USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: “Radikal ideologiya təhsilə lazımınca əhəmiyyət verilməyən yerdə özünə zəmin tapır”

Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

Dövlət başçısı Azərbaycanın  Şuranın fəaliyyətinə böyük əhəmiyyət verdiyini qeyd edərək, onun çox səmərəli, gərəkli, üzv ölkələr arasında əməkdaşlığın, habelə ölkələrdə təhlükəsizlik sisteminin möhkəmlənməsinə kömək edəcəyini vurğulayıb: “Azərbaycan Şuranın üzvləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir. Biz öz regionumuzda və keçmiş SSRİ məkanında təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz töhfəmizi verməyə çalışırıq”.

Prezident dünyada mövcud vəziyyətə toxunaraq, təhlükələrin artdığını təəssüflə qeyd edib: “Mövcud ənənəvi təhdidlərlə yanaşı, yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir. Həmçinin düşünürəm ki, artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün təəssüf ki, həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir”.

“Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması – bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk. Bizim xüsusi xidmətlərimiz müasir texnika ilə, avadanlıqla təchiz olunub, onların peşəkarlığı və səmərəliliyi artır. Əlbəttə, öz tərəfimizdən biz həmişə tərəfdaş ölkələrlə sıx əlaqədə işləyəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı Azərbaycanın müstəqillik illərində, son illərdə istənilən təhdidlərə davam gətirmək qabiliyyətini dəfələrlə sübut etdiyini vurğulayıb.

Prezident son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginliyin artdığını, qarşıdurmaların çoxaldığını qeyd edib: “Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və əlbəttə, bu istiqamətdə düzgün siyasət yürüdən rəhbərliyin çox böyük xidmətidir. Biz öz nümunəmizlə həm siyasi sahədə, həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdiririk. Biz göstəririk ki, bəzi dairələrin buna necə yanaşmalarından asılı olmayaraq multikulturalizm prinsipləri yaşayır və qalib gəlir”.

Dövlət başçısı təhsilin səviyyəsi ilə bağlı məsələlərin təhlükəsizliklə birbaşa bağlı olduğunu qeyd edib: “Çünki beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. Bizə sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Bizim ölkələrimizdə savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və saxlamalıyıq. Ölkələrimizin vətəndaşları arasında, xüsusən gənclər arasında müxtəlif səviyyələrdə mövcud olan əlaqələr də təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm amildir. Ona görə ki, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək, ünsiyyət saxlayacaq, dostluq edəcək. Əlbəttə ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər. Odur ki, təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətin siyasətindən ayrı mümkün deyil. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük və çoxmillətli dövlət olaraq öz ölkəmizin bütün vətəndaşları ilə fəxr edirik. Düşünürəm ki, bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!