USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aida İmanquliyeva - böyük alim, parlaq şəxsiyyət

Professor Aida xanım İmanquliyevanın adı elm və təhsil tariximizə qızıl hərflərlə yazılıb. O həm böyük şərqşünas alim, istedadlı pedaqoq, tərcüməçi, ictimai xadim, həm də parlaq bir şəxsiyyət idi. Tale insana məxsus olan ən gözəl keyfiyyətləri Aida xanıma bəxş etmişdi. Dərin zəka, təfəkkür, fitri istedad, yüksək intellekt, çalışqanlıq, vətənpərvərlik, xeyirxahlıq, qayğıkeşlik, nəciblik, incə ruh - bütün bunlar ona xas keyfiyyətlər idi. A.İmanquliyevanın zahiri və mənəvi gözəlliyi vəhdət təşkil edirdi. Bənzərsiz, təkrarsız bir insan idi, Aida xanım.

Ziyalı bir ailədə doğulmuşdu Aida İmanquliyeva. Atası görkəmli jurnalist, pedaqoq, Əməkdar Elm Xadimi Nəsir İmanquliyev uzun illər mühüm vəzifələrdə çalışıb, Azərbaycan mətbuatının əsaslarını yaradanlardan biri olub, “Bakı” və “Baku” qəzetlərinin redaktoru vəzifəsində işləyib. Anası Gövhər İmanquliyeva (Sultanzadə) əsilzadə ailəsinə mənsub idi.

Gözəl ailə və təhsil mühiti Aida İmanquliyevanın həyatında xüsusi rol oynayıb. Ailəyə məxsus olan yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, ruhuna keçmişdi. 1957–ci ildə orta məktəbi qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə bitirən A.İmanquliyeva elmi yaradıcılığa xüsusi maraq göstərirdi. O, universitetin aspirantı olur, təhsilini keçmiş SSRİ Elmlər Akademiyasında davam etdirir, namizədlik və doktorluq dissertasiyaları müdafiə edir. Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım həm də bacarıqlı elm təşkilatçısı idi. Onun Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi illərdə bu elm sahəsində mühüm nailiyyətlər əldə olunub.

“Mixail Nüaymə və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyalarının, müxtəlif mövzularda elmi məqalələrin müəllifi olan A.İmanquliyeva şərqşünaslıq elmində yeni mərhələnin əsaslarını yaradıb. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun xidmətlərinin bəhrəsidir. Ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə alim Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə mühüm yeniliklər gətirib, yeni elmi istiqamət yaradıb. Şərq-Qərb mədəni əlaqələrin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük əhəmiyyət daşıyır.

Dünyanın məşhur şərqşünasları arasında özünəməxsus yeri olan alimin elmi irsi bu gün də aktuallığı, bəşəri dəyərləri ilə diqqəti cəlb edir. A.İmanquliyeva böyük alim və nüfuzlu elmi təşkilatların üzvü kimi Azərbaycan elmini müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə uğurla təmsil edib.

Aida xanım həm də gözəl pedaqoq idi. Çalışdığı Bakı Dövlət Universitetində (BDU) tələbələri onun mühazirələrini həmişə dərin maraqla dinləyirdilər. Zəngin bilik və təcrübəsi, olduqca rəvan, səlis və aydın nitqi, qayğıkeş münasibəti ilə seçilən Aida xanım universitetin nüfuzlu müəllimlərindən birinə çevrilmişdi.

Aida İmanquliyevanın tələbəsi, ərəb dili müəllimi Gülnarə Məmmədova alim haqqında xatirələrini bölüşərək deyib: “1981-1987-ci illərdə mən Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində oxuyurdum. Tələbəlik illərini tez-tez xatırlayıram. O illəri xatırladıqca sevimli müəllimimiz, professor Aida İmanquliyeva gözlərim önündə canlanır. Ərəb ədəbiyyatını tədris edən Aida İmanquliyeva barədə təəssüratlarım olduqca zəngindir. Aida xanım dərslərdə bir müəllim kimi həm özünə, həm də tələbələrə qarşı çox tələbkar idi. Çalışırdı ki, tələbələr bu ədəbiyyatı mükəmməl mənimsəsinlər. Dərsləri olduqca maraqlı keçərdi, hər bir mövzunu əhatəli izah edərdi. Eyni zamanda, Aida xanım tələbələrin biliyini obyektiv qiymətləndirirdi. Onun xatirəsi unudulmazdır, gözəl siması gözlərimin önündə həmişə nurlu və canlıdır. O, tədris etdiyi ərəb ədəbiyyatını tələbələrə sevdirirdi. Aida xanımın dərslərini hamı böyük səbirsizliklə gözləyirdi. O, təkcə öz biliyi ilə deyil, həm də öz gözəlliyi, mehriban münasibətilə qəlbimizi fəth etmişdi. Mən bu gün də ərəb dili və ədəbiyyatını şagirdlərə tədris edəndə Aida xanımın tövsiyələrini xatırlayır, onun etimadını doğrultmağa çalışıram”.

Bu gün Azərbaycan xalqı qürur hissi keçirir ki, onun Aida İmanquliyeva kimi böyük alimi var. Aida xanımın nurlu xatirəsi könüllərdə əbədi yaşayacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!