USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaan Martirosyan: "Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan Sarkisyan-Koçaryan quldur rejimidir"

ASAN Radio xəbər verir ki, noyabrın 8-də Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

Sülhə nail olmaq məqsədi daşıyan tədbirdə Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, beynəlxalq təşkilatların, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Konfransdan əvvəl erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Xocalı abidəsini ziyarət ediblər.

Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, səbəb və nəticələrindən bəhs edib. Diqqətə çatdırıb ki, münaqişənin tənzimlənməsi hər iki ölkənin ictimaiyyətinin marağındadır və hər iki xalq münaqişənin başa çatmasını səbirsizliklə gözləyir.

R.Zeyni qeyd edib ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli, regionda sülhün və sabitliyin təmin olunması istiqamətində danışıqlara hazır olduğunu bəyan edib. O vurğulayıb ki, münaqişənin tənzimlənməsi üçün siyasi dairələrlə yanaşı, ictimaiyyət, ziyalılar, media nümayəndələri, QHT-lər, diaspor təşkilatlarının rəhbərləri də öz töhfələrini verməlidirlər. İnsanlar müzakirə apararaq çox münaqişələrin həllinə nail olurlar. Azərbaycan 25 ilə yaxındır Ermənistanın işğalçılıq siyasətindən zərər çəkir.

Panel iclaslarla davam edən tədbirdə erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan konfransda həm yazıçı, həm də vətəndaş kimi iştirak etdiyini bildirib. O bildirib ki, bu cür tədbirlər vasitəsilə siyasətçilər, QHT rəhbərləri, fəallar, əsasən də sülh niyyətində olan insanlar bir qərara gələ bilərlər. V.Avetyan deyib: “Kim deyir ki, biz bir yerdə ola bilmərik. Bunu deyənin ağlı yoxdur. Biz bir yerdəyik. Baxın, mən buradayam. Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır”. V.Avetyan Xocalı soyqırımına görə erməni xalqı adından Azərbaycan xalqından üzr istədiyini bildirib.

Tədbirdə çıxış edən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan diqqətə çatdırıb ki, işğalçılıq siyasəti Ermənistana fəlakətdən başqa heç nə qazandırmayıb. Azərbaycanlılara qarşı soyqırımı törədən şəxslər Ermənistanda hakimiyyətdədirlər və indi də öz vətəndaşlarına qarşı soyqırımı həyata keçirirlər. Əgər Dağlıq Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Azərbaycanın tərkibində qalmağı seçəcək. Çünki onları girov saxlayan rejimdən heç bir xeyir görməyiblər. Orada yaşayan insanların sosial problemləri çoxdur, onların suya, ərzağa ehtiyacları var. İstəsək də, istəməsək də artıq barışıq vaxtıdır. Sadə ermənilər nostalji ilə yaşayırlar, hər şeyin keçmişdəki kimi olmasını istəyirlər. Dağlıq Qarabağ münaqişəsi mütləq həllini tapacaq. Buna mane olmağa çalışan Ermənistandakı Sarkisyan-Koçaryan quldur rejimidir. Dünyada heç vaxt quldurluq beynəlxalq hüquqa qalib gəlməyib. Bu dəstə zor gücünə əsaslanır və onlar zor qüvvələri ilə də hakimiyyətdən uzaqlaşdırılacaqlar. Bundan sonra isə azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar. Bu, mənim bir ekspert kimi proqnozumdur. Buna xalq diplomatiyası sayəsində nail olunacaq.

“Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı paneldə Vaan Martirosyan Azərbaycandakı multikultural mühitə də diqqəti çəkib. Bildirilib ki, Azərbaycanda çoxlu sayda erməni sülh və əmin-amanlıq şəraitində yaşayır. Burada ermənilərə məxsus abidələr qorunur, Ermənistanda isə azərbaycanlılara aid məscidlərin, abidələrin hamısı dağıdılıb.

Qarşılıqlı fikir mübadiləsi ilə davam edən konfransın sonunda iştirakçılar adından müraciət qəbul olunub. Müraciətdə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Azərbaycanda 30 min erməni rahat yaşayır. Bu da onu göstərir ki, ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq, addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!