USD - 1.7 EUR - 1.9216 RUB - 0.0265 TRY - 0.2941 DAHA ÇOX
SON DƏQİQƏ
IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Tarix İnstitutunda Elmi Şuranın iclası keçirilib Ramazan ayı mayın 6-da başlayır Məhəmməd Salah dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısında yer alıb
Nikola Yurçeviç: Hədəfimiz Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir

Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı qrupun favoriti Xorvatiya yığmasıdır. Rəqib FIFA-nın açıqladığı sonuncu reytinq cədvəlində dördüncü yerdədir. Bizim göstəricimiz isə elə də yaxşı deyil. Lakin yaxşı nəticə qazanmaq üçün çalışmalıyıq. Ən əhəmiyyətlisi odur ki, komandaya inam olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç fevralın 12-də mətbuat konfransında deyib.

Azərbaycan çempionatında “Sumqayıt”-“Qarabağ” və “Neftçi”-“Keşlə” oyunlarını izlədiyini bildirən mütəxəssis Xorvatiyada olanda “Qarabağ”-“Neftçi” matçına baxdığını diqqətə çatdırıb. Həmin görüşdən çox razı qaldığını bildirən Nikola Yurçeviç yığmanın əksər futbolçularının bu komandalarda oynadığını vurğulayıb: “Azərbaycanlı futbolçular haqqında ətraflı məlumat toplamışam. Ancaq xaricdə oynayan yerli futbolçular haqqında məlumatsızam. Birlikdə çalışacağım məşqçilərdən biri xorvatiyalı, digəri isə yerli mütəxəssis olacaq. Xorvatiyalı məşqçi Mario Tokiç ilə çalışacağam. Azərbaycanlı məşqçi barədə AFFA ilə müzakirələr aparacağam. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə 30 ildən çoxdur tanışam. Həm onunla, həm də köməkçisi Qordan Tsipriç ilə danışmışam. Prosineçkidən ancaq müsbət sözlər eşitmişəm. Bütün işlər göz qabağındadır”.

Baş məşqçi bildirib ki, əsas məqsədimiz hər yeni qarşılaşmada daha gözəl və maraqlı oyun nümayiş etdirməkdir. Hədəf Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir. Qarşıya “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulub. Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var. Onun futbolçu və məşqçi karyerası barədə məlumatlıyam. Qurban Qurbanovun Serbiya millisinin qapısına vurduğu qolu indiyədək xatırlayıram. Yaxın günlərdə ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri ilə görüş nəzərdə tutulub. Görüşdə qarşıdakı hədəflər müzakirə olunacaq.

Nikola Yurçeviç deyib: “Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya millisinə qarşı keçiriləcək oyundan əvvəl Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. Hazırlığın vaxtı hələ müəyyənləşməyib. Bu, yaxın günlərdə məlum olacaq. Hücumameyilli futbolçunu çox bəyənirəm. Səfərdə Xorvatiya, doğma meydanda isə Macarıstan yığmalarına qarşı taktikamız fərqli olacaq”.

Xatırladaq ki, Nikola Yurçeviç Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə milli komandada birlikdə çıxış ediblər. O, uzun müddət Xorvatiya futbolunun daha bir tanınmış siması – Slaven Biliç ilə birgə çalışıb. 2002-ci ildə vətənində “Zaqreb” komandasında baş məşqçi kimi fəaliyyətə başlayan sabiq yarımmüdafiəçi növbəti mövsümdə “Dinamo” (Zaqreb), 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.

Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan N.Yurçeviç Xorvatiya millisində, eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio