USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Ramiz Zöhrabovun vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri xalq artisti Ramiz Fərzulla oğlu Zöhrabovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

ASAN Radionun məlumatına görə, nekroloqda deyilir:

Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov 2017-ci il aprelin 24-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur.

1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir.

Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir. Alimin tədqiqatları, eləcə də Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edir. Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici ölkələrdə nəşr olunaraq müxtəlif alimlər tərəfindən mötəbər mənbə kimi qəbul edilmişdir.

Ramiz Zöhrabov ölkəmizdə və onun hüdudlarından kənarda beynəlxalq simpoziumlarda, konfranslarda muğam sənətinə dair dərin məzmunlu çıxışları ilə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil etmişdir. Milli mədəni nailiyyətləri müxtəlif səviyyələrdə daim tanıtmağa çalışan alim uzun illər ərzində apardığı silsilə radio və televiziya verilişləri ilə musiqisevərlərin rəğbətini qazanmışdır.

Yarım əsrə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş Ramiz Zöhrabov respublikada musiqişünas alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Alimin rəhbərliyi ilə sənətşünaslıq sahəsində bir çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır.

Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində mühüm xidmətləri vardır.

Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1990-cı ildə “Əməkdar incəsənət xadimi” və 2008-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış musiqişünas-alim, mahir pedaqoq və səmimi insan Ramiz Fərzulla oğlu Zöhrabovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Mehriban Əliyeva

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Mikayıl Cabbarov

Arif Məlikov

Fərhad Bədəlbəyli

Firəngiz Əlizadə

Siyavuş Kərimi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!