20/10/2018 21:28

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


Mədəniyyət

Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb 


10.10.2018   13:34


Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

 

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüb.

 

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabr tarixinin İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb:

 

“Aida xanımın sağlığında bu günü təntənəli keçirirdik, onu tər çiçəklərlə təbrik edirdik. Çox təəssüf ki, Aida xanımın doğum gününü artıq onsuz, onun məzarı başında keçiririk. Aida xanımın vaxtsız həyatdan getməsi bizim hər birimiz, bütün kollektivimiz üçün həqiqətən çox böyük itki oldu. Aida xanımın həyatdan getməsi ilə institutumuzda yaranmış boşluq hələ də dolmur. Hamımız o boşluğu hiss edirik”.

 

G.Baxşəliyeva qeyd edib ki, onu sevənlərin qəlbində, xatirələrində silinməz bir iz qoyan Aida İmanquliyeva Azərbaycanın şərqşünaslıq elmində də böyük iz qoyub. Onun yazdığı əsərlər bu gün də şərqşünaslıq elmində xüsusi yer tutur, ərəb ədəbiyyatşünaslığında böyük rol oynayır.

 

Professor vurğulayıb ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini beynəlxalq miqyasda çox ləyaqətlə təmsil edirdi:

 

“Aida xanım Azərbaycan şərqşünaslıq elmini istər şərq, istər qərb, istərsə də keçmiş sovet respublikalarında böyük ləyaqətlə təmsil edirdi. Aida İmanquliyevanın əsərləri ona hələ sağlığında nəinki ümumittifaq, hətta beynəlxalq şöhrət gətirmişdi. Onun əsərləri SSRİ-də daim öyrənilirdi. Ərəb mühacirət ədəbiyyatı ilə məşğul olanlar mütləq şəkildə onun əsərlərini araşdırır, ona istinad edirdilər. Aida xanım həm də gözəl elm təşkilatçısı idi, elm təşkilatçısı kimi institutumuzda böyük işlər gördü. O, bir neçə il direktor müavini vəzifəsində çalışdı, daha sonra direktor oldu”.

 

G.Baxşəliyeva Azərbaycan şərqşünaslığında yeni dövrün ərəb ədəbiyyatı araşdırıcısı və ərəb dili üzrə ilk elmlər doktoru olan Аida хаnım İmanquliyevanın rəhbərliyi ilə bir çox elmi kadrların hazırlandığını da bildirib.

 

O, Aida İmanquliyevanın çox parlaq şəxsiyyət olduğunu nəzərə çatdırıb: “O, öz xarakteri ilə bütün kollektivin sevgisini qazanmışdı. Onun dünyadan vaxtsız getməsi bütün şərqşünaslar, Azərbaycanın bütün elmi ictimaiyyəti üçün çox böyük itki oldu. Elmimizdə onun yoxluğu ilə yaranmış boşluğu biz bu gün də hiss edirik. Bu gün bizim təsəllimiz odur ki, Aida xanımın tələbələri onun elmdə açdığı cığırla gedirlər. Təsəllimiz həm də odur ki, Aida xanımın yadigarı olan Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görür. O, Azərbaycanın mədəniyyətini, tarixini bütün dünyaya tanıtdırır. Hesab edirəm ki, Aida xanımın verdiyi tərbiyə nəticəsində Mehriban xanım ömrünü həsr etdiyi işlərlə belə vətənpərvərcəsinə, fədakarcasına məşğul olur. O, bu gün Azərbaycanın haqq səsinin dünyada ucaldılmasına çox böyük töhfələr verir. Aida xanımın digər yadigarı Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin açılması da tarixdə görünməmiş bir işdir. Bu mərkəzin açılması Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən, Nizami Gəncəvinin məhz azərbaycanlı olduğunu dünyaya göstərən bir işdir”.

 

Aida İmanquliyevanın tələbəsi olan tarix elmləri namizədi Fərda Əsədov bildirib ki, Aida xanımın xatirəsi anılarkən onun elmə verdiyi töhfələr mütləq qeyd edilməlidir:

 

“Çünki onun əsərləri abidə kimi qalır. Həmin əsərləri rəhbər tutan alimlər onlardan çox məlumat öyrənirlər. Aida xanım həm müəllim, həm elmi rəhbər, inzibatçı, həm də böyük insan olub. Mən Aida xanımın xatirəsi haqqında düşünəndə daha çox onun mədəniyyət, davranış, insaniyyət dərslərini xatırlayıram. Aida xanımın verdiyi insaniyyət, mədəniyyət, davranış dərsləri önəmli dərslər olub. Bu dərslər gündəlik həyatımızda bizim üçün rəhbər olan böyük dərslər, gözəl insanın bizə verdiyi gözəl nəsihətlərdir. Onun xatirəsi hər bir zaman ürəklərimizdə yaşayacaq”.




Xəbər lenti

20 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook