USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Məclisdə 2018-ci il üzrə dövlət büdcəsi müzakirə edilib - Fotolar

Noyabrın 21-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

ASAN Radio xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və hökumət üzvləri də iştirak ediblər.

Gündəliyə əsasən iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2018-ci il üçün dövlət büdcəsi layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunub. Təqdim edilmiş büdcə zərfinin sənədləri göstərir ki, növbəti il üçün də real iqtisadi artım proqnozlaşdırılır. Diqqətə çatdırıb ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaq. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaq.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş iqtisadi inkişaf strategiyası son illər qlobal maliyyə böhranı ilə əlaqədar ölkəmizdə makroiqtisadi sabitlik üçün yaranan təhlükələrin qarşısını almağa imkan verib. 2017-ci il ölkəmizin həyatında tarixi hadisələrlə yadda qalacaq. Bu hadisələrdən biri iki ay əvvəl “Azəri-Çıraq-Günəşli” neft və qaz yataqları blokunun işlənilməsinə dair Sazişin müddətinin 2050-ci ilədək uzadılması, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Həmin layihələr Azərbaycanın gələcək siyasi və iqtisadi əlaqələri üçün möhkəm zəmin yaradıb. Milli Məclisdə müzakirəsinə başlanılan büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirir. Son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olub. Əgər qeyri-neft sektorunun mühüm hissəsi olan kənd təsərrüfatı istehsalının 2021-ci ilədək bütün vergilərdən azad edildiyi nəzərə alınarsa, bu göstəricinin arxasında nə qədər böyük bir potensialın dayandığını təsəvvür etmək olar. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, eləcə də biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi, maliyyə bazarlarının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına gətirib çıxarıb.

Sonra parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 45 dollardan götürülüb. Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik.

Bildirilib ki, 2018-ci il üçün neftin bir barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək. “Biz təhlillər apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə cəmi 1,8-2 milyard manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə baş verib. Bu illərdə dövlət büdcəsinin gəlirləri 4 milyard manat artıb. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artmışdı. İkinci hal 2011-ci ilə təsadüf edir. Bu zaman dövlət büdcəsinin gəlirləri 4,3 milyard manat artmışdı. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını təmin edirik. Belə bir yanaşma Azərbaycan hökumətinin son illərdə apardığı iqtisadi siyasət nəticəsində iqtisadi potensialın möhkəmlənməsi, yaradılan yeni müəssisələr, yeni iş yerlərinin nəticəsində mümkün olub. Son 10 ildə Dövlət Neft Fondundan büdcəyə 76 milyard dollar köçürülüb”, - deyə komitə sədri vurğulayıb.

Ziyad Səmədzadə onu da əlavə edib ki, Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır. Bu gün Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir. Hesab edirəm ki, biz borclanmaya getməliyik. Çünki borc almayan və verməyən ölkəyə kredit verilmir. Ona görə Azərbaycan da xarici borclanmaya getməlidir. Biz xarici borclanmaya getməklə müasir texnoloji avadanlıqlar almalıyıq. Bu olmadan iqtisadiyyatı inkişaf etdirə bilmərik. Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan xarici borclanma ilə bağlı xüsusi strategiya daha məsuliyyətli yanaşmanı təmin edəcək. Bu borclanma iqtisadiyyatımızın daha da inkişafına təkan verəcək. Lakin hər istəyən borc ala bilməyəcək. Çünki bütün borclar ekspertizadan keçəcək. Lazımsız borclanmaya gedənlər isə məsuliyyətə cəlb olunacaq. Artıq bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də edilib.

Sonra çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, gələn ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərin makroiqtisadi proqnozları və qlobal iqtisadi prosesləri nəzərə alınıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri ötən müddətdə hədəflənən nəticələrə nail olunduğunu göstərir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında geriləmənin sürəti 3,9 faiz bənddən 0,6 faiz bəndə qədər azalıb. Məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə 2,5 faizlik real artıma nail olunub. Bundan başqa, ticarət və tədiyyə balansı üzrə müsbət saldoya doğru meyillər güclənib. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib. O cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması, valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ölkəyə valyuta axınının artması, digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcənin kəsiri 12 faiz bənd azalıb. O, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını qeyd edib.

Samir Şərifov diqqətə çatdırıb ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır. Bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2,621 milyard manat və ya 15 faiz çoxdur. 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür. Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4 faizi həcmində olmaqla 7,907 milyard manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 milyon manat və ya 3,4 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 milyon manat və ya 12,7 faiz çoxdur. Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barrel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barrel çoxdur. 2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 milyard manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 milyard manat və ya 17,8 faiz artıqdır. 2018-ci il üçün büdcə kəsiri 778,7 milyon manat həcmində nəzərdə tutulub. Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 milyon manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 milyon manat və yaxud 1,1 faiz çoxdur. Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 milyon manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3 895,4 milyon manat və yaxud 12,7 faiz azdır.

Plenar iclasda iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, gələn il aqrar sektorda 6,2 faiz artım gözlənilir. Aqroparklardakı işlər üçün 133 milyon manat dövlət investisiyası olmaqla 219 milyon manat vəsait ayrılıb. Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq və özünüməşğulluq proqramı genişləndiriləcək. Qeyd edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7 faiz, turizm sahəsində 6,6 faiz, nəqliyyat sektorunda isə 2,5 faiz artım proqnozlaşdırılır. Qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-nin 1,5 faiz, növbəti illərdə isə orta hesabla 3,5 faiz artacağı proqnozlaşdırılır. Növbəti ildə də tədiyə balansının cari hesabının müsbət olacağı (1,4 milyard ABŞ dolları) proqnozlaşdırılır. 2018-ci il hasilatın enməsi nəticəsində neft sektorunun 1 faiz azalacağı, neft-qaz hasilatının, xüsusilə Şahdəniz yatağında qaz hasilatının artması nəticəsində növbəti illərdə orta hesabla 5 faizə yaxın artım gözlənilir. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni tarixi Sazişin imzalanması, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. İnformasiya və rabitə sektorunda 2018-ci ildə 5,1 faiz, növbəti illərdə isə orta hesabla 6 faizə yaxın artım gözlənilir. Növbəti illərdə İKT xidmətlərinin keyfiyyətinin, onlara çıxış imkanlarının və ölkənin tranzit informasiya dəhlizi potensialının artırılması üzrə tədbirlər həyata keçiriləcək. Yüksək Texnologiyalar Parkı Konsepsiyası çərçivəsində İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub. Böyük potensiala malik olan nəqliyyat sektorunda Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycan hissəsində beynəlxalq yük axınlarının artırılması üçün daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üzrə sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi tədbirləri davam etdiriləcək. Bu tədbirlərin nəticəsində ilin 9 ayında ölkə ərazisindən 7,7 milyon ton yük daşınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 19 faiz, qeyri-neft məhsullarında isə 21 faiz artım əldə olunub. Ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Ümumilikdə, 196 sahibkara 216 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən layihələrə təqribən 1,8 milyard manat investisiya yatırılır, bunun nəticəsində 13 mindən çox yeni iş yerləri açılacaq. İnvestisiya təşviqi sənədi almış 100-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaq. 2018-ci ildə əhalinin gəlirləri 55,4 milyard manat, orta aylıq əmək haqqı 549,7 manat, ölkə üzrə inflyasiya proqnozları nəzərə alınaraq yaşayış minimumu 173 manat proqnozlaşdırılır.

Daha sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank 2018-ci il də konservativ monetar siyasət yürüdəcək. Manatın məzənnəsinin sabitliyi gələn il də diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq. Qeyd edilib ki, cari ildə tədiyə balansında profisit bərpa olunub - 1,1 milyard dollarlıq profisit əldə olunub. İdxalın azalması, qeyri-neft ixracının 35 faiz artması da tədiyə balansına təsir edən amillərdəndir. Cari ildə strateji ehtiyatlar 12 faiz, Mərkəzi Bankın ehtiyatları 31 faiz artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Hazırda bank aktivlərinin 20 faizdən çoxunu likvid aktivlər təşkil edir. Kredit portfelində aktivlik müşahidə olunmur.

Elman Rüstəmov sədri deyib ki, Mərkəzi Bankın sterilizasiya alətlərinə ehtiyac çoxdur. Mərkəzi Bank kriptovalyuta problemlərini, “blockchain” texnologiyalarından istifadə problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Kriptovalyuta ilə bağlı bankın mövqeyi konservativdir. Kriptovalyuta valyuta paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir. “Blockchain” - qabaqcıl texnologiyadır. Yaxın beşillikdə maliyyə sektoru, real sektor, idarəetmə sistemi də daxil olmaqla, bütün sistemdə dəyişikliklərə gətirib çıxaracaq. Bank “Blockchain” texnologiyalarının maliyyə-bank sektorunda tətbiqinə yardım edəcək. Bu sahədə artıq aparıcı məsləhətçi şirkətlərlə danışıqlara başlamışıq. Əvvəlcə “Blockchain”in hüquqi infrastrukturunu yaratmalıyıq, sonra isə onun texnoloji tətbiqinə keçməliyik. Diqqətə çatdırıb ki, sərt xarici şok olmazsa, daxili valyuta bazarında sabitlik qorunacaq. Proqnozlaşdırılan neft qiymətləri çərçivəsində tədiyə balansının cari hesabı tarazlıdır, valyuta bazarında tələb-təklif arasında tarazlığı, manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır. Növbəti ildə pul bazarının inkişaf proqramları üzrə tədbirlər aidiyyəti orqanlarla bilrikdə həyata keçiriləcək. Bank sektorunda restrukturizasiya davam etməlidir, kapitalizasiya tədbirləri davam etdirməlidir. Problemli aktivlər həllini tapmalıdır.

Elman Rüstəmov vurğulayıb ki, 2017-ci ilin ötən dövrü ərzində manatla pul bazası 11 faizdən çox artıb, qeyri-neft sektorunda isə iqtisadi artım son 10 ayda 2,1 faiz təşkil edib. 2017-ci ildə monetar şərait əsasən fiskal və bank sektorun likvidliyə olan ehtiyacların təsiri altında formalaşıb. Mərkəzi Bankın sədri, həmçinin ekspertlərin ölkədə pul kütləsinin azaldılması ilə bağlı fikirlərinə də münasibət bildirib. O deyib: “Belə bir vəziyyətdə bəzən ekspert icmasında iqtisadiyyatda pulun çatışmaması və bunun makroiqtisadi inkişafa mənfi təsir göstərməsi barədə fikirlər səsləndirilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün iqtisadiyyata kifayət qədər pul verir. Digər tərəfdən hazırda bank aktivlərinin təxminən 20 faizdən çoxunu likvid aktiv təşkil edir. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Mərkəzi Bank bütövlükdə likvidliyin verilməsi, bütün pəncərə, yəni sterilizasiya alətlərini daim aktiv saxlayır. Cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət edilməyib. Lakin Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir. İlin ötən dövründə həm Mərkəzi Bankın, həm də Maliyyə Nazirliyinin maliyyə alətlərinə müraciətlərində tələb təklifi təxminən üç dəfə üstələyib”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə büdcə ilə bağlı tövsiyələrini təqdim edib. Bildirib ki, növbəti ildə cari xərclərin 137,4 milyon manat, əsaslı xərclərin 2,5 milyard manat və dövlət borcuna xidmətlə bağlı xərclərin isə 621,0 milyon manat məbləğində artımı proqnozlaşdırılıb. 2018-ci ildə Dövlət Neft Fondundan transfertin təqribən 86,0 faizinin ölkə başçısının tapşırığına müvafiq olaraq əsaslı xərclərə yönəldiləcəyini vurğulamaq lazımdır. Dövlət büdcəsinin 9,4 milyard manat vergi gəlirlərinin, həmçinin Fonddan transfertlər və vergi gəlirləri nəzərə alınmadan 1,5 milyard manat məbləğində qeyri-vergi gəlirlərinin nəzərdə tutulması 2018-ci ilə proqnozlaşdırılmış 10,8 milyard manat məbləğində cari xərclərin tamamilə maliyələşdirilməsində şərait yaradacaq. Azərbaycan Respublikasının 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlılığının mövcud olduğunu göstərir. Eyni zamanda, diqqətə çatdırmaq istərdim ki, növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı həddləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) qanun layihəsində azalma ilə proqnozlaşdırılıb.

Deputatlar “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!