USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
13 oktyabr polad magistrallarda çalışanların peşə bayramıdır

Bu gün Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyev 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama görə, oktyabrın 13-ü – Müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün - hər il Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd edilir.

 

ASAN Radio xəbər verir ki, bu peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti bir neçə Sərəncam imzalayıb. Dəmir yolu nəqliyyatının iki işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib, Azərbaycan dəmir yolu nəqliyyatının on doqquz işçisi “Tərəqqi” medalı ilə təltif olunub, iki nəfərə “Əməkdar mühəndis”, 1 nəfərə isə - dəmiryolçu veteran Əli Məmmədova Azərbaycan Respublikasının Prezidentinin fərdi pensiyası təqdim edib.

 

138 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm bir inkişaf yolu keçib. Azərbaycanda dəmir yol tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmiryolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib. Hazırda Azərbaycan Dəmir Yollarının ümumi uzunluğu 2910,1 kilometr, istismar edilən yolların uzunluğu isə 2079,3 kilometrdir. Bu yolların 802,3 kilometri ikikoleyalıdır.

 

Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir. Keçən il oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istifadəyə verilib. “Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatı ilə bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. İndiyədək BTQ ilə 3 min konteyner və vaqon daşınıb. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir. Bu yol 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır. BTQ ilə gələcəkdə 15 milyon tona qədər yük daşımaq mümkün olacaq. Həmçinin gələn ildən Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin də daşınması nəzərdə tutulub və bu da turizmin inkişafına yeni bir nəfəs gətirəcək.

 

Müstəqil Azərbaycan böyük uğurlar qazanıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi dəyişikliklər sayəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir. Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu dövrdə respublikanın polad magistralı daim onun diqqət və qayğı obyekti olub. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə inkişaf etdirilir və modernləşdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir.

 

Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpüdür. Hazırda ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat və logistika sektorunun roluna böyük ümidlər bəslənilir.

 

Strateji əhəmiyyətli bir regionda – şimaldan cənuba və şərqdən qərbə doğru iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlərboyu bu dəhlizlər arasında unikal körpü rolunu oynayıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə intensiv iş aparılır. Proqnozlar göstərir ki, “Şimal-Cənub” dəhlizi tam gücü ilə işə düşdükdə Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistan istiqamətində çıxışına şərait yaradacaq, Qara dəniz limanları ilə Xəzəryanı dövlətlərin ticarət münasibətlərinin intensivləşməsinə gətirib çıxaracaq. Bu dəhliz dəmir yolu daşımalarını və müvafiq surətdə həm yerli, həm də tranzit marşrutlarla Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında daşımalar hesabına dəmir yolu nəqliyyatının gəlirlərini artırmağa imkan verəcək.

 

Xəzər dənizində ən iri liman olan yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan dəmir yolları ilə yükdaşımaların artırılmasına şərait yaradır. Bu liman Böyük İpək Yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir. Bakı Limanında konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 19 961 konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da müvafiq dövr ilə müqayisədə 81.9 faiz artım deməkdir. 2017-ci ildə konteynerlərin sayı 10 970 TEU təşkil edib.

 

Hazırda dəmir yollarının inkişafı istiqamətində bir sıra işlər görülməkdədir. Bunlara Bakıətrafı qəsəbə və kəndləri birləşdirən dairəvi dəmir yolunun çəkilməsi, Bakı-Qəbələ, Bakı-Lənkəran dəmir yolunun tikintisi daxildir. Azərbaycan Dəmir Yollarının vaqon parkı daim yenilənir, müasir vaqonlar, yük və sərnişin qatarları alınır, köhnə qatarlar yenidən təmir olunaraq istifadəyə verilir. Bu il tətbiq olunan yeniliklərdən biri isə Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına bilet satışı sistemi ilə yanaşı, elektron plastik ödəniş kartları tətbiq edilir. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub. Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.

 

Dəmir yollarının modernləşdirilməsi ilə yanaşı sərnişinlərə göstərilən xidməti də müasir standartlara uyğun həyata keçirmək üçün dəmir yolu vağzalları də yenidən qurulur və təmir olunur. Avropa və Şərq memarlıq elementlərinin üzvi surətdə qovuşduğu orijinal arxitektura kompleksi olan Bakı sərnişin vağzalının əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərti ilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edirlər. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb. Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir.

 

Azərbaycanın polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Ölkəmiz böyük əhəmiyyətə malik beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!