USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub

Oktyabrın 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə dünya şöhrətli nasir, Qırğızıstan SSR-in Xalq yazıçısı, Qazaxıstanın Xalq yazıçısı, Qırğız Respublikasının Qəhrəmanı, Qırğızıstan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ-nin üç Dövlət Mükafatı Laureatı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında qırğız dilində tamaşa göstərilib.

Mədəniyyət Nazirliyindən Azvision.az-a verilən məlumata görə, tamaşadan əvvəl çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva premyeranın XX əsrin görkəmli söz ustası, türk dünyasının böyük oğlu Çingiz Aytmatovun 90 illiyinə həsr olunduğunu qeyd edib. O deyib ki, dahi yazıçının əsərləri vətənpərvərliklə yoğrulub, onlarda qırğız xalqının həyatı və istəklərindən bəhs olunub, Qırğızıstanın zəngin mədəniyyəti və adət-ənənələri öz əksini tapıb. Yazıçının əsərləri bütün dünyada maraqla oxunur. G.Əfəndiyeva yubiley tədbirinin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə, Yazıçılar İttifaqına, Qırğız Respublikasının ölkəmizdəki səfirliyinə və Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TürkPA) təşəkkürünü bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli yazıçının xatirə gecəsinin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edərək vurğulayıb ki, bu cür tədbirlər qardaş türk xalqlarını daha da yaxınlaşdırır. “Çingiz Terekuloviç dahi nasir idi. Oxucuların pərəstiş etdiyi bu şəxsiyyət özündən sonra böyük irs qoyub, onun xatirəsi əbədi yaşayacaq. O, Azərbaycanı çox sevirdi, xalqımıza böyük sevgi hissləri bəsləyirdi, tez-tez ölkəmizə gəlirdi. Azərbaycan Mədəniyyət Nazirliyi də böyük yazıçının 90 illiyi münasibətilə dekabr ayında nəzərdə tutulmuş genişmiqyaslı tədbirlərə hazırlaşır. Qeyd etmək istəyirəm ki, mənim Çingiz Aytmatovla şəxsi tanışlığım olub, o, çox gözəl insan idi. Bu dahi yazıçı türk dünyasının fəxridir. Onunla vida mərasimində iştirakımı xatırlayıram. Bu, əvəzedilməz itkidir”, - deyə nazir əlavə edib.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovla bağlı xatirələrini bölüşərək deyib ki, dahi qələm ustası dünyaya çoxlu sayda məşhur əsərlər bəxş edib. Onun istedadı Allah vergisi idi. “Çingizin uşaqlıq və yeniyetməlik illəri ağır keçib, onun atası Stalin repressiyalarının qurbanı olub. Bu, yazıçının yaradıcılığına da təsirsiz ötüşməyib, onun mənəvi dəyərlərin ön planda olduğu bütün əsərləri oxucuda dərin təəssürat doğurur. Biz Çingiz Terekuloviçlə Bakıda, Bişkekdə, Ankarada və digər şəhərlərdə dəfələrlə görüşmüşük, onunla öz düşüncələrimi bölüşmüşəm və həmişə dəstək görmüşəm”, - deyə Anar bildirib.

Çingiz Aytmatovun oğlu, qırğız diplomatı və dövlət xadimi Əskər Aytmatov atası haqqında xatirələrini bölüşüb, dahi yazıçının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. “Xatırlayıram, uşaqlıq illərimdə, 8 yaşım olanda atam məni özü ilə Bakıya ezamiyyətə apardı. Bu, mənim xarici ölkəyə ilk səfərim idi. Mən hələ o vaxt Bakını və Azərbaycanı sevdim və bu sevgini həyatım boyu yaşadıram. Bilirəm ki, sizin ölkənizdə atamın yaradıcılığının pərəstişkarı çoxdur. Bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bugünkü tamaşa da böyük uğur qazanacaq, axı məhəbbət haqqında ballada olan “Cəmilə” povesti Çingiz Aytmatovun ən populyar əsərlərindən biridir. Bu gün bizimlə burada olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Ə.Aytmatov əlavə edib.

Tamaşanın baş prodüseri “ASSOL” Holdinqin direktoru Assol Moldokmatova “Çingiz üçün ağı” şeirini söyləyib, vurğulayıb ki, Çingiz Aytmatov incə qəlbli insan kimi həmişə dostlarının köməyinə çatırdı, dinləməyi bacarırdı. “Cəmilə” əsərinə heç kim biganə qala bilməz. Bu, məhəbbət himni, qırğız qadının himnidir. Çox şadam ki, bu gün biz bakılı tamaşaçıları əsərlə daha yaxından tanış edəcəyik”, - deyə qonaq bildirib.

Sonra Assol Moldokmatova və Günay Əfəndiyeva bir-birinə xatirə hədiyyələri təqdim ediblər. G.Əfəndiyeva qonağa Çingiz Aytmatovun əsərlərinin bütün dünyada təbliğinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis etdiyi fəxri diplomu təqdim edib. Fondun sədri Əskər Aytmatova türk dünyasının inkişafına verdiyi töhfəyə görə fəxri diplom təqdim edib və atasının portretini hədiyyə edib.

Sonra tədbir iştirakçıları tamaşaya baxıblar. Tədbirdə diplomatlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!