USD - 1.7 EUR - 1.902 RUB - 0.0265 TRY - 0.2889 DAHA ÇOX
SON DƏQİQƏ
Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edilir PSJ Neymarın qiymətini açıqlayıb Səyyar “ASAN Kommunal” Qobuda İyunun 20-də xarici valyutaların manata qarşı məzənnələri Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır və bu proses davam etdiriləcək

Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır və bu proses davam etdiriləcək.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

İlham Əliyev qeyd edib ki, keçən il 2 min kilometr avtomobil yolu salınıb: “Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var”.

Prezident əlavə edib ki, bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub: “Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik”.

Dövlət başçısı bildirib ki, plana görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək:

“Biz bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutmuşuq. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq. Bununla yanaşı, bu günə qədər boş qalan torpaqlarda canlanma olacaqdır. Çünki bu ərazilər istifadəsiz qalmışdı. İndi o ərazilərdə kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr icra edilir. O cümlədən Taxtakörpü su anbarı və Ceyranbatana qədər gələn kanal da əlbəttə ki, o torpaqlara suyun verilməsini təmin edir. Sumqayıt-Rusiya sərhədi yolunun böyük hissəsi bu il icra edilməlidir. Natamam qalmış Bakı-Gürcüstan sərhədi yolu. Gəncə şəhərinə qədər dördzolaqlı yol salınıb və Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yolu biz dörd zolağa genişləndirməliyik”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio