22/10/2018 18:13

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Dövlət qurumları

Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub


20.09.2018   18:00


Sentyabrın 20-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov Məhəmməd Sadiq Səncarini Pakistan Senatının sədri seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Azərbaycan-Pakistan münasibətlərindən danışan Novruz Məmmədov ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin böyük tarixi köklərə malik olduğunu vurğulayaraq dedi: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

Baş nazir Azərbaycan-Pakistan münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını dedi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Novruz Məmmədov bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə etdi.

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Novruz Məmmədovu Baş nazir təyin edilməsi və Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təbrik etdi. O, Pakistanın Baş naziri İmran Xanın salamlarını Novruz Məmmədova çatdırdı. Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayan Senatın sədri yüksək səviyyəli səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini dedi. Məhəmməd Sadiq Səncari Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində Pakistan Prezidentinin, Baş nazirinin, Senat sədrinin ölkəmizə bir neçə dəfə səfər etdiklərini xatırlatdı, həmin səfərlər zamanı keçirilən görüşlərin, aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirdi.

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu imkanları, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook