USD - 1.7 EUR - 1.9163 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
TƏBİB: Kütləvi şəkildə idarələrdə testlərin aparılması tövsiyə olunmur TƏBİB-dən evdə müalicə ilə bağlı açıqlama Prezidentin köməkçisi: “Rəqəmlərdə müəyyən stabilləşmə var” Rusiya, İran və Gürcüstandakı Azərbaycan vətəndaşları təxliyə ediləcək Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək
Ətraf mühitin qorunması nə üçün bu qədər vacibdir və Aİ Şərqi Tərəfdaşlıq ölkələrində ətraf mühiti qorumaq üçün nə edir

Ətraf mühitin qorunması nə üçün bu qədər vacibdir və Aİ, Şərqi Tərəfdaşlıq ölkələrində ətraf mühiti qorumaq üçün nə edir.

ASAN Radio bu mövzuda önəmli məlumatları Aİ-ə istinadla təqdim edir.

 

1.      Nə üçün ətraf mühitin qayğısına qalmalıyıq?

 

Bizim evimiz, geyimlərimiz, texnologiyalar və istirahətimiz təbiətdən asılıdır. Halbuki təbiət balansı qorumağa çalışır, çünki insan fəaliyyəti kövrək ekoloji tarazlığa əhəmiyyətli dərəcədə təsir göstərir. Bu isə öz növbəsində rifah və firavanlığımızda öz əksini tapır.  

 

Yaxın onillik iqlim və ətraf mühit ilə bağlı aktual problemlərin həlli baxımından həm Aİ, həm də Şərqi tərəfdaş ölkələri üçün həlledici rol oynayır. Biz birlikdə biomüxtəlifliyin itiriləməsinə, torpaqların eroziyasına, meşələrin qanunsuz kəsilməsinə, havanın və çayların çirklənməsinə, tullantıların qeyri-rasional şəkildə idarə olunmasına və digər neqativ fəsadlara səbəb olan keçmiş səhvləri birlikdə düzəltməyə çalışmalıyıq. Bu səbəbdən də ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı davamlılığın artırılması istiqamətində əməkdaşlıq həyati-vacib əhəmiyyət daşıyır. 

 

“Yaşıl” iqtisadiyyatın inkişafına qoyulacaq sərmayələr insanların sağlamlığına faydalı nəticələrlə yanaşı, iqtisadiyyatda artıma şərait yaradaraq çoxlu sayda müsbət nəticələr verə bilər.

 

2.      İqlim dəyişikliyi gündəlik həyatımıza necə təsir edə bilər?

 

İnsan fəaliyyəti nəticəsində istixana qazlarının atmosferə atılması səbəbilə əhəmiyyətli və artan iqlim dəyişikliyinin daha da güclənəcəyi və iqtisadiyyatımız və cəmiyyətimiz üçün getdikcə daha ciddi fəsadlara səbəb olacağı gözlənilir.

Avropa İttifaqı və onun Şərq qonşularında son dərəcə güclü yağışlar və daşqınlar, anormal istilər səbəbindən yanğınlar, torpağın eroziyası, məhsuldarlığın və biomüxtəlifliyin itirilməsi, sənaye, kənd təsərrüfatı və ev təsərrüfatlarına təsir edən su qıtlığı müşahidə olunmaqdadır.

Bu yaxınlarda Ukraynada müşahidə olunan qeyri-adi isti, quru və küləkli hava səbəbindən 11 min hektardan çox meşəni məhv edən və Çernobıl zonasında iki həftədən çox davam edən meşə yanğınları iqlim dəyişikliyinin təsirinin bariz nümunəsidir.

Regionda yerləşən ölkələr həm quraqlığın (Moldova Avropada ən həssas iqlimə malik ölkə hesab olunur və bu ölkədə suyun ümumi həcminin bir neçə onillikdən sonra ümumi tələbatdan az olacağı proqnozlaşdırılır), həm də daşqınların baş vermə tezliyinin yüksəlməsi (Azərbaycan dünyanın ən çox daşqınlara məruz qalan bölgələrindən biridir), həmçinin suyun keyfiyyətinin pisləşməsi və su təchizatında risklər (Gürcüstanda buzlaqların əriməsi ölkənin su təhlükəsizliyini təhdid edir) ilə üzləşəcəklər.

İqlim dəyişikliyinə qarşı kollektiv fəaliyyət, ətraf mühitdə, insanların sağlamlığında və iqtisadiyyatda bir çox faydalarla nəticələnəcək. İnkişafa dair təsəvvürlərimizi yenidən düşünüb dəyişməklə təbii resurslardan daha səmərəli istifadəyə, xərclərə qənaət etməyə, iqtisadi inkişafa və məşğulluğa imkan yaradacaq.

İqlim dəyişikliyinə qarşı mübarizənin bahalı olduğunu düşünürsünüzsə, hərəkətsizlik nəticəsində nə qədər xərclərin olduğunu düşünün: Gürcüstanın hesablamalarına görə, ölkədə baş verən təhlükəli təbiət hadisələri yaxın 10 il ərzində 10-12 milyard dollar həcmində iqtisadi itkilər ilə nəticələnə bilər. Bu isə eyni dövr ərzində iqlim dəyişikliyinə uyğunlaşma üçün sərf olunan vəsaitlərdən on qat çoxdur.

 

3.      Paris sazişinin məqsədi nədir?

 

Paris sazişi, 2015-ci ilin dekabrında keçirilən Paris iqlim konfransında qəbul olunan və iqlim dəyişikliyi sahəsində hüquqi cəhətdən məsuliyyətə cəlb edən ilk qlobal sazişdir. Aİ və ona üzv dövlətlər, eləcə də Şərq Tərəfdaşlığı ölkələri sazişə imza atan 190-a yaxın ölkə sırasındadır. 

Bu sazişin məqsədi qlobal istiləşmənin dərəcəsini 2° C-dən aşağıya qədər məhdudlaşdırmaq və onun 1,5° C həddində saxlanılması üçün səyləri davam etdirməkdir. Bununla yanaşı, saziş ölkələrin iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq qabiliyyətlərini və göstərdikləri səyləri dəstəkləmək məqsədi daşıyır.

Sazişdə qlobal tullantıların ən qısa müddətdə azaldılmasının əhəmiyyəti və yaşadığımız əsrin ikinci yarısında iqlimdə neytrallığa nail olunmasının vacibliyi vurğulanır.

2050-ci ilə qədər Avropanın iqlimini neytrallaşdırmaq, iqtisadi inkişafı resursların istifadəsindən ayıraraq Aİ iqtisadiyyatını dayanıqlı etməyə yönəlmiş Avropa yaşıl təşəbbüsü, Avropa İttifaqının qarşısına qoyduğu hədəflərə çatmasında göstərdiyi səylərin əsas elementi hesab olunur.

"Yaşıl təşəbbüsdə" açıq-aydın qeyd olunub ki, ətraf mühit və iqlim dəyişikliyi problemlərinin həlli üçün Aİ və tərəfdaş ölkələr tərəfindən təcili tədbirlərin görülməsi tələb olunur. Aİ, Şərqi tərəfdaş ölkələrinin Paris Sazişi, iqlim dəyişikliyinə dair milli fəaliyyət planları (milli səviyyədə müəyyənləşdirilən töhfələr, MMT-lər), istixanaların qaz tullantılarının azaldılmasına dair uzunmüddətli strategiyaları (LEDS) ilə bağlı öhdəliklərini yerinə yetirməyə, eləcə də iqlimdə neytrallığa keçid yolu ilə iqtisadiyyatlarını müasirləşdirməyə kömək edir.

Bu öhdəliklərin yerinə yetirilməsi az karbonlu, resurslardan səmərəli istifadəyə yönəlmiş iqtisadiyyata keçid tələb etməklə yanaşı, texnologiya, enerji, iqtisadiyyat, maliyyə sektorlarında və bütövlükdə cəmiyyətdə köklü dəyişikliklərlə nəticələnəcək.

 

4.      Aİ altı Şərqi tərəfdaş ölkəsində ətraf mühitin qorunmasına necə kömək edir?

 

Son illərdə adı çəkilən sahədə Aİ-nin Şərqi tərəfdaş ölkələrinə dəstəyi getdikcə artır. 2018-2019-cu illər ərzində Qonşuluq İnvestisiya Platforması (NIP) çərçivəsində verilən qrantların dörddəbir hissəsi "yaşıl" texnologiyalara yönəlmişdir. Aİ-nin bu növ sərmayələrə qarışıq maliyyə yardımları 2014-2015 və 2018-2019-cu illər ərzində 50%-dən çox artaraq təxminən 67 milyon avrodan 107 milyon avroya çatmışdır. Təkcə 2018-2019-cu illər ərzində NIP qrantları sayəsində regionda yaşıl iqtisadiyyata yatırılan sərmayələrin miqdarı 1,3 milyard avro təşkil etmişdir.

Avropa İttifaqı, həmçinin Şərq Tərəfdaşlığı regionunda siyasətlərin və qurumların Avropa Yaşıl Təşəbbüsünə uyğun şəkildə təkmilləşdirilməsinə kömək edən regional proqramlar üçün 60 milyon avro ayırmışdır. Bələdiyyələrə göstərilən maliyyə dəstəyinin həcmi 24 milyon avro təşkil edib. TAIEXTvinninq proqramları çərçivəsində isə tərəfdaş ölkələrə əlavə dəstək verilmişdir.

 

Aİ tərəfindən maliyyələşdirilən regional proqramlar bunlardır:

EU4Environment (Aİ-nin 19,5 milyon avro maliyyə dəstəyi ilə) Şərqi tərəfdaş ölkələrinə təbii kapitallarını qorumağa və insanların rifahını yaxşılaşdırmağa kömək məqsədi daşıyır. Bu proqram siyasətlərdə və qanunvericilikdə dəyişiklikləri dəstəkləyir, planlaşdırmalar aparır və investisiyaların yaşıl iqtisadiyyata yatırılmasını stimullaşdırır, innovativ texnologiyalara və yeni biznes modellərinin qəbuluna, eləcə də "yaşıl" iş yerlərinin yaradılmasına təkan verir. Proqramda ətraf mühitin qorunması sahəsində idarəçiliyin, qorunan ərazilərin və meşələrin daha yaxşı idarə edilməsinə və dayanıqlı ticarətə töhfə verilir. 

EU4Climate (Aİ-nin 8 milyon avro maliyyə dəstəyi ilə) Paris İqlim Sazişinin həyata keçirilməsini dəstəkləmək və iqlim dəyişikliyinə dair siyasət və qanunvericiliyi təkmilləşdirmək, iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma, habelə atmosferə atılan qaz tullantılarının azaldılması və iqlim dəyişikliklərinə davamlı iqtisadiyyatın qurulmasına kömək məqsədi daşıyır. 

Şərq Tərəfdaşlığı üçün Aİ-nin Su Təşəbbüsü Plyus" (EUWI+ 4 EaP – Aİ-nin 23,5 milyon avro maliyyə dəstəyi ilə) tərəfdaş ölkələrə su ehtiyatlarının idarə edilməsi, suyun keyfiyyətinin və hamı üçün əlçatan olmasının yaxşılaşdırılması sahələrində vasitələr hazırlamaqla qanunvericiliyini Aİ-nin adı çəkilən sahədə siyasətinə yaxınlaşdırmağa kömək edir.

 

Ətraf mühit ölkə səviyyəsində yüksək prioritetə ​​malikdir və buraya havanın keyfiyyəti, su ehtiyatlarının idarə edilməsi və dənizlərin çirklənmədən qorunması, enerjinin səmərəliliyi, tullantıların idarə olunması, pestisid problemi ilə mübarizə və sənaye çirklənməsi və meşələrin davamlı idarə edilməsi kimi sahələrə yönəlmiş fəaliyyətlər daxildir.

 

Avropa İttifaqının əməkdaşlıq proqramlarına əlavə olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)Avropa İnvestisiya Bankı (AİB) kimi Avropa maliyyə institutları az karbonlu və iqlim dəyişikliklərinə davamlı iqtisadi artımı dəstəkləməklə yaşıl iqtisadiyyata keçid üçün əhəmiyyətli dərəcədə dəstək təmin edir. Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq Fondu (E5P) Aİ-nin əsas donor olduğu çoxdonorlu etimad fondudur və enerjinin səmərəliliyini və ətraf mühitin qorunmasını təkmilləşdirməyə yönəlmiş bələdiyyə layihələrinə sərmayələri təşviq edir. Aİ tərəfindən maliyyələşdirilən Bələdiyyə Layihələrinə Dəstək Proqramı (MPSF) sonrakı mərhələlərdə kreditlər ilə icra olunan enerjinin səmərəliliyinə dair layihələrin hazırlanmasına texniki dəstək təmin edir. Aİ, İnkişaf üçün Yaşıl Fondun (GGF) fəaliyyətlərinə də əhəmiyyətli miqdarda maliyyə yardımı ayırır.

 

5.      Bu proqramlar əslində hansı işləri görür? Onların fəaliyyətləri dövründə hər hansı uğurlu nəticələr qeydə alınıb?

 

Əlbəttə, adı çəkilən məqsədlərdən və ümumilikdə büdcə göstəricilərinin arxasında real uğur hekayələri dayanır və onlara ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə və yerli dayanıqlığın və davamlılığın təşviqi daxildir.

 

Misal üçün, Aİ, altı Şərqi tərəfdaş ölkəsində yaşayan 30 milyon insanın təmiz və keyfiyyətli su təchizatından yararlanması üçün həmin ölkələrdə su təchizatı üzrə müasir siyasətlərin hazırlanmasına kömək edir.

 

Aİ-nin dəstəyi ilə Belarus, Moldova və Gürcüstan yaşıl iqtisadiyyata dair milli strategiyaların hazırlanmasına başlayıblar. Ukrayna orqanik kənd təsərrüfatı məhsulları istehsalı sahəsində dünyada 20 lider ölkədən biridir və 2016-cı ildə 59 milyon avro dəyərində orqanik məhsul ixrac edib və onun əksəriyyəti Aİ standartlarına uyğun sertifikatlaşdırılıb.

Regionda fəaliyyət göstərən 100-dən artıq pilot kiçik və orta sahibkarlıq müəssisəsi resursların səmərəliliyi və daha təmiz istehsalın artırılması proqramlarının həyata keçirilməsində Aİ-nin dəstəyindən yararlanıb, bu da 9,4 milyon avroya (hər müəssisədə orta hesabla 2000-20000 avro, bəzi ölkələrdə isə 100 min avroya qədər) qənaət etməyə imkan verib. EU4Environment proqramının dəstəyi ilə fəaliyyətlər davam etdirilir.

Ətraf mühitə dair məlumatlar, altı ölkənin hamısında Aİ və qabaqcıl beynəlxalq təcrübə ilə uyğunlaşdırılır. İnternet əsaslı izləmə vasitəsi ilə toplanan məlumatlar isə Avropa Ətraf Mühit Agentliyi (EEA) tərəfindən dərc olunur.

Təbii əraziləri və biomüxtəlifliyi qorumaq və əlaqələndirmək məqsədilə altı Şərqi tərəfdaş ölkəsində ümumilikdə Belçikanın ərazisindən dörd dəfə böyük olan 12,8 hektar sahəni əhatə edən təxminən 700 ərazi müəyyən edilib və Zümrüd şəbəkəsinə daxil edilib.

 

Aİ-nin dəstək fəaliyyətləri, dövlət siyasətindən tutmuş ibtidai sinif şagirdləri arasında maarifləndirmə işlərinə qədər cəmiyyətin bütün qatlarını əhatə edir.

Ermənistanda həyata keçirilən Təbiətin əlaqələndirilməsi layihəsi çərçivəsində Yerevanda mövcud ekoloji problemlərin aradan qaldırılması üçün yeni, ekoloji cəhətdən təmiz ideya və texnoloji həllərin axtarışına dəstək verilir. Məsələn, şəhərin müxtəlif yerlərində ekoloji vəziyyətə daha çox uyğun olan bitki və ağacların müəyyənləşdirilməsi kimi.

Azərbaycanda Aİ-nin Finlandiya, Avstriya və Latviyadan olan ekspertləri bu ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən çox əməkdaşına havanın keyfiyyətinə nəzarət ilə bağlı təlimlər keçib; Tvinninq layihəsi çərçivəsində havanın keyfiyyətinin monitorinqi sistemlərinin müasirləşdirilməsi, o cümlədən 25 yeni hava keyfiyyəti monitorinq stansiyasının alınması üçün ətraflı plan hazırlanmışdır.

Belarusda, məktəblilər Belarus və Ukrayna arasında axan Ştir çayının təmizlənməsi, suyun keyfiyyətinin yoxlanılması və nitratların, fosfatların və üzvi çirkləndiricilərin aşkarlanması üzrə təlimlərin keçirilməsinə dair transsərhəd layihədə iştirak ediblər.

Gürcüstanın Batumi şəhərində əhaliyə fasiləsiz təmiz suyun təmin edilməsi və dəniz suyunda çirklənmənin azalması ilə nəticələnən 6,1 milyon avro dəyərində layihənin köməyilə su təchizatının və kanalizasiya sistemlərinin bərpası, o cümlədən təmizləyici qurğuların inşası həyata keçirilmişdir.

Moldovada kənd təsərrüfatı tullantılarının yandırılması ətraf mühitin çirklənmə mənbəyi idi. İndi isə Aİ-nin maliyyə dəstəyi ilə 206 məktəb, uşaq bağçası və ictimai qurumun isidilməsi üçün həmin tullantılardan bioyanacaq kimi istifadə olunur.

Ukraynada 2019-cu ildə Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində dünyada insanların çayların və çimərliklərin sahillərini təmizləmək üçün toplandığı bir gündə, ölkənin bütün bölgələrində keçirilən 234 #EUBeachCleanup iməcliyində 7000-dən çox şəxs iştirak edib. 35,7 tondan artıq tullantı toplanaraq suların çirklənməsinin qarşısı alınmışdır.

Regionun hər bir ölkəsində rəsmilər, Aİ-nin plastik və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsullara dair strategiyasına dair TAİEX seminarında plastik tullantıların ekoloji cəhətdən idarə olunması, dənizdə plastik tullantılar və plastik tullantılardan enerjinin bərpası ilə bağlı təlimatlarla tanış olublar.

 

AYİB, AİB E5P kimi qurum və layihələr, o cümlədən digər investisiya tərəfdaşlarının dəstəyi ilə yaşıl infrastruktura əhəmiyyətli miqdarda sərmayələr yatırılmışdır. Bu sərmayələrin köməyilə Ukraynada təmiz ictimai nəqliyyata dair layihələr icra olunaraq Xerson, MariupolLvov şəhərlərində yeni trolleybus parkları yaradılıb və Lvov şəhərində tullantıların idarə olunmasına dəstək məqsədilə 35 milyon avro ayrılıb. Moldovada Balti şəhərinin sakinləri AYİB-in ayırdığı sərmayələr nəticəsində enerjiyə qənaət edən istilik sistemielektriklə çalışan yeni avtobuslardan yararlanmaq imkanı qazanıblar.  Ermənistanın paytaxtı Yerevanda AİB-in maliyyə dəstəyi ilə şəhərin metro sistemi yenilənmişdir və uşaq baxçaları kimi ictimai binalarda enerjinin səmərəliliyi təmin edilmişdir. Azərbaycanda ekoloji cəhətdən səmərəli 35 yeni avtobusun alınması üçün AYİB tərəfindən maliyyə yardımı ayrılıb və bununla da ildə 2853 ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Belarusda AYİB-in kreditləri və E5P-in qrantları sayəsində yeddi bələdiyyədə yaradılan çirkab suların təmizləyici qurğularından 300 min vətəndaş yararlanıb. Gürcüstanda isə AİB su və kanalizasiya infrastrukturunun inkişafı proqramını dəstəkləmək üçün Tbilisi su kanalı şirkətinə uzunmüddətli kreditlər verib və AYİB Tbilisi metrosunun müasirləşdirilməsinə 75 milyon avro sərmayə qoymağı planlaşdırır.

 

 

6.      Ətraf mühiti qorumaq üçün nə edə bilərəm?

 

Bir vətəndaş kimi ətraf mühitin qorunması məqsədilə tədbirlər görmək üçün tam hüququnuz, qabiliyyətiniz və öhdəliyiniz var. 
Bir seçici və istehlakçı olaraq gündəlik seçimləriniz dövlət siyasətindəki dəyişikliklərə, habelə şirkətlərin qərarlarına və yeniliklərinə təsir göstərə bilər. 

Bütün alış-verişlərinizin ətraf mühitə təsirini nəzərə alın və onları azaldın, yerli məhsullar seçin, çirkləndiricilərdən və birdəfəlik plastik məhsullardan uzaq olun, təkrar istifadə edin, təkrar emal edin, tullantıları ayrıca, yığcam və düzgün qaydada atın. 

Evdə ideal temperaturu qoruyub saxlamaq üçün işıqları və cihazları söndürmək, həmçinin pəncərələr və panjurları bağlamaq və açmaq kimi sadə enerjiyə qənaət vərdişlərinə yiyələnin.

Suya qənaət etmək üçün vanna əvəzinə, duş qəbul edin və qısa müddət ərzində bitirin. Su kranlarını açıq qoymayın, sızmaların qarşısını alın (sızan tualet gündə 200 litrə qədər su israf edə bilər). Bitkilərə, buxarlanma səbəbindən suyun az buxarlandığı zaman, yəni axşam və ya səhər su verin.

Hər hansı artıq nəqliyyat vasitəsi, istifadə olunmamış əşya və ya ərzaqları yerli icmanız ilə bölüşün və bərpa olunan mənbələrin istifadə olunduğu daha dayanıqlı nəqliyyat və enerji xidmətləri seçin.

Mümkün olarsa, meyvə və tərəvəzləri öz bağınızda əkin (hətta eyvanda və ya şəhər bağlarında kiçik qablardan da istifadə edə bilərsiniz), daha az ət yeyin və bitki əsaslı yeməklərə üstünlük verin, müxtəlif və az emal edilmiş yeməklər alın və alış-verişə çıxan zaman öz çanta və qablarınızı özünüzlə götürün.

Ev, iş, alış-veriş və nəqliyyat üçün ətraf mühit ilə əlaqədar sadə tövsiyələr üçün Aİ-nin iqlimə dair məsləhətlərinə nəzər yetirin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio