USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Millət vəkili Jalə Əliyeva: “Namizədliyimi irəli sürəcəyimi biləndə anam ciddi stress yaşadı”

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva ASAN radionun qonağı oldu, suallarımızı cavablandırdı. 

 

- Salam, Jalə xanım. Xoş gəlmisiniz!

 

-Salam. Xoş gördük! 

 

-Birinci dəfədir ASAN Radiodasınız? 

 

-Bəli, birinci dəfədir. 

 

-ASAN Radio barəsində təəssüratlarınız necədir? 

 

-Düşünürəm ki, ASAN Radio Azərbaycanı bütün dünyada tanıdan brend olan “ASAN xidmət”in bir parçasıdır və bu xidmətə layiq informasiya mənbəyidir. Bütün əməkdaşlarınıza təşəkkür edirəm və uğurlu fəaliyyətinizə görə təbrik edirəm. 

 

-Biz də təşəkkür edirik! Jalə xanımı millət vəkili kimi tanısaq da, biz istərdik oxucular sizi ailədə və rəfiqələri arasındakı Jalə xanım kimi də tanısın. Ailənizdən danışmağınızı istərdik. Məsələn, ananız Nurəngiz xanım tanınmış diktor və atanız rejissor olub...

 

-Qeyd etdiyiniz kimi, sənətkar ailəsində doğulmuşam. İncəsənətə, ədəbiyyata, ümumiyyətlə, humanitar elmlərə çox bağlı ailədə doğulmuşam. Anam televiziya diktoru idi. Onun gecəsi-gündüzü olmayıb. Məsələn, mən gecə anamı yanımda görmək istəyəndə, anam efirdən “Gecəniz xeyir” deyərək Azərbaycan vətəndaşlarını salamlayırdı. Həsrətlə gözləyirdim ki, teleşirkətin maşını onu evə gətirsin. Evdəkilər məni sakitləşdirmək üçün oyunlar qururdular, əllərindən gələni edirdilər. Mən anama həddindən artıq bağlı uşaq idim. Sevinirəm ki, belə gözəl ailəm olub. Məni  ovuclarının içində saxlayırdılar. 

 

-Valideynləriniz sizi hansı peşədə görürdü? 

 

-Əlbəttə ki, valideynlər övladlarını ən yaxşı sahələrdə görmək istəyirlər. Doğrusu, valideynlərim mənə qarşı qəti tələblərdə olmayıblar. Bu seçimi mənə həvalə ediblər. Mən onların istəklərinin arxasınca yox, onlar mənim yaxşı istəklərimin və imkanlarımın arxasınca getmişdilər. Uşaqlığımdan ən böyük arzum elə hüquqşünas olmaq idi. Qəbul imtahanına daxil olmağıma az müddət qalmış qaydalarda dəyişiklik edildi və hüquq fakültəsinə daxil olmaq üçün mütləq iki il fəhlə işləmək, fəhlə ailəsindən gəlmək lazım idi. Bunlar mənim ailəm tərəfindən qəbul edilmədi. 

 

-Çox tələbənin həyatında görünməyən bir hadisə sizin həyatınızda baş verdi. Avqust ayında məzun olub, sentyabr ayında müəllim kimi fəaliyyətə başladınız. Necə düşünürsünüz, bir ay əvvəlki tələbə müəllim ola bilərmi? Jalə xanım necə müəllimə oldu? 

 

-Ola bilər. Əgər böyük istək varsa, olar. Mən bir müəllim kimi auditoriyaya girməyə hazır idim. Bunu istəyib, can atırdım. Uşaqlığımda da hüquqşünas olmaq istəməyimə baxmayaraq, rayondan bizə gələn uşaqlara dərs keçməyi xoşlayırdım. Hətta qohumları da mənimlə oynamağa məcbur edib, onlarla sinif rəhbəri kimi davranırdım (gülür-red.) Jurnal da düzəldirdim və nənəm də direktor olurdu. Ailənin tək övladı və ərköyün olduğuma görə, onlar da mənimlə razılaşırdılar. Bibilərim, dayılarım müəllim idilər. Sonrakı illərdə anam indiki Mədəniyyət və İncəsənət Universitetinin, atam isə Mədəni Maarif Texnikumunun müəllimləri oldular. Bəlkə də onlarda bu xüsusiyyəti görürdüm deyə, universiteti bitirəndən sonra orada müəllim kimi qalmağım mənim üçün böyük bir iftixar hissi idi. 

 

-Jalə xanım, çox qəribədir ki, bütün işlərinizdə sizə dəstək olan ananız  Nurəngiz xanım 2000-ci ildə biləndə ki, siz namizədliyinizi irəli sürəcəksiniz, buna əsəbiləşib. 

 

-Nəinki əsəbiləşdi, hətta həyəcandan yatağa düşdü. Əsəbindən beli tutuldu. Çünki onun ailəsi repressiya qurbanı olub. Bu hadisələr hər iki valideynimin həyatında ağır hisslərlə yaşanıb. Anam danışırdı ki, onun anası evdə siyasətdən danışmağı qadağan edirmiş. Hətta anam deyirdi ki, məktəbdə onları müvafiq rejimə öyrətdiklərinə görə, Stalin öləndə ağlaya-ağlaya evə gəlib, bunu nənəmə deyib, nənəm onu çimdikləyərək Stalin rejiminin ailəsinə yaşatdıqlarından danışıb. Yəqin ki, o qorxu anamın qanına hopmuşdu. Tək övlad olduğum üçün mən onun gözündə köməyə ehtiyacı olan, çarəsiz kimi görünürdüm. Mənə elə gəlir ki, o, son illərinə qədər də məni həmişə hər şeydən qorumağa hazır idi. Ona görə də anam namizədlik məsələsini biləndə anam buna etiraz etdi. Amma dedim ki, mən bunu edəcəm. Mən üç ay gedib rayonda qaldım və qayıdanda bildim ki, anam stressdən bu hala düşüb. Uzun müddət onu müalicə etdirdim. 

 

-Jalə xanım, eşitmişik ki, toyunuzda “Koroğlu” üvertürası səslənəndə ayağa qalxmısınız...

-Siz bunu hardan eşitmisiniz? (gülür-red) Bəli, olub. Azərbaycan taleyinin ən çətin məqamları mənim gəncliyimlə paralel yaşanıb. Mənim toy məclisim 89-cu ilin dekabr ayında, meydanların tüğyan etdiyi zamanda qurulmuşdu. Elə “Hökumət evi”nin yanında, o vaxtkı “Yeni İnturist” otelinin restoranında baş tutmuşdu. Toyumuzun tamadalığını Mikayıl Mirzə öhdəsinə götürmüşdü. Allah ona qəni-qəni rəhmət eləsin. Mükəmməl bir aktyor olub, mükəmməl aparıcılıq, mükəmməl diksiyaya sahib olub. Toyda birdən “Koroğlu” üvertürası çalındı, toydakı bütün kişilər ayağa qalxdı. Görəndə ki, bəy də qalxdı və əllərini qaldırdı, həyəcanlı olduğumdan iradəmdən kənar mən də ayağa qalxdım və əllərimi qaldırdım. Toyda hər kəs buna reaksiya verdi. 

 

-Jalə xanım, ev işi görməyə vaxt tapırsınız? 

 

-Vaxt tapıram. Hər gün olmasa da, yemək bişirirəm. Bu mənim hobbimdir, mətbəxi sevirəm. 

 

-Yeməklərinizi bəyənirlər? 

 

-Deyəsən, bəyənirlər. Məsələn, sırağagün bir yemək bişirmişdim. Soruşdular ki, yeməyi kim bişirib? Biləndə ki, mən bişirmişəm, mat qaldılar (gülür-red). 

 

-Yeməyi sizin bişirdiyinizi biləndən sonra təriflədilər, yoxsa əvvəlcədən tərifləmişdilər? 

 

-Yox, əvvəlcədən. Süfrədə müxtəlif nemətlər var idi, yeyəndən sonra qonaqlar dedilər ki, xüsusilə bu yemək yaxşı idi, kim bişiribsə, sağ olsun. Təvazökarlıqdan uzaq da olsa, bildirdim ki, onu mən bişirmişəm. 

 

-Jalə xanım, çox təşəkkür edirik. Xoş söhbət, səmimi münasibət üçün çox sağ olun.

 

-Mən təşəkkür edirəm! 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!