun!” deyirik. Sizi əmin edirik ki, bu məktəbdə təhsil alacaq gənclərimiz gələcəkdə dövlətinə, millətinə, Prezidentinə layiqli övladlar olacaqlar.

Uzun illərdir ki, cənab Prezident, bizim övladlarımız çətinliklə uzaq məsafə qət edərək təkcə Maştağa qəsəbəsindəki orta məktəblərdə deyil, rayonumuzun digər qəsəbələrindəki məktəblərdə də təhsil alırdılar. Bu da övladlarımız üçün çətinlik yaradır, biz valideynləri narahat edirdi. Çox sağ olun ki, cənab Prezident, Sizin təhsilə və biz sakinlərə göstərdiyiniz qayğının nəticəsində bu narahatlığımıza son qoyuldu.

Cənab Prezident, biz daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və həmişə Sizinləyik.

Möhtərəm cənab Prezident, biz sakinlər adından Sizə, Sizin ailənizə, övladlarınıza cansağlığı, uzun ömür, işlərinizdə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Dövlətimizin başçısı müəllimlərlə söhbət etdi.

Müəllimə Arizə MAHMUDOVA: Cənab Prezident, Sizi salamlayırıq, “Xoş gəlmisiniz!” deyirik. Tikilən bu möhtəşəm bina bizim narahatlığımıza son qoydu. Buna görə də Sizə dərindən minnətdarıq, Allah Sizi var eləsin!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Burada neçə müəllim işləyir?

Direktor Qənirə ƏMİRCANOVA: 70 müəllim fəaliyyət göstərəcək. 960 nəfərlik şagird heyəti nəzərdə tutulub. İnşallah, çox yaxın müddət ərzində məktəb fəaliyyətə başlayacaq.

Prezident İlham ƏLİYEV: Bəli, mütləq. Müəllimlər başqa məktəblərdən gəliblər.

Qənirə ƏMİRCANOVA: Bəli, nümunəvi məktəblərdən seçiləcək. Çünki bu cür məktəbdə elə müəllimlər işləməlidirlər ki, həqiqətən layiqli olsunlar.

Prezident İlham ƏLİYEV: Təhsilin səviyyəsi yüksək olmalıdır. Uşaqlar da gedib Maştağa qəsəbəsində oxuyurdular.

Qənirə ƏMİRCANOVA: Bəli, kənar yerdə oxuyurdular.

Prezident İlham ƏLİYEV: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik yaradırdı. Savalan yaşayış massivində son illər əhali artıb.

Qənirə ƏMİRCANOVA: Bəli, 30 minə yaxınlaşıb, 25 mindən artıqdır.

Prezident İlham ƏLİYEV: Yəqin ki, gələcəkdə bir məktəbin tikintisinə də ehtiyac olacaq.

Qənirə ƏMİRCANOVA: Bizim orada sahəmiz də var. Planlaşdırılır, hərtərəfli perspektiv düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Yaxşı ki, siz bu məsələni qaldırdınız. Mənə məlumat çatan kimi dərhal göstəriş verdim ki, tezliklə məktəb tikilsin. Bu, bir daha onu göstərir ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən qaldırılsın. Mən dəfələrlə çıxışlarımda demişəm ki, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də bizi narahat edən məsələlər kifayət qədər var və onları həll etmək üçün gərək bizdə məlumat olsun. İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır. Ona görə bir daha bu fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək.

Qənirə ƏMİRCANOVA: Biz də çox sevinirik ki, Siz buna dərhal reaksiya verirsiniz. Yəni, bunu arxa plana keçirmirsiniz. Elə bil ki, bu, Sizin stolunuzun üstündə gündəlik bir məsələdir. Bu, sakinləri, bütün xalqı, bütün milləti çox sevindirir.

Prezident İlham ƏLİYEV: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri həll etməkdən ibarətdir ki, insanları narahat edən məsələlər aradan götürülsün. İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha da çox iş görə bilək. Ona görə hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl təşəbbüsün təzahürüdür. Vətəndaşlar müraciət ediblər, biz isə tezliklə göstəriş verib bunu təşkil etmişik və bu gün burada yeni dərs ili ərəfəsində bərabər sevinirik.

Qənirə ƏMİRCANOVA: Siz bizim sevincimizə qatıldığınız, bizimlə bərabər sevindiyiniz üçün biz ikiqat sevinirik.

Prezident İlham ƏLİYEV: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb istifadəyə verilib. Bəziləri tikilib, bəziləri əsaslı təmir edilib. Adətən yeni dərs ili ərəfəsində mən məktəblərin vəziyyəti ilə tanış oluram. Əvvəlki illərdə adətən bir məktəb seçilirdi ki, biz bu məktəbdə öz sözümüzü deyək. Bu il mən xüsusilə bu məktəbi seçdim. Çünki bu məktəbin çox özəl yeri var, bax, dediyim bu məsələlərə görə. Ona görə bir daha sizi təbrik edirəm.

X X X

Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.




Xəbər lenti

19 Sentyabr
18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook