USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xocavəndsiz 26 il

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür.

ASAN Radio xəbər verir ki, 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.

1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilərək dağıdılıb.

Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Rayonun relyefi əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Bu dağların çox hissəsi palıd, cökə, fıstıq, vələs meşəsi ilə örtülüb. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Özünəməxsus təbii sərvətləri olan Xocavənddə ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.

Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Xocavənd ərazisində çoxlu sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarca digər abidələr 26 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!