USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində 16 tamaşa təqdim ediləcək

Noyabrın 11-dək “YARAT” Müasir İncəsənət Məkanı Bakının bir sıra sayılıb-seçilən məkanlarında ikinci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edəcək.

ASAN Radio xəbər verir ki, bu fikir noyabrın 6-da festivala həsr edilən mətbuat konfransında səslənib.

Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında “YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və layihənin bədii rəhbəri Kamran Şahmərdan Beynəlxalq Teatr Festivalı ilə bağlı məlumat verərək, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Bildirilib ki, ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi götürülən M.A.P. festivalının adı, musiqi, incəsənət və perfomans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Builki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.

Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı “sərhədsiz teatr” konsepsiyasını gerçəkləşdirən genişmiqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silərək, mədəniyyətləri birləşdirərək insanları bir araya gətirdiyini vurğulayıb: “Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə perfomansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik”.

Festival çərçivəsində Kamran Şahmərdan Aleksandr Vampilovun eyniadlı pyesi əsasında “Ördək ovu” tamaşasının təqdim ediləcəyini söyləyib. Onun sözlərinə görə, XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli əsərlərindən birinin əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın “Vene” teatrında baş tutub.

Diqqətə çatdırılıb ki, festival proqramının açılışı İtaliyanın “NoQraviti” Teatrının kollektivi tərəfindən hazırlanmış “Ariya” adlı multidisiplinar tamaşa ilə başlayır. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar. Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağızadənin rəhbərliyi altında, Yozef Haydnın “Kimsəsiz ada” operasının müasir versiyasını təqdim edən əfsanəvi Mariinski Teatrının çıxışı festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın “La Verità” (“Həqiqət”) akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri “Qoqol-mərkəzi”nin Nikolay Nekrasovun “Rusiyada yaşamaq kimə yaxşıdır” adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.

Bildirilib ki, festival tamaşaları müşayiət edən zəngin ustad dərsləri və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarların öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu ilin ən parlaq tədbirlərinə rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən “Pyes necə yazılır?” adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzüba tərəfindən birgünlük intensiv ustad dərsi, “Çiten” teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. “Merlin” Kukla Teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə “işıq ilə oyun” sənətini təqdim edəcəklər. Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı, teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir. M.A.P. festivalı, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkətinin dəstəyi ilə təşkil ediləcək.

Festivalla bağlı Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers bunları deyib: “M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi, incəsənət və perfomans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Bakcell şirkəti, ilk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Milli telekommunikasiya operatoru olan Bakcell Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır.

Diqqətə çatdırılıb ki, M.A.P. Festivalı Pedro Qomes-Eqanyanın noyabrın 9-dan fevralın 10-dək “YARAT” Müasir İncəsənət Mərkəzində keçiriləcək “Sleypnir” adlı sərgisi ilə üst-üstə düşür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!