Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.
“Report”un məlumatına görə, komandalar Millətlər Liqasının oyunları ilə əlaqədar yaranmış fasilədən sonra VIII tur çərçivəsində üz-üzə gələcəklər. Həftənin matçları iki günü əhatə edəcək.
Turun açılış, eyni zamanda mərkəzi görüşü Qəbələdə olacaq. Burada şəhərin eyniadlı təmsilçisi ilə “Neftçi” qarşılaşacaq. Son illər çempionluq uğrunda mübarizə aparan meydan sahibləri bu mövsüm özlərinə bənzəmirlər. Komandanın 5 xalla 6-cı pillədə qərarlaşması baş məşqçi Sənan Qurbanovun istefaya göndəriləcəyi ilə bağlı söhbətlərə yol açıb.
“Neftçi” isə son illər mövsümə ən yaxşı başlanğıcını edib. İtaliyalı Roberto Bordinin rəhbərlik etdiyi kollektiv 19 xalla liderdir. “Ağ-qaralar” cari çempionatda “Qarabağ”la birgə "məğlubedilməzlər" ünvanını qorumaqdadır.
“Qəbələ” və “Neftçi” indiyə qədər milli çempionatlarda 41 dəfə qarşılaşıb. Bunlardan 15-də əyalət təmsilçisi, 18-də paytaxt klubu qalib gəlib. Bakılılar ardıcıl 3 qələbə qazanıb və meydanı qolsuz tərk etməyib. “Qəbələ” son 5 ev oyununda qol sevinci yaşayıb.
Günün ikinci matçı çempion “Qarabağ”la “Səbail” arasında olacaq. Ağdamlılar 16 xalla 2-ci pillədə qərarlaşsalar da, liderdən 1 oyun az keçiriblər. 10 xala malik "Səbail" isə “Sumqayıt” və “Sabah”la birgə 3 - 5-ci pillələri bölüşür. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu rəqiblə əvvəlki 5 görüşün hamısında qələbə qazanıb. “Səbail” bu oyunlarda qol vura bilməyib və qapısında 7 top görüb.
Bazar günü ilk matç “Sumqayıt” və “Sabah” arasında keçiriləcək. “Kapital Bank Arena” təmirdə olduğu üçün Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv debütantı “Dalğa Arena”da qəbul edəcək. Bu kollektivlər arasında ilk dövrədə baş tutmuş dueldə sumqayıtlılar 4:1 hesabı ilə qalib gəliblər.
Turun son qarşılaşmasında “Keşlə” “Zirə”ni qəbul edəcək. Hər iki komanda cari mövsümə yaxşı başlaya bilməyib və son iki pilləni bölüşürlər. Qonaq klub ilk 2 turdan sonra baş məşqçi postunda Ayxan Abbasovu Samir Abasovla əvəzləyib. Meydan sahiblərinin rəhbərliyi isə yayda kollektivi Mladen Milinkoviçə tapşırsa da, bu gedişlə serbiyalı mütəxəssislə yollar ayrılacaq.
Hazırda 2 xalla sonuncu yerdə qərarlaşan “Keşlə” və 4 xalla 7-ci sıradakı “Zirə” daha əvvəl 13 dəfə görüşüblər. Bu matçlardan 3-də keşləlilər, 2-də qəsəbə təmsilçiləri qalib gəliblər. Səkkiz oyunda isə heç-heçə qeydə alınıb.
“Keşlə” 3 oyundur bu rəqibə uduzmur. “Zirə” son 9 matçda meydanı qolsuz tərk etməyib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!