Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Bu barədə APA-ya Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Başqa yerdə gecələməyə imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilir. Əksər sakinlərə 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib. Onlar qida və su ilə təmin olunub.
Hazırda ərazi polis nəzarətindədir. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçirib. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüb.
Qeyd edək ki, əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır.
Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!