USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak edib

Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib.

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun adından Sammit iştirakçılarının şərəfinə nahar verilib.

Daha sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Ərəb-İslam-Amerika Sammiti “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitdə iştirak edən dövlət və hökumət başçılarını salamlayaraq İslam ölkələri arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq bu Zirvə görüşünün əhəmiyyətinə toxunub. Sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edən Səudiyyə Ərəbistanının Kralı bu görüşü Amerika-İslam dünyası əlaqələrində də mühüm mərhələ kimi xarakterizə edib. “İslam sülh və tolerantlıq dinidir”, - deyən Səudiyyə Ərəbistanının Kralı İslamın hər zaman terrorizm və ekstremizm hallarına qarşı çıxdığını və ölkəsinin bu cür təhlükəli amillərlə mübarizədə həmişə əməkdaşlığa hazır olduğunu bildirib.

Sammitdə iştirak edən ABŞ Prezidenti Donald Tramp ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğulayıb. O, bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Terrorizm yolunu seçənlərin həyatının boş və qısa olacağını deyən ABŞ Prezidenti bildirib ki, hər dəfə bir terrorçu günahsız insanı qətlə yetirərkən Allahın adını çəkəndə inanclı insanları təhqir etmiş olur. Donald Tramp ABŞ-ın müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizmin və terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox iş görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırıb. Donald Tramp vurğulayıb ki, günahsız müsəlmanların qətlə yetirilməsinin, qadınların sıxışdırılmasının, yəhudilərin təqibinin və xristianların öldürülməsinin qarşısını almaq üçün səylər birləşdirilməlidir. ABŞ Prezidenti deyib ki, terrorizmə qarşı heç bir tədbir görülməsə qətllər, əzab və ümidsizlik daha da artacaq. Milyardlarla insanın dünya liderlərindən tədbir görmələrini gözlədiyini deyən Donald Tramp bildirib ki, terrorizmin kökünü yalnız birgə səylərlə və qətiyyətli addımlarla kəsmək mümkündür.

Sammitdə çıxış edən İslam ölkələrinin liderləri artıq qlobal xarakter alan terror hücumlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq, bu sahədə bütün ölkələrin əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bildiriblər. İslam aləmindəki münaqişə ocaqlarının dünyada təhlükəsizliyi təhdid etdiyini deyən dövlət başçıları sülhün bərqərar olması istiqamətində tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkiblər. Onlar dinlərarası münaqişəyə son qoyulmasının da önəmini vurğulayıblar. Bu sahədə bütün müttəfiqlərlə səmərəli əməkdaşlığın tərəfdarı olduqlarını bildirərək cəmiyyətlərdə maariflənmə işlərinin aparılmasının əhəmiyyətinə toxunublar. Vəziyyətdən çıxış yolu kimi ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Sammit “Birlikdə güclüyük” devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.

Bununla da mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfəri başa çatıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!