USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nərgiz Paşayeva: Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu rəsmi qeydiyyatdan keçib - FOTOLAR

Sentyabrın 23-də Londonda Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor Nərgiz Paşayeva və həmkarı, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland, Britaniyanın Ekseter Universitetinin professoru Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/) işgüzar görüş keçiriblər.

ASAN Radio xəbər verir ki, görüşün əsas məqsədi Britaniyada təsis edilmiş və qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi 1169381) yeni fondun - Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) rəsmi təqdimatı üçün hazırlıq işlərini müzakirə etmək olub. Xatırladaq ki, Britaniya Fondunun yaradılması professorlar Nərgiz Paşayevanın və R.Hoylandın təşəbbüsü idi. Bu il mayın 25-də Britaniyanın Lordlar Palatasında keçirilən xüsusi tədbirdə Qəyyumlar Şurası və sədr müəyyənləşdirilib. Bu haqda AZƏRTAC məlumat yayıb: http://azertag.az/xeber/955017.

Professor R.Qliv adı çəkilən Fondun Qəyyumlar Şurasının üzvlərindən biridir. Fondun Qəyyumlar Şurasının digər üzvləri isə professor Robert Hoyland (Oksford və Nyu York universitetləri), professor Andryu Pikok (St Andryus Universiteti), Lord Malkolm Brus (siyasi xadim, otuz il ərzində Liberal Demokrat Partiyasının deputatı) və sədri Bakı Dövlət və Moskva Dövlət universitetlərinin professoru Nərgiz Paşayevadır.

Professor R.Qliv İslamın şiəlik təriqətinin Orta Əsrlər dövründə tədqiqi üzrə Britaniyanın məşhur alimlərindən biri hesab olunur. Onun rəhbərlik etdiyi və üzvü olduğu bir çox təşkilatlar arasında Böyük Britaniyanın Farsşünaslıq İnstitutu (http://www.binstpstudies.co.uk/), İslamşünaslıq Şəbəkəsi və Birləşmiş Krallıqda İslam dinini öyrənən bir sıra başqa aparıcı qurum və təşkilatların adlarını qeyd etmək olar. Birləşmiş Krallığın Ekseter Universitetində çalışmazdan öncə o, Oksford Universitetinin St Cons Kollecində, Tehran Universitetində, Tokiyonun Meiji Universitetində, Vaşinqton və Yerusəlim universitetlərində dəvətli professor kimi fəaliyyət göstərib. İranda yaşayan azərbaycanlılara xüsusi elmi maraq göstərən alim Qum və Nəcəf şəhərlərinin icmalarında azərbaycanlıların rolunu tədqiq edib.

Söhbət zamanı professorlar R.Hoyland və N.Paşayeva qonağa Fondun Qəyyumlar Şurasına üzv olduğu üçün minnətdarlıqlarını bildirdilər. Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcək Fondun qarşısında böyük vəzifələr qoyulduğunu, onun fəaliyyətinin uzunmüddətli məqsədlərə xidmət edəcəyini qeyd ediblər. Professor R.Hoyland deyib ki, 2013-cü ildə Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) təsis olunub. Mərkəzin Birləşmiş Krallıqda Azərbaycanı öyrənən ilk və yeganə elmi qurum olduğunu və britaniyalı alimləri, eləcə də ABŞ və Avropanın bir çox universitetləri arasında hörmət qazandığını vurğulayıb. Beləliklə, artıq Birləşmiş Krallıqda Azərbaycan və Qafqaz bölgəsinə yaranan elmi marağın artmasını nəzərə alaraq, Nərgiz Paşayeva bir sıra britaniyalı alim və siyasətçilərlə iki il ərzində ətraflı, müntəzəm məsləhətləşmələr aparıb. Bu işlərin nəticəsi kimi, Azərbaycan ilə bağlı elmi-perspektivli akademik layihələrin, fundamental araşdırmaların, mədəni-sosial münasibətlərin genişlənməsi üçün yerli qüvvələrin dəstəyinə ehtiyac yaranıb. Yaradılan Britaniya Fondu bu missiyanı daşımağı məqsəd kimi qəbul edib.

Professor Nərgiz Paşayeva Azərbaycana, onun qədim tarixi-mədəni irsinə göstərdiyi marağa görə hörmətli alimə minnətdarlığını bildirib. O, Britaniya Fondunun yaradılmasının mədəni-tarixi zərurət olduğunu bir daha qeyd edərək bu mühüm hadisənin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsinə təsadüf etməsini xüsusi bir töhvə kimi nəzərə çatdırıb. Professor R.Qlivin Cənubi Azərbaycana olan xüsusi marağını təqdir edən Nərgiz Paşayeva artıq vətən tarixi dedikdə Böyük Azərbaycanın, həm bugünkü Azərbaycan Respublikasının, həm də Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların tarixinin elmi əsaslarda öyrənilməsinin vacib olduğunu bildirib.

Beləliklə, alimlər Fondun rəsmi təqdimatı üçün indiyədək görülmüş və bundan sonra nəzərdə tutulan işləri müzakirə ediblər.

Günün ikinci yarısında Oksford Universitetinin Nizami Gəncəvi mərkəzinin elmi-tədris planina daxil olan tərcümə işinin müzakirəsi aparılıb. Qeyd edək ki, Mərkəz tərəfindən nəşrə hazırlanan “Dahi Azərbaycan şairi Nizami” (Y.Bertels) kitabının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun alimləri tərəfindən ingilis dilli versiyasının təqdimatı üçün XIX əsrdə yaşayıb yaratmış məşhur britaniyalı rəssam Lord Leytonun Ev Muzeyi (https://www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) seçilib bəyənilmişdir. Belə ki, XIX əsrdə yaşamış Lord Leyton Şərqin və İslam dünyasının böyük pərəstişkarı idi. Hətta öz şəxsi evini də (indi muzey olan) Şərq-İslam memarlıq ənənəsi üslubunda qurmuş, heyrətamiz bir atmosfer yarada bilmişdir. Altıdan çox dildə danışan Lord Leyton bu evdə, özünün kiçik Şərq aləmində ömrünün sonuna qədər yaşayıb.

Həmin gün N.Paşayeva və R.Hoyland Londonda yerləşən “Qilqameş” Nəşriyyat Evinin (http://www.gilgamesh-publishing.co.uk/index.html) direktoru Mat Skotla bərabər yuxarıda adı çəkilən kitabın çapının hazırlıq işlərini müzakirə ediblər. 1940-cı ildən bəri ilk dəfə çap olunacaq kitabın təqdimatının bu il Londonda Lord Leytonun ev muzeyində keçiriləcəyi nəzərdə tutulur. Kitabın elmi redaktoru və ön sözün müəllifi Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hertsiqdir. Azərbaycan tərəfindən kitaba ön sözü Elçin Əfəndiyev yazıb və Oksford Universitetində ingilis dilinə tərcümə edilib.

Professor Nərgiz Paşayeva müzakirə zamanı dedi: “Əfsuslar olsun ki, 1940-cı ildən bəri məşhur alim, Qərbdə böyük nüfuza malik Y.Bertelsin əsəri nəinki ingilis dilində hətta rus dilində belə yenidən nəşr edilməyib. “Böyük Azərbaycan şairi Nizami” əsəri ilə Bertles Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, eləcə də milli maraqlara, yetkinliyə və qürura böyük töhfə verib. Bunu dərk və etiraf etmək üçün kitabın adına diqqət yetirmək kifayətdir. Dünya şöhrətli şərqşünasın kitabı bu gün də müəyyən dərəcədə mübahisəli olan məqamları – Nizami irsinin həqiqi ünvanını elmi dəlillərlə, obyektiv tədqiqat metodları, qəbul edilmiş nəzəri kontekstdə doğru müəyyən edir və həll edir. Belə ki, məhz Bertels ilk dəfə Nizamini Azərbaycan şairi kimi elmi dünyaya təqdim edib. Nə gözəl ki, 1940-cı ildə yazılan bu kitab bu gün Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzində tərcümə edilib çapa hazırlanır. Ümidvaram ki, bu hadisənin nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməmək mumkün deyil”.

İncəsənət həvəskarları üçün qeyd edək ki, Lord Leyton (1878-1896) məşhur ingilis rəssamı və heykəltaraşı olub. O dövrün məşhur incəsənət ustaları Eduard von Steyne və Ciovanni Kostadan rəssamlıq dərsi alan Lord Leyton bir müddət İtaliyada çalışdıqdan sonra 1860-cı illərdə Londona qayıdaraq Rafaelə qədərki dövrün rəssamlıq üslubunda yaradıcılığa başlayıb. 1900-cu ildə Fransa paytaxtında keçirilən dünyaşöhrətli Paris Rəssamlıq Sərgisində Böyük Britaniyanı Lord Leyton təmsil edib. O, 1878-ci ildən Kral İncəsənət Akademiyasının prezidenti vəzifəsində çalışıb və 1896-cı ildə Kraliça Viktoriya tərəfindən Lord tituluna layiq görülüb. Ümumiyyətlə, Lord Leyton Britaniyada Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan rəssam kimi tanınır. Onun yaşadığı və rəssam kimi işlədiyi evi və emalatxanası olan bu yer bu gün Böyük Britaniyanın XIX əsrdən qalan incilərindən biri sayılır. Şəxsi həyatı haqqında çox az məlumat olan dahi rəssam İngiltərənin Milli Qalereyasında, müasir Teyt Muzeyində və Kral İncəsənət Akademiyasında təmsil olunan ən məşhur rəssam və heykəltaraşlar arasındadır. Lord Leyton Britaniyada lord titulu ilə təltif edilmiş yeganə rəssamdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!