USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azad Rəhimov: “Onların hamısı bizim qəhrəmanlarımızdır”

Gənclər və idman naziri Azad Rəhimov XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının çıxışları ilə bağlı Rio-de-Janeyroya ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. ASAN Radio həmin müsahibədən bəzi hissələri təqdim edir.

- Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yollanarkən, məqsəd nə idi?

- Öncə fürsətdən istifadə edərək, bütün idmançı və azarkeşlərə minnətdarlığımı bildirmək istərdim. Biz hər gün burada onların diqqətini, dəstəyini hiss edirdik, çoxlu mesajlar alırdıq, Bakıdan məlumatlar gəlirdi. Bu, ilk növbədə, idmançılar üçün çox vacib dəstəkdir. Belə düşünürəm ki, məhz bu dəstək nəticəsində belə nailiyyət əldə olunub. Sevinirik, ona görə ki, idmançılarımız Azərbaycan tarixinə yeni səhifə yazıblar. Bu, həqiqətən də Azərbaycanda idmanın növbəti təntənəsi idi. Bu münasibətlə hamınızı ürəkdən təbrik edir, idmançılara uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı, azarkeşləri sevindirəcəklər.

Olimpiada idman tədbirləri içərisində bir zirvədir. Bu tədbirə bütün idmançılar, cəmiyyət, idman mütəxəssisləri hazırlaşır. 4 il ərzində aparılan işlər təhlil olunur, bir proqram, layihə şəklində hazırlanır və icra olunur. Hələlik idmançılara fürsət vermək lazımdır ki, bir müddət istirahət etsinlər. Bir neçə ay ərzində fəal işlər aparılmayacaq. Amma sonradan hər növbəti gün 2020-ci Tokio olimpiadasına hazırlaşmağa başlayacağıq. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalar bu işə çox ciddi yanaşırlar. Onlar hazırlıq prosesini təhlil edərək, növbəti mərhələlərdə bunu planlaşdırırlar. Biz də nazirlik olaraq, onlara hərtərəfli dəstək veririk. Bu dəstək özünü təlim-məşq toplanışlarının maliyyələşdirilməsi, onların yarışlara göndərilməsi, farmakologiya məsələlərindən ibarətdir.

“Tokio-2020”yə hazırlığa ayrıca bir proqram şəklində yanaşmalıyıq. Çünki Yaponiya paytaxtı vaxt və iqlim baxımından fərqlidir. Ona görə də məşqçilərimizin hazırlıq prosesini daha çox Asiya qitəsində planlaşdırmalarına diqqət yetirməliyik.

Şəxsən Tomas Baxla görüşümdə sevindirici məqam o oldu ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti “Hansı yarışlara gedirəmsə, Azərbaycan idmançılarını görürəm” dedi. Bu, onu göstərir ki, Azərbaycanda idman növbəti, davamlı inkişaf yoluna qədəm qoyub. Bu inkişaf hər bir sahədə var. Bu işlərin hamısı sırf olimpiada adı ilə bağlıdır. Ona görə də biz buradayıq.

- 18 medal yüksək göstəricidir. Nailiyyətlər baxımından statistik rəqəmlərə münasibətini bilmək istərdik...

- Sözsüz ki, 18 medal Azərbaycanı xüsusi yerə qoyur. Azərbaycan dünyada idmançılarının effektivliyində birinci yerdədir. Bu, dünyaca məşhur "Telegraf" agentliyinin yaydığı məlumatdır. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ciyik. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-dən 2-ciyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir.

Medal keyfiyyəti baxımından, 39-cuyuq. Baxmayarar ki, "London-2012"də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq. Bizi qızıl medal sayında qabaqlayanlar medalları 2, maksimum 3 növdə medal əldə ediblər. Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda olub. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir.

- Bəs hansısa komandanı, federasiyanı xüsusi fərqləndirə bilərdiniz?

- Biz heç kimi ayırmırıq. Çünki hər bir federasiyanın, hər bir idmançının böyük əməyi var. İdmançılarla yarışlardan sonra görüşürük. Onlar nə qədər fiziki, mənəvi qüvvə sərf edir, qan-tər itirirlər. Bu onu göstərir ki, federasiyalar, idmançılar olimpiadaya hazırlaşıblar. Heç bir federasiyanı digərindən üstün saya bilmərik. Amma məqamlar var. Məsələn, cüdonu götürək. London olimpiadasında cüdodan nəticənin olacağını çox gözləyirdik. Amma heç bir nəticə olmadı. Bu gün nəticələr göstərir ki, cüdo düz xəttə qayıdır. İnanırıq ki, gələcəkdə də bu növdə nailiyyətlər daha çox olacaq. Taekvondoda Azərbaycanın müstəqillik dövründə olimpiadada nəticə olmayıb. Amma ölkənin hər yerində inkişaf edib. Bütün regionlarda bölmələr var. Seleksiya işləri aparılır. Xüsusi mərkəz tikilib. Amma medallar yox idi. Taekvondoda olan qızıl medal bu növ üçün böyük irəliləyiş, nailiyyətdir. Gənclər də bu medalları görərək, olimpiya çempionu, mükafatçıları ola bilərlər. Avarçəkmə növlərində əcnəbilər çıxış etsə də, Mingəçevir bazasında yüzlərlə uşaq məşğul olur. Düşünürük ki, bu qələbələr onlar üçün yol açacaq, böyük stimul olacaq. Güləşçilər bizi çox sevindiriblər. Medalları həmişə çox olub. Təəssüflər olsun ki, qızıl medal olmadı. Amma hər dəfə qızıl medalın bir addımlığında qalmışdıq. Bəzi hallarda hakimlərin səhvləri, haqsızlıqlar oldu. Bəzi hallarda gözə görünməyən olaylar baş verirdi.

- Psixoloji hazırlıqla bağlı sual vermək istərdik. İdmançıların hamısı deyirdi ki, bizdə psixoloji gərginlik var idi. Son anda qələbənin rəqibə verilməsi bununla bağlı ola bilərdimi?

- Olimpiadada hər bir amil çox vacibdir. Psixoloji durum, fiziki, texniki hazırlıq... İdmançılarımızın çoxu hər bir məsul yarışqabağı çəki atırlar. Nazir kimi bu işlərə qarışa bilmərəm. Məşqçi belə düşünür ki, bu, lazımdır. İdmanda uzun müddət çalışan insan kimi düşünürəm ki, 3 ay ərzində 10 kq atan idmançı yarışda fiziki cəhətdən daha zəif olur. Bu, normal, tibbi prosesdir. Nə velosiped kəşf edirəm, nə də fərqli fikir səsləndirirəm. Buna fikir vermək lazımdır. Bu gün farmakologiya, psixoloji dəstək çox vacibdir. Toğrul Əsgərovla son anda əməkdaşımız görüşdü. Məlum oldu ki, onda nə qədər gərginlik var. Söhbət apararaq, Toğrulu sakitləşdirdi. Güləşçimiz bir saatdan artıq uzanıb yatdı və əsəbdən uzaq insan kimi ayağa durdu. Toğrul Əsgərovun məğlubiyyəti psixoloji və ya fiziki durumundan asılı deyildi. Sadəcə, görüş başlayanda üzləşdiyi hərəkətlə bağlı oldu.

- Bəlkə idmançılar arxayın olurlar ki, qələbə onlardadır, son anda rahatlaşırlar?

- Hər bir idmançının öz üslubu var. Stadnikin stili budur. Götürür xalları, o qədər mübariz qızdır ki, rəqibinə böyük xal fərqi ilə qalib gəlmək istəyir. Neçə dəfə onda olub ki, sonda hərəkət edəndə kiçik bir səhvə yol verir və uduzur. Olimpiadada bir zəif idmançı yoxdur. Həmin onda Stadnikin səhvindən istifadə edirlər və ona qalib gəlirlər.

- Eyni ssenari Rövşən Bayramovda da oldu…

- Bəli. Onun artıq 3-cü olimpiadasıdır. Rövşənin bəxti yoxdur. Ancaq həqiqətən Bayramov bizim qızıl medalçı, çempionumuzdur.

- Olimpiada onunla yadda qalır ki, kimisə kəşf edirsən. Siz özünüz XXXI Yay Olimpiya Oyunlarında hansı idmançını kəşf etdiniz?

- Mən heç vaxt 1 nəfəri o boyda 18 insanın arasında fərqləndirib adlarını çəkə bilmərəm. Onların hamısı bizim qəhrəmanlarımızdır. Azərbaycan xalqının övladlarıdır, vətəndaşlarıdır. Mən onlarla yarışlardan sonra görüşürəm. Nə dediklərini eşidirəm. Ən gərgin vaxtda, yarışdan çıxandan insanın dediyi sözlər ən səmimi sözlərdir. Onların hamısı ölkəni düşünürlər və qazandıqları nailiyyətlərə görə hamısına dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar üçün Azərbaycan, "ölkə", "xalq" sözləri önəmlidir. Bizə azarkeşlərimiz, dostlarımız baxırlar və onları sevindirmək istəyirik. Əsas budur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!