USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: “Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara təzyiqin olmamasıdır”

Qarşımızda duran əsas çağırışlardan biri, - mən söhbətimizə bu mövzu ilə başlamaq istərdim, - əlbəttə ki, artıq 25 ildən çoxdur davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzüdür.

ASAN Radionun xəbərinə görə, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, işğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur: “ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik”.

Prezident İlham Əliyev status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: “Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir. Ermənistan buna sadəcə olaraq göz yumur və status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni edir. Onlara qarşı beynəlxalq səviyyədə təzyiq artanda, onlar 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar. Onların taktikası status-kvonu bacardıqları qədər dəyişməz saxlamaqdır. Hazırda onlar regionun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qondarma “Dağlıq Qarabağ respublikası”nın bir hissəsi kimi təqdim olunduğu yeni xəritələrini tərtib edirlər. Bu, onların münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Bizim mövqeyimiz çox aydın və sadədir, dəfələrlə ifadə olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək”.

Dövlət başçısı qeyd edib ki, münaqişənin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə daimi təhlükədir: “Düşünürəm ki, qarşıdakı ayda Minsk qrupunun əsas fəaliyyət sahəsi, - yəqin ki, onların regiona səfər etməyi planlaşdırdığını bilirsiniz, - beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərmək olmalıdır. Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik”.

"Burada Fransa səfiri Dağlıq Qarabağ məsələsinə toxundu. Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik. Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir”, deyə Prezident İlham Əliyev bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!