USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qara Qarayevin 100 illiyi qeyd edilib

Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.

ASAN Radionun məlumatına görə, dövlət və hökumət rəsmlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgiyə baxıblar.

Mərasimdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev dahi bəstəkarın 100 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməsini tarixi hadisə adlandırıb: “Qara Qarayev sənəti daim bizimlə bir yerdə olub, həyatın mənası barədə, xislətin qadir olduğu mərhəmət və qəddarlıq, sədaqət və xəyanət barədə düşündürüb, eyni zamanda, bu sənətin bəşəri mahiyyəti, milli və coğrafi sərhədlər tanımaması, irqindən, dinindən asılı olmayaraq, insanların qəlbinə və düşüncəsinə yol tapması bizi həmişə olduğu kimi fərəhləndirib, qürurlandırıb. Mən həyatımda Qara Qarayev qədər mütaliəsi olan, onun qədər kitabı, yəni mütaliəni sevən çox az adama rast gəlmişəm. O, klassik dünya ədəbiyyatına da, müasir, yəni XX əsr ədəbiyyatına da dərindən bələd idi, söhbətlərində tez-tez Folknerə, Bulqakova, Mandelştama, Nazim Hikmətə, Remarka və bir çox başqalarına istinad edirdi. Heminqueyi xüsusi qeyd edirdi, Sabiri və Mirzə Cəlili yüksək qiymətləndirirdi. Onun dünyagörüşü olduqca geniş və zəngin idi. Biz tez-tez bu məlum və haqlı fikirlə razılaşırıq ki, “böyük sənətkarlar ölmür, onlar həmişə yaşayır” və bu mənada Qara Qarayev xoşbəxt sənətkardır. Ancaq o, yalnız xoşbəxt sənətkar, xoşbəxt bəstəkar deyil, həm də xoşbəxt pedaqoqdur. O, yalnız öz əsərlərində yaşamır, eyni zamanda, tələbələrinin Azərbaycanda da, dünyanın bir çox səhnələrində, konsert salonlarında səslənən musiqilərində yaşayır və bu, əlbəttə, onun ruhunu şad edir”.

Qara Qarayevin hələ yeniyetmə çağlarında Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən öyrəndiyini, sonralar Dmitri Şostakoviçin sinfində təhsil aldığını bildirən xalq yazıçısı deyib ki, Qarayev sinfinin yetirmələri ondan aldıqları sənət estafetini sonrakı nəsillərə ötürüblər və ötürürlər. Həmin sənət estafeti nəsillərdən-nəsillərə keçərək, daha artıq bəşəri vüsət əldə edir.

Yubiley mərasimində əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3 hissədə) və Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası (3 hissədə) səsləndirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!