USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Müslüm Maqomayevin doğum günüdür

Bu gün Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin doğum günüdür.

Azərbaycanın musiqi tarixində onun öz yeri var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bunun nəticəsidir ki, Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, bəşəri bir sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir...

ASAN Radio xəbər verir ki, hər il avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsi dərin ehtiramla anılır. Sənətə və əsl sənətkara hörməti olan hər bir kəs həmin gün Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edir, abidəsi üzərinə tər güllər düzür.

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq Artisti fəxri adına layiq görülüb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.

Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: “Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək”.

Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!