ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi gənc tədqiqatçılar üçün 3-cü Beynəlxalq Təlim Məktəbi təşkil edib.
ASAN Radio məlumat verir ki, 15-19 fevral tarixlərində keçirilən Təlim Məktəbi “İnsan təhlükəsizliyi və Qloballaşan dünya” mövzusunu əhatə edib. Təlimlər “GCRF-COMPASS” və Aİ üzrə araşdırmaları təşviq edən “Jean Monnet” layihələri çərçivəsində təşkil edilib.
Təlimlər təhlükəsizlik sahəsində araşdırmalar aparan doktorantların tədqiqat potensialının inkişafını və gücləndirilməsini, onlar arasında fikir mübadiləsinin aparılmasını və peşəkar əlaqələrin qurulmasını hədəfləyib.
Təlimlər ərzində iqtisadiyyat, ətraf mühit, geosiyasət, miqrasiya, gender bərabərliyi kimi müxtəlif sahələrə təsir edən təhlükəsizliklə bağlı təhdidlər ətraflı şəkildə nəzərdən keçirilib.
Bu il onlayn formatda keçirilən Beynəlxalq Təlim Məktəbi Azərbaycan, Belarus, Tacikistan, İngiltərə, ABŞ və Özbəkistandan olan iştirakçıları və mütəxəssisləri bir araya gətirib. Təlim proqramı seçilmiş iştirakçılar tərəfindən təqdim edilən tədqiqat mövzularının müzakirəsini və təqdimatları əhatə edib. Bundan əlavə, Təlim çərçivəsində tanınmış mütəxəssislərin və əsas çıxışçıların iştirakı ilə işçi seminarları təşkil edilib. Onların sırasında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Qlobal Hökumət və Münaqişə Araşdırmaları Proqramının direktoru professor Meri Kaldor, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı, “Jean Monnet” sədri Dr. Anar Vəliyev, “GCRF COMPASS”ın baş təhqiqatçı və Kent Universitetinin Qlobal Avropa Mərkəzinin həmtəsisçisi və həmdirektoru Yelena Korosteleva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Dr. Fərid Şəfiyev, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin BMT-nin Biznes və İnsan Təhlükəsizliyi Təşəbbüsünün direktoru Dr. Meri Martin daxildir.
“Təlim Məktəbi çox maraqlı, faydalı və həvəsləndirici oldu. Təlim yoldaşlarımın araşdırmaları ilə tanış olmaqla yanaşı, həm də nüfuzlu mütəxəssislərin iştirakı ilə keçirilən mühazirələrə də fayda verə bildim. Xüsusilə də işçi seminarları tədqiqat layihəsinin düzgün tərtib edilməsi qaydalarını daha yaxşı anlamağıma səbəb oldu”, - deyə Təlim Məktəbində iştirak edən Londonun “Loughborough” Universitetinin doktorantı Alisa Proçniyak bildirib.
ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi tərəfindən üç ildir ardıcıl olaraq keçirilən beynəlxalq Gənc tədqiqatçılar üçün Təlim Məktəbi İngiltərə Tədqiqat Şurasının “GCRF COMPASS” layihəsi çərçivəsində maliyyələşdirilir.
XƏBƏR LENTİ