USD - 1.7 EUR - 1.8952 RUB - 0.0264 TRY - 0.2775 DAHA ÇOX
SON DƏQİQƏ
BMTİP-in Rezident Nümayəndəsi Xarici İşlər Nazirinə etimadnaməsini təqdim edib "Çelsi" və "Arsenal" klublarına ayrılan biletlərdən satılmayanları Bakıya göndərilib İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib Əcnəbi tələbələrin III forumu keçirilib Ülvi Mehdiyev Hindistan səfirilə görüşüb
Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

ASAN Radio xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş oldu.

Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd etdi, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğuladı. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.

Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə etdi və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirdi.

Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu dedi.

Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi “ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzaladılar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio